Güvənmək insan həyatında böyük əhəmiyyət kəsb edən bir duyğudur. İnsanlar arasındakı əlaqələrdə,  dialoqlarda güvənmək açar hökmü daşımaqdadır desək yanılmarıq yəqin ki.

 

Elə hallar olur ki, birinə olan etibarsızlığımız, güvənsizliyimiz bizə çox əziyyət verir. Halbuki qarşıdakı insan etibarlı olamasa belə, güvənə bilmək bir duyğu olaraq yenə də gözəldir. İndiki zamanda isə zərurət olduğu zamanlarda və yalnız ehtiyac ölçüsündə kimlərəsə güvənirik, yəni ki məcburiyyətdən. Bu səbəblə etimad duyğularımız səmimi bir etibarla tamamlanmağa möhtacdır. Necə ki güvən, yalnız “çox yaxşı” dediyimiz insanlara qarşı duyduğumuz bir hissdir bu gün. “Həqiqətən yaxşı” insanların azlığı, özümüz də daxil olmaqla ictimai bir etibarsızlığa səbəb olmaqdadır. Buradan da belə anlaşılır ki, güvən reallaşdığında sevindiyimiz bir ümiddir yalnız.

 

Güvən duyğusu yerini etibarsızlığa buraxdıqda bu duyğu, daha dəqiq desək, etibarsızlıq duyğusu, cəmiyyət olaraq yaxşılığa nə qədər möhtac olduğumuzun bariz bir göstəricisidir.

 

Güvənilən və ya güvənsiz insan olmağımız əslində bizim səmimi olub-olmamağımızın bir göstəricisidir. Burada da yenə iki cahan günəşi olan həzrət Peyğəmbərdən ibrət dərsi almalı oluruq. Hələ peyğəmbərliyindən öncə “Muhammədul-Əmin” olaraq bilinməsi bizim üçün böyük bir dərs mahiyyətindədir. Belə bir Peyğəmbərin ümməti olaraq əmin olmaq xüsusiyyətlərimizin əxlaqi anlayışımızda və yaşayışımızda əsas yeri alması qaçınılmaz görünməkdədir. Güvən duyğusu ortadan qalxsa hər şey qalxar.

 

Bu gün ictimai pozğunluqların gətirdiyi, istismardan uzaq təmiz cəmiyyət axtarışları fərdlərin bir-birinə olan güvən ehtiyacını ruhi aclıq ölçüsündə zəruri etməkdədir. Əks halda, heç kim bir başqasına öz dərdini izah edə bilməyəcək hala gələcək. Qonşuluq əlaqələrindən tutmuş, ana-ata və övlad hüququna, iqtisadi əlaqələrə, evlilik müəssisəsinə, siyasi və administrativ sistemə qədər, həyatı şəkilləndirən bütün mövzularda tam bir keşməkeş və çətinlik qaçınılmaz görünməkdədir.    

 

Qeybət, böhtan və dedi-qodu da etibarsızlıq mühitinin həm işarələri, həm nəticələridir. Xoşgörüş duyğusu olmasa artıq xoşgörüş göstərəcək insan da qalmaz ətrafımızda. Ona görə Mövlana demişdir: “Səhvsiz dost axtaran dostsuz qalar”. Etibarsızlıq duyğusu təkliyə itələyər insanı. Yaxşıdırsa yaxşılığıyla, pisdirsə pisliyiylə baş-başa buraxar insanı. Postmodernist bir keyfiyyətin əsiri olarıq nəticədə. Belə bir mühitdə də yaxşılığı əmr edib, pislikdən çəkindirmək xüsusiyyətimiz funksional ola bilməz. Çünki yox edilən, həm də öz əlimizdə yox etdiyimiz şey islamın camaat anlayışı olmaqdadır. Necə ki belə mühitlərdə heç kimsə kimsəni dinləməz. Nə üçün dinləsin ki, güvənmədiyi insanı!.. Bax, o zaman, obyektiv doğrulardan nəsiblənmək şansımız da nəsibsizliyə aparar bizi.

 

Əsas olan özümüzə yaxşı insan olmağı həqiqətən istəyib istəmədiyimizi sorğulamaqdır. Buna qərar vermişiksə, o zaman bunun bizim üçün bir çox şey ifadə etdiyini görəcəyik. O zaman qarşımızda, talib olduğumuz şeyin gözəlliyi özünü göstərəcək. O zaman kainatdakı hər rəng, hər səs və hər naxış bizə də yaradıldığı kimi gözəl görünəcək.

 

Müəllif: Hacı Bəkiroğlu