Çoxlarımız məktəb həyatından bu günə kimi bir çox kitablar oxumuşuq. Kitablar bizim bilik mənbəyimizdir. Bu kitablar bizim elm öyrənməyə can atdığımızı, istəklərimizi təmin edir. Bildiyimiz kimi, hər növdə kitablar var: uşaqlar üçün nağıl kitabları, bədii kitablar, roman kitabları...

 

Bəzilərimiz ali təhsilini bitirdikdən sonra da oxumağa davam edir. Bəzilərimiz isə əksinə – kitabı oxumaq üçün deyil, rəfdə, otağımız gözəl görünsün deyə alırıq. Düzdür, hər bir kitabın özü ayrı bir gözəllikdir. Amma o kitabları oxusaq daha yaxşı olmazmı. Mənə kitabı rəflərdə saxlamaq deyil, onları oxumaq, oxuduqca anlamaq, yazıçının bizə çatdırmaq istədiyi, məqsədinin nə olduğu daha maraqlı gəlir. Dostlarım arasında  mənimlə eyni fikirdə olanlar da var, olmayanlar da. Dostlarımla bunun mübahisəsini çox etmişik.

 

Belə ki, bir gün oturub kitab oxuyurdum. Ən yaxın rəfiqəm bizə gəlmişdi. Onun da otağında bir çox yazıçıların, şairlərin ayrı-ayrı kitabları rəfdə dururdu. Mən elə düşünürdüm ki, o heç olmasa o kitabların yarısını oxuyub bitirib. Amma elə deyilmiş. Mənə yaxınlaşıb dedi: “Nə kitabı oxuyursan? Gəl gedək bir az  gəzək”. Mən onun verdiyi Miraç Çağrı Aktaşın “Sən on yeddi yaşımsan” kitabını oxuduğumu dedim:  “Maraqlı kitabdır. Sən çoxdan oxumuş olarsan?”

 

Rəfiqəm: “Yox, oxumamışam. Mən kitab oxumağı sevmirəm”.

 

Mən: “Əgər oxumuyacaqdınsa bəs o qədər kitabı niyə alıb yığırsan rəfə?”

 

Rəfiqəm: “Eh, mənim hövsələm çatmır oxumağa. Kitabların rəfdə elə modern düzülməsi otağımı daha gözəl göstərir. Mən kitabların heç birini oxumamışam, amma görən hər kəs sənin kimi düşünür, elə bilirlər ki, hamısını oxumuşam...”

 

Söhbətimiz belə davam etdi. O, elə hesab edir ki, biz kitabı başqaları üçün və göstəriş üçün oxuyuruq. Onun üçün kitablar məhz suvenir kimi imiş. Bir insanın o qədər kitabları olsun, amma birini də oxumasın... Qəribə gəlir. Əlimizə bir vərəq də keçsə açıb baxırıq ki, nə yazılıb. Amma ona o qədər kitab heç maraqlı gəlməyib ki, kim yazıb, nə üçün yazıb, məqsədi nədir...

 

Sosial şəbəkədə oxumuşdum: “Sən kitabı oxuyanlardansanmı, yoxsa rəfdə tozlandıranlardanmı?”

 

Bəli, mən oxuyanlardanam. Mənim üçün kitab “dekorativ bitki” deyil. Əlbəttə, hər birimiz kitablarımızı rəfdə saxlayırıq, amma biri var oxuyub saxlayasan, biri də var, oxumayasan, otağa gözəllik versin deyə düzəsən rəfə.

 

Kitablar vasitəsilə biz çox şeyi öyrənirik. Məsələn, niyə gecə gündüzlə əvəzlənir? İlk insan nə vaxt yaranıb? Bizim keçmişimizdə nə baş verib?..  Bu sualların hər birinə indi asanlıqla sosial şəbəkələr vasitəsilə də cavab tapmaq olur. Amma əvəllər sosial şəbəkə yox idi.

 

Bəlkə indi bəzilərimiz üçün kitablar maraqlı deyil. Amma sosial şəbəkələrdən əvvəl kitablar var idi. Hər bir insan bir kitabın sonuna çatdıqda o xoşbəxtliyi dadmalıdır. Səməd Vurğunun da dediyi kimi: “Kitabsız bir ömrün nə mənası var”.

 

Müəllif: Validə Fətullayeva