İnsanlara yaxşılıq edin, ətrafınıza, dünyaya yaxşılıq edin. Biz insan olaraq yaxşılıq nə deməkdir unutmuşuq. Biz insan olaraq ətrafımıza, heyvanlara və köməyə ehtiyacı olan insanlara kömək etməliyik. Dünyada onsuz da pisliklər çoxdur, biz də köməyə ehtiyacı olan insanlara və ya kiməsə pislik etsək bizə nə qalacaq? Hər kəs pislik etsə dünya necə bir yer olar?..

 

Küçədə gəzərkən və ya universitetə gedərkən metroda heyvanlara qarşı necə pis davrandıqlarını, pişikləri, itləri təpiklədiklərini görürəm... Onlar da bir can deyil? Zibili yerə atırlar, metroda pula ehtiyacı olan uşaqların üstünə qışqırırlar. Bunu edəndə kim nə qazanır axı? Elə insanlar görmüşəm ki, heyvanları ayaqlarıyla vurur, döyürlər. Bunun səbəbi nədir? Başa düşə bilmirəm, bu heyvanların günahı nədir? Sizə belə davranılsa xoş olarmı?..

 

Küçədə kimin üzünə baxırsan hər kəs kefsiz, bədbəxt və aqressivdir. Xoşbəxt bir insan görmək çətindir. Niyə? Heç düşünürsünüzmü niyə belədir?..

 

Biz insanıq, hər şey bizim əlimizdədir. Bizim dünya üçün pisliyə və yaxşılığa atdığımız addımlar dünyanı çox dəyişdirir. Bizim hər addımımızın, hər hərəkətimizin, hər sözümüzün bir dəyəri var. Biz bacardığımız qədər bütün uşaqların, insanların, dünyamızın daha da yaxşı olması üçün hərəkət etməliyik. Valideynlərin bizə qarşı davranışları, bizim onlara qarşı davranışımız, indiki dövrə baxanda, olduqca hörmətsizləşib. İnsanların bir-birinə qarşı göstərdikləri hörmət, demək olar ki, çox azdır.

 

Bu yaxınlarda Russiyada “Crocus City Hall”da terror hadisəsi törədildi. 360 insan xəsarət aldı, 139 insan isə həyatını itirdi. Axı niyə belə oldu? Belə bir şey etməyin nə zövqü var idi? O qədər günahsız insan niyə ölməli idi ki? Niyə bir insan belə bir şey törətsin axı?..

 

Başqa bir misal: Türkiyədə bir taksi sürücüsü bir kişini maşınına mindirib və gedəcəyi yerə qədər aparıb. O kişi isə taksi sürücüsünü öldürüb, bütün pulu alıb və sürücüyə “hər insana güvənməməlisən” deyərək çıxıb gedib. Axı belə eləməyin səbəbi nə idi? Niyə o pula görə bir insanın canını alırsan, öldürürsən? Axı o da kiminsə atası idi, o da kiminsə qardaşı idi, kiminsə övladı idi...

 

İnsanlar insanlığını itiriblər, qorxularını itiriblər, belə şeylər onların da başına gələ bilər deyə qorxmurlar. Biz insan olaraq bizə yaxşılıq edən kiməsə belə bir hərəkət ediriksə, kimdən kömək gözləyəcəyik? Belə davam etsə, sizcə, necə olacaq bizim dünyamız? Ayılın! Biz bir-birimizə yaxşılıq etməsək, kim edəcək?..

 

Elvina HACIYEVA