Biz Gürcüstan vətəndaşı olsaq da, ana dilimiz, kimliyimiz, mədəniyyətimiz Azərbaycanla bağlıdır. Uzun illərdir bu torpaqlarda yaşayan azərbaycanlılar olaraq Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişik. Lakin bütün bu vətəndaşlıq və cəmiyyətə bağlılıq hissi zaman-zaman qarşılıq tapmır. Hüquqi bərabərlik anlayışı rəsmi sənədlərdə yer alsa da, real həyatda belə deyil.
Son günlərdə baş verən hadisələr bu fərqli münasibətin yenidən müzakirə olunmasına səbəb oldu. Təxminən bir aydan artıq idi ki, milliyyətcə azərbaycanlı olan bir gənc tələbənin Kür çayına atıldığı xəbəri yayıldı. Bu xəbər xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə ciddi narahatlıq yaratdı. Gəncin ailəsi və cəmiyyət təcili və effektiv reaksiya gözləsə də, hadisənin araşdırılması və axtarış prosesi olduqca passiv şəkildə həyata keçirilirdi.
İlk günlərdən axtarışlara cəmi bir neçə polis əməkdaşı cəlb olundu. Heç bir ciddi yanaşma olmadı. Çayın axınına müdaxilə edilmədi, suyun səviyyəsinin aşağı salınması yönündə heç bir addım atılmadı. Hadisənin ciddi olmasına baxmayaraq, məsələ sanki sadəcə “protokol naminə” araşdırıldı. Dövlətin bu passiv münasibəti isə biz azərbaycanlılarda “bizim həyatımızın heç bir dəyəri yoxdurmu?” sualını doğurdu.
Bu hadisənin üzərindən bir aydan artıq vaxt keçmişdi. Eyni Kür çayında başqa bir faciə baş verdi. Bu dəfə çaya bir avtomobil düşdü və içərisində olan şəxslər etnik gürcülər idilər. Hadisənin baş verdiyi andan etibarən dövlətin bütün xilasetmə qrupları tam səfərbər oldu. Suyun səviyyəsini azaltmaq üçün çayın axınına müdaxilə edildi. Dövlətin imkanları bir anda səfərbər olundu və bu da cəmiyyətdə haqlı olaraq müqayisələrə yol açdı.
Üstəlik, faciəvi və acı bir məqam yarandı. Avtomobilin çaya düşdüyü gün, aparılan xilasetmə əməliyyatları nəticəsində çayın səviyyəsi süni şəkildə azaldıldı. Məhz həmin gün bir ay əvvəl itkin düşən azərbaycanlı tələbə qızın cansız cəsədi tapıldı. Ailəsi isə günlərlə sadəcə bu müdaxiləni gözləmişdi. Əgər o avtomobil çaya düşməsəydi, çox güman ki, bəlkə də suyun səviyyəsi heç vaxt azaldılmayacaqdı.
Bu fakt təkcə təsadüf deyil, dövlətin kimə necə yanaşdığını açıq şəkildə ortaya qoyur. Bu iki hadisənin birində hərtərəfli səfərbərlik edilərkən, digərində səssizlik və passivlik var idi. Bu isə Gürcüstanda yaşayan azərbaycanlılara açıq bir mesaj verir: “Sənin həyatın o qədər də önəmli deyil”. Bu hadisədən sonra çoxlarımız belə fikirləşirik. Bu, sadəcə laqeydlik deyil, ayrı-seçkiliyin real görünüşüdür.
Şübhəsiz ki, insan həyatı dəyərlidir, istər azərbaycanlı, istər gürcü, istərsə də başqa millətdən olan vətəndaş olsun. Əgər hər bir vətəndaş bərabər hüquqludursa, bəs biz bunu nə üçün real həyatda görmürük? Onda bizim bu hüquqlarımız sadəcə hüquq kitablarında yazılan sözlərdən ibarətdir. Qanunlarda yazılan “bərabərlik” ifadəsi kağız üzərində qaldıqca bu cür yanaşmaların sayı azalmayacaq. Bərabərlik hissi yalnız məhkəmə zallarında deyil, gündəlik həyatda, küçədə, məktəbdə, çay sahilində də hiss olunmalıdır...
Ədalət yalnız mühakimə zamanı deyil, həyatın hər sahəsində, hər anında tətbiq olunmalıdır. Çünki vətəndaşlıq sadəcə bir sənəd deyil, hüquq, hörmət və dəyər görməkdir. Eyni ölkədə vətəndaş hüquqları hamı üçün eyni deyilsə, bəs bu vətəndaşlıq kimindir? Məhz elə ona görə də çayın dibi deyil, münasibətin dibi göründü...
Validə FƏTULLAYEVA