Tarix boyu insan cəmiyyəti elm və dinin birlikdə inkişafı ilə irəliləmişdir. Din insanın ruhunu, elm isə düşüncəsini aydınlatmışdır. Lakin müasir dövrdə bəzən bu iki sahə bir çox insan tərəfindən bir-birinə qarşı qoyulur. Halbuki din və elm bir-birini inkar etmədən, əksinə, bir-birini tamamlayaraq insan həyatını daha mənalı və kamil edə bilər.

 

İslam dini elmin əhəmiyyətinə xüsusi diqqət yetirən bir dindir. Qurani-Kərimin ilk nazil olan ayəsinin “İqra” – “Oxu!” əmri ilə başlaması təsadüfi deyildir. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) buyurur: “Alimlər peyğəmbərlərin varisləridir”. Digər bir hədisində də deyir: “Elm öyrənmək hər bir müsəlmana vacibdir”.

 

Bu ifadələr elmin islamda yüksək mövqedə olduğunu göstərir.

 

Tarixdə islam dünyası bir dövr “Elmin qızıl çağı”nı yaşamışdır. IX-XI əsrlərdə Bağdad şəhərində qurulan “Beytül-Hikmə” (“Hikmət evi”) dünyanın ən böyük elmi mərkəzlərindən biri olmuşdur. İbn Sina tibbdə, Əl-Biruni astronomiyada, Əl-Fərabi fəlsəfə və riyaziyyatda dünya elminə böyük töhfələr vermişdir. Onlar dini dünyagörüşlərini qorumaqla bərabər, elmdə yenilikçi düşüncələri ilə cəmiyyətləri irəli aparmışlar.

 

Elm kainatın necə işlədiyini araşdırır, din isə bu kainatın niyə mövcud olduğunu izah edir. Elm vasitəsilə insan fiziki aləmi anlayır, din isə ona həyatın mənasını və dəyərləri aşılayır.

 

Məsələn, tibbin inkişafı insan ömrünü uzadır, texnologiyanın inkişafı gündəlik həyatı asanlaşdırır. İslam isə hər iki sahənin insanlığa xidmət etməsini təşviq edir. Quranda deyilir: “Allahın yaratdıqlarında düşünən bir qövm üçün nişanələr vardır” (Ali-İmran, 190).

 

Bu günkü cəmiyyətdə bəzən elmi biliklərdən istifadə edərək dini dəyərləri kiçiltmək, yaxud dini yanlış anlamaqla elmi inkar etmək halları görünür. Əslində isə, problem nə dində, nə də elmdədir. Problem insan faktorunda – yanlış təfsir və məqsədsiz istifadədədir.

 

Unutmayaq ki, elm və din insanı daha yaxşı bir varlıq halına gətirmək üçün vardır. Birində inkişaf, digərində isə tərbiyə və istiqamət vardır.

 

Bəs biz din ilə elm harmoniyasını əldə etmək üçün nə edə bilərik?

 

Təhsil sistemində elmi biliklərlə yanaşı, mənəvi və əxlaqi dəyərlərə də yer verilməlidir. Düzdür, bu gün cəmiyyətimizdə bu mümkünsüz görünür, ancaq o zaman biz də bu harmoniyanı əldə etmək üçün həm özümüz, həm də övladlarımız dini təhsil mərkəzlərinə, məscidlərə gedərək məlumat ala və ya dini ədəbiyyatdan istifadə edə bilərik.

 

Elmi araşdırmalar insanın və təbiətin hüquqlarına hörmət prinsipi üzərində qurulmalıdır. Din xadimləri elmi yenilikləri öyrənməli və cəmiyyətə müasir dillə izah etməlidirlər.

 

Bir BMT hesabatına görə, təhsilli cəmiyyətlərdə həm iqtisadi inkişaf, həm də sosial rifah səviyyəsi orta hesabla 30 % daha yüksəkdir. Bu da göstərir ki, elm və maarifləndirmə cəmiyyətlərin tərəqqisinin əsas dayaqlarıdır. Əgər bu təhsil dini-mənəvi dəyərlərlə də zənginləşdirilərsə daha balanslı və sağlam cəmiyyətlər formalaşar.

 

Sonda onu vurğulamaq istəyirəm ki, din və elm bir-birini inkar edən deyil, tamamlayan iki böyük gücdür. Hər ikisi insanın daha mükəmməl, daha məsuliyyətli və daha mənalı bir həyat yaşaması üçün zəruridir.

 

Ən sağlam cəmiyyətlər həm elmi tərəqqiyə açıq, həm də mənəvi dəyərlərə bağlı cəmiyyətlərdir. Bu harmoniyanı qorumaq, gələcək nəsillərə daha nurani bir dünya buraxmaq bizim hər birimizin məsuliyyətidir.

 

Hacı BƏKİROĞLU