Həmişə demişəm, deyirəm ki, hər deyimin mütləq şəkildə əsası var. Babalarımız “İş insanın cövhəridir” deyəndə hikmət xırdalamışdılar. Cövhər kimyada ekstrat, yəni məcun anlamına gəlir. Tərkibi faydalı maddələrdir. Həyatın inkişafında əməyin rolunu danmaq mümkünsüzdür. İnsan əməyə vərdişlə beynini mükəmməlləşdirib. Bəlkə də ibtidai sinifdə oxuduğumuz “Qazanılmış manat” hekayəsindəki kimi, əziyyət çəkəndə dəyərli olur hər şey.
Texnologiyanın ikişafını həvəslə, sevinclə qarşılasaq da, faciəli nəticələri hələ qabaqdadır. Doqquz iqlimli vətənimizin nemətlərinə həsrətlə baxıb özünü pəhrizin girdabında əsir edən yazıqlar heç düşünmür ki, bunun bircə açarı elə həmin cövhərdir ki, babalar demişdi.
Fizikada mexanikanın qızıl qaydası işdirsə, sağlam yaşamağın da açarı əməkdir; hansı ki bu gün yenilənmiş əşyalar mətbəximizə, daha dərin məişətimizə daxil oldu. Daha bütün oynaqları hərəkətə gətirən paltar yuma əməliyyatı tarixə qovuşdu. Ev süpürən, döşəmə yuyan, ət çəkən, hətta çay qarışdıran qaşıq da varsa, bu, qadınların faciəsidir. Yer belləyən, suvaran, ot biçən, inək sağan texnika kişiləri də tənbəlləşdirdi. Texnologiya ocağımızın başına gəlişiylə bizi o babalarımızın əvəzolunmaz cövhərindən məhrum elədi. Cövhərimiz tükəndi; əlbəttə, bu zarafat deyil, acı həqiqətdir.
Yenə də son olmadı, indi də artıq süni intellekt deyilən bir “suyeyən” var ki, hamımız bu yeniliyi maraqla qarşıladıq. Çox ucuz bir işçidir, bir dəqiqədə bütün vikipediyanın məlumatlarını çatdırır. Düzdür, bəzən səhv məlumatlar da verir; əsas odur ki, bir saat vaxt sərf edəcəyimiz məlumat bir dəqiqəyə hazır olur.
Sizcə, bədii əsəri oxusaqmı daha maraqlı olar, yoxsa məzmunu kimsə danışsamı? Əsəri oxuyanda cümlə-cümlə o hadisələri yaşayırsan, bədii təsvirlərlə təbiəti dərk edirsən, hadisələrin həyəcanını yaşayırsan; ən əsası düzgün yazı qaydaları, söz ehtiyatı öyrənirsən. Bu “sofiyalar” isə bizə asan xidmətlə çətin gələcək verir; hansı ki o gələcək tənəzzülə aparır.
Fikrimi əsaslandırım: babalar “əmək sərf olunan hər iş bizə cövhər verir” demişdi. O cövhərlə həyatımız qidalanırdı. Əzələ əmək sərf etdikcə genişlənir, beynin inkişafı da məhz zehni genişlədir. Beynin məşqi də oxumaq, yazmaq, daim yeni informasiyalar öyrənməkdir. Lazım olan hesabı hesablayıcı – kalkulyator hesablayırsa, beyin necə inkişaf edəcək? Heç bir dükançı sadə bir qiyməti belə özü hesablamır; bəzən adama elə gəlir, onlar vurma cədvəlini belə bilmirlər.
Bayramlar gələndə çox az adam hissini tərənnüm edən xoş söz yazır. Hər kəs hazır mesajlardan istifadə edir.
Bu istifadə orta yaşlı təbəqə üçün yenə də dərd yarı... Asan yol məktəbdə tənbəl şagirdlərə yoluxub. Notbuksuz şagird yoxdursa, deməli, internetsiz də yoxdur. “Filan mövzunu araşdır” deyirsənsə, artıq hər kəsin özünəməxsus bir ad qoyduğu süni intellekt onların yerinə araşdırır, yazır, təqdimat halına salır və sonra da çap edir. Vəssəlam. Olur ananın oğluna verdiyi həmin ocaqda yanan o urvatsız “qazanılmamış manat”. Necə ki oğul o yanan manatın qədrini bilmirdi, bizim şagirdlər də heç bir araşdırma aparmadan, özləri seçib düzənləmədiyi, hazır əllərinə gələn nəticəni tezcə unudacaqlar. Bütün tapşırıqları, demək olar ki, ChatGPT-lər həll edirsə, bəs bu şagirdlər nə öyrənəcək? Xatırladım ki, səhv məlumat da yazırlar. Əsas odur, gənclər və uşaqlar ümumiyyətlə sırf bu yönümlüdürlər.
Bu süni intellekt cəmiyyətimizə elə sirayət edib ki, adama elə gəlir, hər kəs süniləşib. Mənə elə gəlir informasiyalar da eyni mənbədən “su içir”. Bu bir yana, danışanda şikəst cümlələr qoşan, ləhcəylə yazan elə adamlar tanıyıram ki, sosial şəbəkədə post yazırlar, hətta şeir, hekayə yazanlar var.
Yox, vallah, yox! Nə edirsiniz edin, bircə şeirə toxunmayın. Bədii yazı elə bir şey ki, o ürəkdən gəlməlidir; axı ruhdan qidalanır. Ruhu Tanrı idarə edir, Sİ yox, ona görə süniliyi hiss etmək çox asandır. Yeniliklərdən imtina edə bilmərik, məcbur palaza bürünməsək də, elnən sürünməsək də, “geridə qalmış” təfəkkürlə palazın qırağıyla, el yoluyla gedəcəyik!
Esmira Ələkbərli