Kənd qəbiristanlığına ziyarətə gedənlər hökmən bir qəbrin yanında ani də olsa ayaq saxlayır, hüznlə başını yelləyib keçirlər. Çox böyük təəssüf hissi keçirdikləri baxışlarından duyulur. Həmin qəbrin baş tərəfində başdaşı var, lakin qəbrin içi hələ boşdur. Başdaşında hüzn dolu gözlərlə baxan gənc bir qızın şəkli həkk olunmuşdur. Sanki bu qız insanlara doğru boylanıb şəklinin vaxtsız daşa çəkilməsinin, arzularının nakam qalmasının səbəbini sual edir. Lakin bu lal sualın cavabı qarşısında hamı aciz qalıb. Bəs bunun səbəbi nədir?

 

Zülfiyyə hələ orta məktəbin axırıncı siniflərində oxuyarkən tibb universitetinə qəbul olmaq arzusu ilə yaşayırdı. Onların ailəsi kasıb olsa da, Zülfiyyə necə olursa olsun həkim olmaq, iş başında ağ xalat geyməyi arzu edirdi. Zülfiyyə orta məktəbi bitirdi, yüksək hazırlıqlı olduğu üçün elə həmin il yüksək balla tibb universitetinə qəbul oldu. O, 3-cü kursda oxuyarkən qonşuları Məhəmməd kişinin oğlu Həsən ona sevgisini bəyan etdi. Lakin Zülfiyyə təhsilini bitirməmiş ailə qurmaq fikrində olmadığını Həsənə bildirdi. Bu cavabdan hiddətlənən Həsən necə olursa olsun Zülfiyyədən bu cavab üçün heyif çıxacağına özlüyündə söz verdi. Valideynlərinin bundan xəbəri yox idi. Onlar həmişə Zülfiyyə ilə əlaqə saxlayır, hal-əhval tuturdular. Bu payız dərs ili başlayanda başqa tələbələr kimi Zülfiyyə də təhsilini davam etdirməyə getdi. Valideynləri onunla əlaqə saxlamaq istədilər, lakin müvəffəq olmadılar.

 

Buna görə Zülfiyyənin atası qızının ev sahibinə zəng etdi. Lakin qızın hələ də gəlmədiyinin cavabını aldı. Kənddə bəzilərinin gizlin-gizlin danışması, pıçı-pıçıları ailəni şübhələndirir, nigaran qoyurdu.  Hər kəs qızın Həsənə qoşulub qaçdığını danışırdı. Lakin realda necə idi – qoşulub qaçmışdı, yoxsa zorla qaçırılmışdı?

 

Aradan çox keçmədi ki, Zülfiyyənin intihar xəbəri yayıldı, ancaq bu xəbər əsassız idi, çünki buna aid heç bir dəlil yox idi. Valideynləri lazımı yerlərə müraciət etsələr də, onların sorğuları cavabsız qalmışdı. Zülfiyyənin nə öldüsündən, nə qaldısından bir xəbər çıxmadı. Bu qızın başına nə gəldiyi, Həsənin ona nə etdiyi naməlum qalmışdı.

 

Arzuları yarımçıq qalan bu tələbə qızın atası Mürsəl, anası Aliyənin gözləri hələ də övladını axtarır. Zülfiyyənin boş qəbrinə qoyulmuş baş daşındakı şəkil isə oradan ötənlərə: “Günahım nədir?” – sualı dolu nəzərləri ilə baxır.

 

Zülfiyyənin şəkli sanki qadın zorakılığına son qoymağın çoxdan vaxtı çatdığını hamının yadına salır, qatilin tapılmasını israr edirdi. Zülfiyyə kimi bir çox qadınlar da oxşar faciələrin qurbanı olurlar. Onların günahı nədir? Bu dünyada qadın kimi doğulub yaşamaqmı? Unutmayaq ki, qadın cəmiyyətin bir hissəsidir, ona qarşı belə dözülməz münasibət bütövlükdə insanlığı məhvə aparır, insanlığı öldürür. İnsalığın məhvi isə bütün bəşəriyyətin sonu deməkdir. Ona görə də hər cür vəchlə belə hadisələrin qarşısı alınmalıdır. 

 Dilarə TƏHMƏZOVA