Bilmirəm, mənəmi elə gəlir, ya həqiqətənmi elədir. “Peşman”, “peşmanlıq”, “peşmanam”, “peşman oldum” ifadələri son vaxtlar çox az işlədilir, ümumiyyətlə, heç işlədilmir elə bil. Son vaxtlar bu ifadələrə yalnız oxuduğum kitablarda rast gəlirəm desəm, şişirtmərəm yəqin. Bəlkə də ətrafımdakı adamlar daha peşman olmurlar, peşman olası hərəkət etmirlər, bəlkə də əksinə, peşman olsalar da, peşman olası hərəkət etsələr də peşmanlıqlarını dillərinə gətirmirlər. Axı müasir insanın eqosu o qədər şişib ki, törətdiyi pis əmələ görə, dediyi pis sözə görə peşman olmur daha. Artıq “peşman”, “peşmanlıq” ifadələri də arxaizmə çevrilir...

 

Yenə deyirəm, bu, mənə belə gələ bilər, səhv edə bilərəm, amma oturub düşünəndə son zamanlar bu ifadəni kimdənsə eşitdiyimi xatırlamıram. Deyim ki, insanlar peşman olacaq nəsə eləmirlər, ağ yalan olar. Xəbər saytlarında, televiziyada, radioda hər gün qətllər, müxtəlif pisliklər törədənlər haqqında yüzlərlə yazılar, xəbərlər oxuyuruq, baxırıq, dinləyirik; qətllər törədən, pisliklər edən adamların heç biri tutduğu əmələ görə peşman olduğunu demir, dilə gətirmir. Sanki belə də olmalıdır.

 

Bəlkə doğrudan da insanlar öldürdükləri adama görə, törətdikləri cinayətə görə, oğurluğa, hər cür əxlaqsızlığa görə, rüşvət aldığına, kimisə təhqir etdiyinə, yalan danışdığına və başqa-başqa pisliklərə görə peşman deyillər?.. Bütün bunların norma qəbul edildiyi cəmiyyətlərdə peşmanlıq hissi atavizmə çevrilir, insan törətdiyi neqativ əməlin pis olmadığına inanaraq peşman da olmur, bunu dilə də gətirmir.

 

Məsələn, bir uşaq yaxşı ilə pisi dərk edəcək yaşa çatdıqda görür məktəbdə müəllimi, evdə valideyni, əmisi-dayısı, xalası-bibisi, qonum-qonşusu törətdiyi pisliyə görə peşman olmur, peşman olduğunu dilinə gətirmir, peşmanlıq hissini zərrə qədər də büruzə vermir. Evdə bişməyib, qonşudan gəlməyib yəni. Axı uşaq gördüyünü götürər. Bu uşaq məktəbi bitirib universitetə qəbul olur, artıq peşmanlığın necə, nə cür olduğunu bilməyən uşaq gəncliyində də gördüyü, üzləşdiyi haqsızlıqlara, pisliklərə, əxlaqsızlıqlara görə kiminsə peşman olduğunu, bunu dilə gətirdiyini görmür. İnsanın peşman olmasını, peşmanlıq hissi keçirməsini kitabda-zadda oxuyur, həyatda isə valideynlərinin peşman olmadan bir-birini söyüb-döydüyünü, müəlliminin peşman olmadan rüşvət aldığını, nəqliyyatda, küçədə, televiziyada, dünyada insanların peşman olmadan bir-birini təhqir etmələrini, döymələrini, bıçaqlamalarını, güllələmələrini, müharibə etmələrini görür.

 

Beləliklə də yeni nəsil peşmanlığın necə, nə cür, harada olduğunu bilmir, peşmanlıq hissini itirməsə də büruzə vermir, bəzən də bacarmır, pis əməllərinə görə peşman olmayan bir nəslin davamçısı olur: oğurluq edəndə də, yalan danışanda da, söyüş söyəndə də, adam döyəndə də, rüşvət alanda da, adam öldürəndə də və min cür psiliklər edəndə də peşman olduğunu demir, dilə gətirmir.

 

Sonrakı peşmanlıq fayda verməz deyib atalarımız. Bəlkə də buna görə peşmanlıq yaşadan əməldən sonra peşman olduğumuzu demirik, qəlbimizin dərinliyində peşman olsaq da, gizlədirik. Axı peşmanlıq elə sonrakı olmurmu? İnsan peşman olacaq nəsə etdiyini əvvəlcədən bilsə o əməli törədərmi?.. Sonrakı peşmanlıq fayda verməz deyib adamı peşman olmaq məsuliyyətindən azad etmirikmi? İnsan səhv elədi – bitdi, dünyanın axırıdır sanki, peşman olmağa dəyməz, onsuz da faydası olan deyil, səhvlər etməyə, pisliklər törətməyə davam etsin, eləmi? Məncə, sonrakı peşmanlıq fayda verər, ən azından peşmanlığın necə, nə cür olduğunu bilməyən yeni nəsil üçün bir dərs olar. Sonradan da olsa peşman olmaq pis əmələ görə heç peşman olmamaqdan qat-qat yaxşıdır. Axı peşmanlıq da bir növ tövbədir. Belə ki, peşman olun, peşman olduğunuzu dilə gətirməkdən çəkinməyin...

 

Azər Musaoğlu