30 il Bakıda yaşamış biri kimi yaxın dünənlə bu günü müqayisə etmək mənim üçün çox asandır. Son 5 ildə dəyişən nə varsa müqayisə edərkən təhlil edəndə maraqlı təzadlar məni məndən alır. Yenə də gördüklərimin çərçivəsiylə təhlilimi davam etdirim.
Borçalıda keçən uşaqlığımın xatirələri sonrakı ömrümün bütün qaynarlıqlarından müqəddəsdir mənim üçün. O gözəlliklər içində bir xatirə də vardı – saçımı 40 hörük hörüb, əlimə kartondan qaval alıb “Qaragöz boy-boy” oxuyub rəqs etməyim:
Gördüm iki pəri gələr,
Gələr sallana-sallana.
Aşiqinin könlün alıb,
Gələr nazlana-nazlana.
Sonralar bildim ki, bu özbək mahnısı və rəqsi imiş, anamın mənə tikdiyi zolaqlı döşək üzündən don da özbəklərin milli geyimi idi. Sonra həvəskarcasına bir gözəl Azərbaycan milli rəqsi öyrəndim və anamdan xahiş etdim ki, mənə televizordakı milli paltardan tiksin. Hətta araqçın da istədim. Anam dedi ki, onu tikmək çətindir, satışda da elə paltar olmur, Bakıya gedəndə tikdirərik... Beləcə arzum ürəyimdə qaldı. Mən elə düşünürdüm ki, yəqin Azərbaycanda hamı əziz libası kimi milli paltarları əziz günlərdə geyinir. Nənələrimizin kəlağayısı kimi... Çünki tanıdığım özbək, türkmən ailələrində bunu görmüşdüm.
İlk dəfə Bakıya gedəndə milli mühitdə böyüməyim bir yana, həm də qəribçilik sindromu ilə hər kəsdə kəlağayı, papaq, təmiz ana dilində danışıq, bir sözlə, millilik axtarırdım. Axı bura AZƏRBAYCAN idi, yad diyarlardan fərqli olmalı idi. Düzdür, onda sovetlərin son zamanları idi, anamın atama dediklərinə görə, Bakı əvvəllər daha çox “dirisiylə rus, ölüsüylə ərəbcə” imiş. Bunu sonralar başa düşəcəkdim.
Anam deyirdi, tələbə vaxtı biz Azərbaycan dilində danışmazdıq ki, bizə kəndçi kimi baxmasınlar. Hətta daha xoş olmayan bir ifadə vardı ki, onu “russkoyazıçnılar” işlədərdi, çünki güya onlar özlərini elitar hesab edirdilər. Anamın danışığı ilə mən elə gərgin olurdum ki. Axı mənim xəyalımda yaratdığım bir milli vətən vardı, orada hamı anasına ANA, atasına ATA deyərdi, orada NOVRUZ bizdəkindən maraqlı olardı, orada hamı ana dilində danışardı, orada qərib olmazdın, orada hər yan vətən idi, orada kimsə sənə “gəlmə” deməzdi, orada “bura mənim vətənimdir” kəlməsini ürəklə deyərdin...
Bəli, bu o vaxt idi ki, Azadlıq hərəkatı hamını milli etməyə çalışmışdı, amma anamın tələbəliyindəki şəhər adamları xeyli fərqlənmişdi. Anam deyirdi ki, zamanla dünənimizə dönəcəyik, kimliyimizi dərk edəcəyik. Anam bu dəyişikliklərə sevinsə də, mən xəyalımdakı mənəvi vətəni görmək istəyirdim. Düzdür, o vaxt bu təhlilləri edəcək yaşda, təcrübədə deyildim. Mən hələ də o milli geyimi geyinib İçəri şəhərdə addımlamaq istəyərək Sehirli xalatı axtarmaq xəyalında idim. Bax beləcə gün günə calandı. Mən də böyüdüm, həyata baxışım da. Hətta təhlil etmək üçün müqayisələrim də var idi deyə millət olaraq Azərbaycanın, xüsusən də Bakının Tiflisdən və gürcü xalqından bu sahədə geridə olması məni çox məyus edirdi.
