Kitab insanın ən yaxın dostudur deyiblər. Mənim fikirimə görə, bu heç də boşuna deyilmiş söz deyil. Hər kitab insan ruhuna açılan yeni bir pəncərədir. Kitab oxuduqca yalnız bilik qazanmırıq, həm də özümüzü tanıyırıq. Səhifələri çevirdikcə beynimiz güclənir, hisslərimiz dərinləşir, düşüncələrimiz formalaşır.

 

Kitab oxumaq insanı təkcə ağıllı etmir, onu daha anlayışlı, daha mərhəmətli biri edir. Çünki oxuduğumuz hər hekayədə tanımadığımız bir həyat gizlənir. Hər obrazın arxasında bir insanın ağrısı, əzabı, sevinci dayanır. Biz bu həyatları oxuduqca başqasının yaşadıqlarını özümüzünkü kimi hiss etməyi öyrənirik. Bu da insanı başqasını daha yaxşı başa düşməyə sövq edir və empatiya duyğusunu gücləndirir.

 

Birinə qulaq asmaq başqadır, onu başa düşmək isə tamam başqadır. Kitablar insana birini bütün qəlbinlə başa düşməyi öyrədir. Başqasının gözü ilə həyata baxmağı, onun yaşadıqlarını, ürəyində nə qədər fırtına qopduğunu sözlərinin arasından eşitməyi... – bütün bunları insana kitablar öyrədir.

 

Təəssüf ki, son zamanlarda kitab oxuyanların sayı kəskin azalıb. Bunun əsas səbəblərindən biri hər şeyin bu qədər əlçatan olmasıdır. Texnologiyanın sürətli inkişafı bizə saysız-hesabsız rahatlıq gətirsə də, gözlə görünməyən bəzi şeyləri də əlimizdən alır. Düşünmək və hiss etmək bacarığımızı yavaş-yavaş itiririk. Artıq axtardığımız hər şey bir saniyənin içində qarşımızdadır. Bir məlumat üçün zəhmət çəkməyə, araşdırmağa, səbir göstərməyə ehtiyac qalmayıb. Sadəcə barmağımızı hərəkət etdirməyimiz kifayətdir.

 

Yaxşı yadımdadır, atam cavan yaşlarında sözün əsl mənasında “kitab qurdu” idi. Oxumadığı kitab yox idi. Tez-tez klassik yazıçılardan sitat gətirirdi. Oxumağı o qədər sevirdi ki, yemək yeyəndə də boşqabının bir tərəfində mütləq kitab olurdu. Hətta anam “ağzını tapa bilməyəcəksən” deyə sataşırdı. İndi atam da bu yaşında “ağıllı telefon”ların əsiri olub. Artıq boşqabının yanında kitab yox, telefonu olur.

 

Ancaq bu asanlığın içində böyük bir boşluq da gizlənir, çünki sürətli bilik dərinlik gətirmir. Ekrandan oxunan qısa cümlələr, bir neçə saniyəlik videolar, şüşə arxasındakı görüntülər insanın ruhuna toxunmadan keçir. Onlar düşüncəni kəskinləşdirmir, hissləri böyütmür, insanın içindəki o sakit dünya ilə təmas qurmur. Barmağımızın ekranda yuxarı-aşağı hərəkəti, həyəcanla səhifə çevirməyin yerini tutmur.

 

Kitab oxumaq insanı düşündürür. Onu səs-küylü dünyanın əlindən alıb özü ilə baş-başa qoyur. Bəlkə də məhz buna görə texnologiyanın bu qədər gurultusu içində kitablar sakit qalır, çünki kitab oxumaq səssizlik tələb edir, diqqət tələb edir. İnsan da o sakitliyin içində özünü tapır. Elə buna görə də kitab oxumaqdan uzaqlaşmaq bir növ insanın özünün özündən uzaqlaşmağıdır.

 

Kitab oxuyan insan təkcə bir hekayəni deyil, bəzən öz həyatını, öz səhvlərini, öz həqiqətlərini oxuyur. Hər səhifə insanın öz içində gizlənmiş bir duyğunu oyadır, adını qoymadığı hisslərə dil verir. Elə buna görə də kitab oxumamaq sadəcə bir vərdişin itməsi deyil, insanın öz ruhundan, öz daxili səsindən uzaqlaşmasıdır.

 

Əlimdə Harri Potterin sehirli çubuğundan olsaydı hər kəsə məhz bunu öyrədərdim. Deyərdim ki, kitablar sadəcə əyləncə üçün deyil. Hər oxunan kitab səni bir az daha insan edir, bir az daha yumşaldır, bir az daha gücləndirir.

Afaq Azər