Toylarımızın, xeyir işlərimizin necə təmtəraqlı keçirildiyini izah etməyə gərək yoxdur. Hər birimiz qohumda, qonşuda bir-birinə bənzər toyların şahidi oluruq. Dövrümüzdə toya çəkilən xərclər həddindən artıq çoxdur. Toy, nişan, xına mərasimlərinə çəkilən xərcləri dilucu qınasalar da buna əhəmiyyət vermirlər, onsuz da ömürdə bir dəfə olan şeydir, ən yaxşısı olmalıdır deyirlər. Qız verildi “adımıza layiq süfrə açmalıyıq”, borcla da olsa o süfrə açılır. Oğlan evi dolu xonçalarla gəlməlidir. Nişan mərasiminin xərcləri heç də toy xərclərindən fərqlənmir.

 

Xərci azaltmaq yerinə yeni adət-ənənələr “kəşf” edən qızlarımız nişandan əvvəl ən son model ayfonun yolunu, nişandan sonra isə evlilik təklifini gözləyirlər (filmlərdəki kimi). Daha sonra isə bahalı üzük, qəşəng don, 101 ədəd qızılgül və s. Bunların da hamısı kadra alınmalıdır, əlbəttə, bunun üçün də şəhərin ən yaxşı fotoqrafını tapmaq lazımdır.

 

Toya qədər isə Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, ad günü, Sevgililər Günü, 8 Mart, 23 Fevral – bunların hamısı üçün qız evi yaxşı süfrə açmalı, oğlan evi isə əli dolu qız evinə getməlidir. Birdən söz-söhbət düşər: “qızımızı aldı, bir quru konfetlə qapımızı açmır”, “o boyda aldıq apardıq, süfrəyə qoyduqları nə idi onların”... İraq olsun, qohum-əqraba sözə qoyub orda-burda danışar.

 

Beləcə bir neçə bayramı yola salırlar. Sıra gəlir toy hazırlıqlarına. Oğlan evi gəlinə bahalı zinət əşyaları almalıdır. Qız evi də düşür cehiz dərdinə. Necə deyərlər, qız qundaqda, cehiz sandıqda. Qızın doğulduğu gündən valideynlər cehizi haqqında düşünürlər...

 

Bu gün bir ailənin qurulması üçün çəkilən xərc oğlan evinin xərcindən heç də az başa gəlmir. Oğlan evi toyu qonaqların yazdırdıqları nəmər hesabına qismən qarşılasa da, qız evi borc-xərc pulu əşyaya çevirib cehiz verir. Çünki hələ də qıza bahalı cehiz vermək ənənə, dəb halındadır. Ailə dəridən-qabıqdan çıxır ki, qıza verilən cehiz oğlan evinə göndərildikdən sonra tənqid hədəfinə çevrilməsin. Bir sözlə, qayınana “maşın-maşın cehizi var gəlinimin, ay gəlinimin” deməlidir. Təki qohum-qonşu “bu qədər cehiz verdi” desin, “bir televizor belə vermədi” deməsin.

 

Bu yaxınlarda avtobusda təsadüfən iki qadının söhbətinə şahid oldum. Üç il öncə bu prinsipi əsas tutaraq bu qadın da qızına yaxşı cehiz vermək üçün kredit götürüb: “Qızıma bir maşın cehiz verdim –çay qaşığından tutmuş iri əşyalara kimi. Qızım ayağını dirədi, hər istədiyini aldırdı, indi də borcun içində üzürük. Hələ bu azmış kimi qayınanası hər gün qızıma verdiyim cehizə lağ da edir, qızın ürəyini qırır”. Bu qadın sözünü bitirmişdi ki, o biri başladı: “Mən də qızımı təzəlikdə köçürdüm. Qızımı oxutdurub əlinə də diplom vermişəm. Sabah gedib ər evində işləyib çörək qazanacaq, əlbəttə, öz ailəsi üçün. Cehizə gəlincə, elə mən onun diplomuna bir cehizin pulunu xərcləmişəm. Nəyi yox idisə yüngülvari cehiz də verdim”.

 

Qadınların söhbətindən sonra biraz düşündüm, ətrafımda olanlarla müqayisə etdim, doğrudan da bu hadisələr hələ də yaşanır. Cehiz imkan daxilində verilməlidir, kimsə verdiyi cehizlə öyünməməlidir. Kimin nəyə imkanı çatırsa onu da versin, valideyni cehizə görə çətinə salmaq düzgün deyil. Banklara kredit üçün müraciət edənləri dindirəndə ya yas mərasimi üçün, ya da toy, cehiz üçün pul götürdüklərini deyirlər. Nə məcburdur axı, camaat dilə salıb danışsın deyə sən illərlə ödəyəcəyin bir borcun altına girirsən...

 

Statistikaya görə, boşanmaların sayı artır. Bu boşanmaların çoxu dolanma, təlabatların ödənilməməsi səbəbindən artan davalar və mübahisələrə görə olduğunu isə sadəcə ailə içindəkilər bilir. Hər şeyin ən yaxşısı, ən gözəli olsun deyə-deyə sadəcə bir günlük xoşbəxtliklərini bir ömürlük xoşbəxtliklərinə qurban verirlər.

Müəllif: Aytən Fətullayeva