Uşaqlıqda mənim komplekslərim var idi – niyə bizim əlifbamız yoxdur, niyə soyadımız rus şəkilçilidir, niyə gürcülər başına fəs qoyur, biz araqçın qoymuruq və s.
Bir aralar milli dirçəliş riyazi hiperpola kimi artan istiqamətdə getdi. Milli adlar, övladlarını ana dilində oxutmaq, hətta soyad sonluqlarını kütləvi surətdə hər doğulan uşağa yeni şəkilçi ilə yazdırırdılar. 90-ların sonuna doğru riyazi əyri sürətlə enməyə başladı. Birdən şəhər dəyişdi. Yenidən “ruskoyazıçnı intelligentlər” olamğa doğru irəliləyiş artdı. B.Vahabzadənin məşhur şeirinin motivləri hiss edilməyə başlandı. Bakıda insanların parlaq zər-zibası, günbəgün artan göydələnlər, hətta Bakı anfiteatrının itməsi və hər Tiflisə gedib-gələndə gördüyüm qorunan arxitektura, sadə geyim, dəbdəbədən uzaq rahat həyat tərzi məni qısqandırırdı. Övladlarım məktəbə gedəndə evimizdən 15 dəqiqəlik məsafədə olan rus bölməsinə yox, məhz ana dilində təhsil alması üçün digər məktəbə yazdırdım. Ona görə ki, mənim xəyallarımın mənəvi paytaxtı anamın kədərlə xatırladığı Sovet Bakısına dönürdü. Hətta deyəsən bunu özləri də hiss etmirdi, çünki həmin dövrü həsrətlə xatırlayan məşhurlar da vardı, internet fenomenləri də. Bəli, sən o sən deyilsən səndən xəbərsiz.
Beş il əvvəl Gürcüstana gəldik. Uşaqlarım təhsilini burada öz ana dillərində davam etdirdilər. Məlum səbəblərdən Azərbaycanla virtual əlaqəm vardı. Yeniliklərin içində olmaq bir başqa...
Kənardan baxanda, qərib olanda vətən hissi o qədər müqəddəsdir ki, onu ifadə etməyə qələmim zəif olmasa da, təsvirə çətinlik çəkirəm. Şəhər də doğma idi, adamlar da. 25 gün qonağı oldum ömrümün 30 ilini yaşadığm şəhərdə. Etiraf etmək istəmədiyim bir həqiqət məni çox sıxdı. Mənə elə gəldi ki, Borçalıda daha çox millilik hiss edirdim, nəinki Bakıda. Yoxsa bu şəhər modern oldu, mən anlamıram. Unuversitetdə oldum, ictimai, iaşə, səhiyyə, hərbi sahələrdə oldum, bəzilərində şəxsi işimlə əlaqədar, bəzilərində dostlarla, qohumlarla görüşdüm... Guya “inkişaf etmişlər – sosyetilər” rus dilində danışırdılar, bu 15 il əvvəlki axının nəticəsi idi və rayonlularla şəhərlilər arasındakı uçurumu hiss etdim. Anamın təəssüflə danışdığı Sovet Bakısını xatırladım, hansı ki, bəzi “sosyetilər” həsrətlə yad edirlər.
H.Əliyevin bir gözəl deyimini xatırladım: Siz gənclər Puşkini rusca oxuyun, Şekspiri ingiliscə, amma Füzulini Azərbaycan dilində. Hər yerə şüarlar vuran məmurlar, bilmirəm, bu ata sözünü niyə şüar etmirlər. Yəqin ona görə ki, heç Səməd Vurğunu da oxumayıblar.
Düşünürəm ki, kiməsə oxşamaqdansa əvvəl özün ol! Vallah, hə.
Esmira ƏLƏKBƏRLİ