Allah-taala Adəm peyğəmbəri (ilk insanı) yaratdıqda ona bütün əşyaların isimlərini və mahiyətini öyrətdi. Allah Qurani-Kərimdə bu məsələni belə izah edir: “Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək: Əgər doğru deyirsinizsə, bunların adlarını mənə bildirin! – dedi” (Əl-Bəqərə surəsi, 31-ci ayə).

 

Bilməmək ayıb deyil, lakin bilmədiyini bildiyi kimi ifadə etmək təkəbbür və ədəbsizlik əlamətlərindəndir. Bilmədiyi halda bildiyini iddia edən insanlar cəmiyyətdə doludur. Bu insanlar hər mövzuda yaxşı danışmağı bacardıqları kimi islam dini adından da danışaraq fətva belə verirlər. Bu insanlar heç dinin nə olduğunu bilmədiyi halda, rahat bir şəkildə, bəzən də içkili halda islam dinindən söhbət açırlar. Ey qafil fasiq, bir özünə nəzər yetir! Bu tip insanlar hər şeyi bildiyini zənn edər, hər mövzuda söyləyəcək sözləri vardır. Bilmədiyi üçün hər işə burnunu soxar. Bilənləri tənqid edər, cahil yox, alimmiş kimi hər bir mövzuya toxunar, fərqində olmaz. Bu pis xasiyyət də qürurdan qaynaqlanar.

 

Belə insanların əksəriyyəti kitab, jurnal, qəzet və məqalə oxumayan “şifahi dillər universitetinin” diplomsuz məzunlarından ibarətdir.

 

İnsan var ki, həddini bilib, lazım olmayan işlərə qarışmaz, dini və anlayışı olmayan mövzularda “mən bilmirəm” deyər. Bilmədiklərinə görə də bu insanlara ayıb olmaz. Hansısa bir mövzudan söz açıldıqda, o mövzuya bələd olanlardan çox bələd olmayan insanlar əsassız şəkildə danışmağa başlayırlar. Söz mövzudan kənara çıxır və nəticəsiz qalır.

 

Düşünürəm, sadəlik ondan ibarət olmalıdır ki, bildiyini danışasan və bilmədiyin mövzularda sakit dinləməyi bacarasan, nəsə öyrənməyə cəhd edəsən; öz ixtisasın üzrə mövzu açılanda danışasan və əxlaqi dəyərlər çərçivəsində bilik alış-verişi edərək özünü ifadə etməyi bacarasan. Beləliklə, bu davranış səni hər hansı bir mövzuda ortaq məxrəcə gətirib çıxaracaq və istənilən nəticəni əldə edəcəksən. Bu kimi hallar gün ərzində bizə də öz neqativ enerjisini ötürərək yorur. Ətrafımızda, təəssüf olsun ki, belə insanlar çoxdur və davamlı şikayət, neqativ fikir bildirən, mövzudan kənar qalanlardan ibarətdir.

 

Çalışmalıyıq ki, müsbət fikirli yoldaşlar, gözəl ailə dostluqları ilə zamanlarımızı səmərəli keçirək. O zaman neqativ insanlardan uzaq qalmaq bizim müsbət düşüncələrimizi və vərdişlərimizi qorumağımızı asanlaşdırar. Ətrafınızda, çox sayda şikayət edən, mövzudan kənar qalan, bilmədiyini bilir zənn edən, həmişə mənfi düşünən insanlar varkən, axı biz necə müsbət düşünən biri ola bilərik?

Elsevər Əhmədov