Ötən günlərdə Tbilisiyə ilk qar yağdı. Səhərin ilk saatları olduğundan hələ şaxta var idi. Qalxıb pəncərədən həyətə baxdım. Eyvana çıxıb baxa-baxa düşünürdüm ki, qar yağdı, ancaq mən evdən çıxıb şəkil çəkməyə ərincəklik edirəm, bir azdan da əriyib suya dönəcək. Bu an diqqətimi binamızın önündəki hər fəsil yamyaşıl qalan qızılgül kolu cəlb etdi. Gecədən yağan qar qızılgül kolunun üzərinə tökülmüş və şaxta olduğundan donmuşdu. Sevindiyimdən ərincəklik etməyin başını buraxıb, telefonumu götürüb aşağı düşdüm. Gördüyüm mənzərə gözəlliyindən əlavə məni həm sevindirdi, həm də məyus etdi. Balaca bir qızılgül kolu eyni anda iki hissi yaşamağıma səbəb oldu. Qarışıq hiss keçirməyimə səbəb buza əsir düşmüş qızılgülün ağ qönçəsi idi. Bu qönçəni çəkmək çox çətin idi. Çünki qızılgül kolunun üzərinə o qədər su axmışdı ki, gövdəsi tab gətirə bilməyib yerə yapışmışdı. Qönçəni çəkmək üçün budaqları tərpətmək lazım idi. Tərpətsəydim buz dənəcikləri qırılıb töküləcəkdi. Bir çarəsini tapıb şəkli çəkməyi bacarmadım. Amma o mənzərə mənə həyatla bağlı yeni bir dərs öyrətdi. Qısası, qızılgül kolunu və qönçəsini ətrafımızdakı çörək kəsib itirən dostlara bənzətdim. O dostlara ki, saf sevgi dolu qəlbinizi bu buz bağlamış qönçəyə çevirirlər.
Həyat bəzən bizi də eyni qızılgül kimi dondurur, emosiyalarımızı, sevgimizi, mərhəmətimizi qışın soyuğu altında gizlədir. Amma unutmamalıyıq ki, buz hər zaman əriyir. İnsanlar bir-birinə sevgi və anlayışla yanaşarsa bu buzlar daha tez yox olur. Bu mənzərə mənə həyatda daima empatiyanın vacibliyini xatırlatdı. Qızılgül kolunun həyatla mübarizəsi kimi, insanlar da bəzən qəlblərindəki dondurulmuş hissləri qırıb yenidən dirçəlməli olurlar...
Suriyada ölən insanlara, körpələrə, köçkünlərə bənzətdim. Dənizlərin buzlu soyuq sularında cəsədləri yoxa çıxan dənizçilərə, onların ailələrinə bənzətdim. Gözlərini dünyaya təzəcə açmış, amma ata-anası tərəfindən qutuya qoyulub zibilliyə atılan bədəni buz parçası kimi soyuq kəsmiş körpələrə bənzətdim... Ölərkən belə cəsədin buz kimi olduğunu deyirlər. Təəssüf olsun ki, hara baxdımsa vücudları buz parçasının əsarətə aldığını gördüm.
İnsanlığı buz bağlamış qönçə kimi təsəvvür etdim. Ancaq hər birimiz qəlbimizdə sevgi işığını alovlandırsaq bu buzları əritməyə qadir olarıq. İnsanlar bir-birinə mərhəmətlə yanaşdıqda dünya daha yaxşı yerə çevrilir. Dondurulmuş hisslər, acılar və itkilər bu sevgi və anlayışın gücü ilə əriyir.
Unutmayaq ki, ətrafımızda dondurulmuş duyğular və qırılmış ümidlər çoxdur. Amma hər birimiz buzları əridə biləcək bir Günəş ola bilərik. İnsanlığı itirməmək üçün saf sevgimizi və mərhəmətimizi yaşatmalıyıq. Çünki insanlıq yalnız bu keyfiyyətlərlə mövcuddur və inkişaf edir...
Həmin mənzərə beynimdən getmirdi. Buz bağlamış kiçik gölməçələr, donmuş ağac budaqları, nəfəsimdən havada yaranan buxar... Amma ən çox məni düşündürən, insanların bu buz bağlamış dünyada necə davam gətirə bilməsi idi. Bəlkə də biz hamımız görünməz buz təbəqəsinin altında yaşayırıq – hisslərimizi, xəyallarımızı donduraraq, hər gün bu soyuqluğa öyrəşərək...
Axşam qaranlıq çökəndə işdən evə qayıdırdım. Şəhərin işıqları yanmağa başlamışdı. Küçədən keçən insanlara baxdım: hər biri tələsir, kimisi işdən evə dönür, kimisi harasa çatmağa çalışırdı. Amma onların gözlərindəki ifadələrdə qəribə bir boşluq hiss olunurdu. Sanki bu insanlar da artıq ruhlarını bu soyuqdan qorumaq üçün dondurmuşdular. Düşündüm: soyuq bizim yalnız ətrafımızı deyil, içimizi də bürüyüb.
Hər şey bizim seçimimizdən asılıdır: buz kimi olmaq, yoxsa buzları əridən bir nəfəs kimi yaşamaq.
Bəlkə də buz bağlamış dünyanı dəyişdirmək üçün hər birimiz kiçik bir işıq yandırmalıyıq. Bir az sevgi, bir az mərhəmət... Bu, buzları əridən ən güclü silahımızdır. Vücudunuzu və ruhunuzu buz parçasının əsarətindən qurtarın!
Aytən FƏTULLAYEVA