Nənəmin ən çox işlətdiyi atalar sözü idi... Gəlinlərinin, qız nəvələrinin daim yaxşı, zövqlü geyimi ilə qürurlanar, yeniliyi yenilik kimi qəbul edərdi. Nənəmiz dövrünün ziyalısı idi, daim babamıza, atalarımıza “atalar səhv etməz, mühitindən seçilən seçkin qalar” deyərdi. “Əlbəttə, hər şey əndazəsində olmalıdır, nə əfəl olun, nə özünüzdən keçər olun” deyərdi.

 

Nənəmin o qədər ibrətamiz fikirləri var idi, yaşımın ona çatmağına çox qalsa da, görürəm ki, o zamandan, özü demiş, “bir yedi, beş götürdü”. Həyatın gerçəkləri məni elə bişirdi ki, zamandan qabaq “nənəmləşdim”. Artıq mən də nəsihətlər verirəm və az qalıram yazam ki, daha nənəmdən də çox təcrübəliyəm. Nənəm təcrübəni ətrafındakı adamlardan, bərkə-boşa düşməklə qazandısa, mənim mühitim internet zamanından qidalandı. İndi adamları sosial mühitdə onlayn şəkildə tanımaq olur. Özü də çox mükəmməl şəkildə.

 

Sosial şəbəkə dostluğuna istehza ilə yanaşırlar. Məncə, səhv yanaşmadır. İzahat verə bilərəm. Adamlar var ki, qohum, qonşu, dost, nənəm demiş, “pudla çörək kəsirsən, tanımırsan”, amma sosial paylaşımları, rəyləri, izlədiklərini və s. faktlarla o adamlar haqda onlayn şəkildə düzgün fikir yüyürtmək olur.

 

Sizi bilmirəm, mən ortaq cəmiyyətimizdəki tanıdığımız adamları elə bilirəm görmədən, danışmadan tanıyıram. Bəzən özünü “malalamaq” bacarığı olanları belə izlədiyi və olduğu platformada dəyərləndirmək olar. Vallah, hə.

 

Yaxınlarda bir maraqlı layihəyə dəvət olunmuşdum. Təsadüf elə gətirdi ki, əksəriyyətin böyük sevgisini qazanmış bir xanımla eyni nəqliyyatla gedəsi olduq. Təbii, mən onu tanımazdım, mənlə qonşu oturacaqda oturan xanım dedi ki, onu tanıdınızmı? “TikTok”dakı filankəsdir. Mənim onu tanımadığımı elə təccüblə qarşıladı ki, bir az özüm də utandım, yəqin cəmiyyətdən xəbərsizəm. Az sonra xanım bütün avtobusu əla aldı. Şəkil çəkdirənlərlə uğur arzulayanlar bir-birinə qarışmışkən qonşumdan xahiş etdim ki, açın səhifəni, baxım. Qadının 3-4 paylaşımına baxmaqla təsəvvürüm yarandı və onun məşhurluğunun səbəbi mənə məlum oldu. Artıq mən tamaşaçı və dinləyici kimi bir qıraqda idim. Avtobusda isə kəndli, şəhərli, alverçi, fəhlə, usta, müəllim, əczaçı, bir neçə gənc və təqaüdçü də vardı. Bunu onun açdığı canlı yayımda sərnişinləri təqdim etmələrindən bildim. O qədər mərifətsiz, mədəniyyətsiz, layiqsiz suallar verir, mövzulardan danşırdı ki, xəcalət çəkirdim. Bir küncə sıxılmışdım ki, amandı, çəkilişə düşməyim. Nə yaxşı ki, yoldaşımla idim.

 

Yol boyu mənə yad olan mövzuları dinləyərək nəhayət mənzil başına çatdım. Çox təəssüf ki, bu “tanınmış” da eyni məkana gəlmişdi. “Əziz izləyicilərim, nəhayət Gürcüstandayam, sizi gözəl bir məkandan salamlayıram, qamarcoba, qenaçvale” – deyib çəkilişinə başladı.

 

Təbii ki, getmək səbəbim vardı və çox maraqlı bir araşdırmam xoş nəticə verdi. Biz qayıtdıq, amma “xalqın sevimli reportyoru” orada qaldı.

 

Mən 5 ildir “Gürcüstanda Azərbaycandilli Məktəblərin Birliyi”ni yaradıb istedadlı uşaqları üzə çıxarmağa çalışıram; məzunlar, tələbələr, şagirlər haqda reportajlar hazırlayıram. Etdiyim bütün işlər də təmannasızdır. Amacım el sevgisi və milli məsuliyyətdir. Nə yaxşı ki, təbliğatım az nəticə vermədi. Bilənlər bilir. Ən acı tərəfi bilirsiniz nə imiş?

 

Sadə telefonumla çəkdiyim videoları bir yerə yığıb alındırmağa çalışdım və sonda həmin hadisədən çox gözəl bir paylaşım etdim. Tarixə söykəndim, mədəniyyət təbliğ etdim, dəyərliyə qiymət verdim, ən əsası, balalarımızın istedadını nümayiş etdirdim. Hansı ki, mənim buradan heç bir umacağım da yox idi, xərcim də, zamanım da özəl idi. Oradakı adamları da, səbəbkarları da birinci dəfə idi ki, görürdüm, istedadlarından başqa isə heç bir şəxsi tanışlığım yox idi.

 

Mən eşitdiyim xəbərin sorağı üçün yoldaşımdan günlərlə xahiş edərək razılaşdırmışdım, onu isə xüsusi dəvət etmişdilər. Onu fanat kimi, məni isə barmaqla sayılacaq adamlar tanıyırdı. O danışanda danışığından çox yersiz cümlələri gündəm oldu, mənim ana dilinin gözəlliyi, təhsilin vacibliyi cümlələrim bəlkə də əksəriyyət üçün maraqsız idi. Mənim paylaşımım feysbukda, onun paylaşımı isə “TikTok”da yayımlandı.

 

Yoldaşım istehzayla gülərək hər iki video linkini müqayisəli mənə yolladı. Dedi ki, “Sən nə məqsədlə özünü öldürürsən, bu da səy-səy danışıb izləyici yığır. Görmürsən ki, cəmiyyət onu sevir. Sənin bu savadlı yazını 32 nəfər bəyənib, 6 nəfər rəy yazıb. Onun isə “kanı” keçib. Deməli, bu cəmiyyətə o lazımdır. Niyə əsəbini, sağlığını yorursan. Otur, otduğun yerdə. Beş-on faizin yanında hörmətin var, sənə qiymət qoyur, bəsdir. Doxsan faiz elə paylaşımlar istəyir”.

 

Düz sözə nə deyəsən. Deyilən də, şahidi olduqlarım da həqiqət idi, acı həqiqət. Yolumdan dönə bilməzdim. Heyif deyilmi istedadlı uşaqlara, onların maraq dairəsini genişləndirmək, təbliğ etmək lazım idi. Düşündüm üstündən 120 il keçsə də, yenə Molla Nəsrəddinliyik. Sadəcə, dəyişən əsrin sayı və müasir mühitdir, təfəkkür hələ oradadır. Təəssüf!

 

Esmira Ələkbərli