Yeni il hər birimiz üçün yeni başlanğıclar, yeni uğurlar, yeni xəyallar deməkdir. Çoxumuz ilin bitməsini və yeni ilin gəlişini səbirsizliklə gözləyirik. Yeni ilin gəlişini hər xalq öz adət-ənənələrinə görə qeyd edir. Yeni il dedikdə ağlımıza ilk olaraq şam ağacı gəlir. Əvvəllər hər Yeni ildə təbii şam ağacları bəzədilərmiş. Bu gün şam ağacları sünidir.
Yeni ildə hər kəs, ən əsası da uşaqlar böyük həvəslə, sevinclə şaxta baba və qar qızı gözləyirlər. Əlbəttə, hədiyyələri də unutmaq olmaz. Əvvəllər hər il sonu şaxta babanın bizə hədiyyə gətirdiyinə inanırdım. Çünki hər il hədiyyəmi gətirib şam ağacının altına qoyurdu. Sonra öyrəndim ki, şaxta baba atam imiş. Hər il sonu gecə biz yatarkən hədiyyələrimizi şam ağacının altına qoyub, səhər biz oyananda “şaxta babanız sizin üçün hədiyyə qoyub” deyir. Böyük həvəslə hədiyyəmizi götürüb açardıq. Şaxta babanın atam olmasını bilsəm də heç nə dəyişmədi. Hər il eyni qayda ilə şaxta babam hədiyyəmi gətirir və hər il eyni sevinclə də hədiyəmi açıram.
Bizim şaxta babamız var, amma italiyalıların şaxta nənələri var. İtaliyada küçələrdən keçərkən isə diqqətli olmaq lazımdır. Çünki onlar Yeni ildə evdə olan köhnə əşyaları qayda olaraq pəncərədən çölə atırlar. Buna görə də onlar ilin son günü məcbur olmadıqca evdən çıxmırlar. Belə düşünürlər ki, Yeni ili yeni əşyalarla qarşılamaq lazımdır.
Bizdə isə Yeni ilin ilk günü evimizə ilk ayaq basan insanın abu-havası necədirsə bütün ilin elə olacağına inanırlar. Məsələn, evə ilk ayaq basan gözəl xasiyyətli, evli və uşaqlıdırsa, o evdə əgər subay varsa evlənəcək və yaxud da bütün illəri xoş keçəcək. Yox, əgər pis xasiyyətli biri olarsa, bütün ilin pis, uğursuz keçəcəyinə inanırıq. Amma bu düşüncədə olmaq, fikrimcə, düzgün deyil. Çünki insanlar belə bir şeyə inandıqda bütün ili sevincli də yaşaya bilər, kədərli də...
Yeni il bayramı günü hər bir evdə süfrələr bol yeməklər, şirniyyatlarla bəzədilir. İnancımıza görə, süfrəmiz nə qədər bol olsa yeni ildə ruzimiz daha çox olacaq. Buna görə də edə bildikləri qədər süfrədə yeməkləri bol edirlər.
Əsası isə çalışaq bu Yeni ildə qəlb qırmayaq, küsülü qalmayaq. İlk öncə hər birimizə sağlamlıq arzu edirəm! Hər birimizin qəlbi sevincli, süfrələrimiz bol bərəkətli olsun! Qarşıdan gələn Yeni il münasibətilə hər birinizə yeni uğurlar, sağlamlıq arzu edirəm! Yeni iliniz mübarək!
Müəllif: Validə Fətullayeva