İnsan yaşlaşdıqca bəzən özünün də xəbəri olmadan zövqündə, geyimində, hətta fikirlərində, mövqeyində dəyişiklik baş verir. Uğrunda mübarizə apardığı ideallar dəyişir. Hətta bəzən qanının coşan vaxtlarında etdiyi çılğınlıqlar, dirənişlər, inadlar ona gülməli, ağılsızlıq kimi görsənir. Bütləşdirdiyi insanlara (yazıçılara, şairlərə, filosoflara, alimlərə, inqilabçılara və s.) tapınmağı, inanmağı, pənah aparmağı ərəblərin cəhalət dövründəki inamlarını xatırladır, onlara qarşı münasibəti dəyişir. Fikirləri, baxışları ilə razılaşmadığı yaşlı nəsillə fikirlərinin, baxışlarının get-gedə üst-üstə düşdüyünü anlayanda yaşlandığını dərk etməyə başlayır. Düzdür, ağıl yaşda deyil, başdadır deyənlər də bu uzun yolu keçərək belə qənaətə gəliblər. Amma təhsilindən, savadından, istedadından asılı olmayaraq bütün insanların ümumi bir yaşlanaraq kamilləşmək dövrü vardır və bu dövr məhz yaşda – ağıl yaşında yox, ahıl yaşında baş verir. Yəni bu yaşlanmaq dövründə savadlı da, savadsız da yazılmamış qanunların maddələrinə istər-istəməz, instinktiv olaraq əməl etməyə başlayır.
Atalar və oğullar arasındakı dava oğullar atalara çevriləndə bitir əslində, bitir və yenidən başlayır. İndi ata olmuş oğullar öz oğulları ilə, öz gənclikləri ilə, öz keçmişləri ilə davanı davam etdirirlər. İndi ata olmuş oğullar vaxtilə onlara deyilənləri – nəsihətləri, məsləhətləri, səhvləri, düzləri... öz oğullarına təkrar edirlər. Və bu müharibə Adəmlə oğlanlarından son ata-oğula kimi beləcə davam edəcək – dəyişməz bir kanon kimi. İnsan istəsə də bu kanonu dəyişə bilməz, nəsillər arasında gedən bu müharibəyə son qoymaq, hər iki tərəfi barışdırmaq, sülh sazişi bağlamaq yalnız hər iki nəsildən birinin məhv olması, yox olması ilə mümkündür ki, bu da təbiiliyə heç cür sığmır, utopiyadır.
Əslində, oğulun ata olması üçün, insanın yaşlaşması üçün nəsillərarası bu müharibə qaçılmazdır, təbiidir, hətta labüddür. Axı insan tanımadığını həmişə inkar edib. Oğul ata olmamış atalıq onun üçün həqiqət ola bilməz və öz həqiqətindən başqa həqiqətlərə şübhəylə yanaşar, inkar edər, mübarizə aparar... Axı indi atalar olan nəsil də bir zaman oğullar nəsli idi, onlar da öz ataları ilə yola getmirdilər, indi bir zamanlar atalarının onlara elədiklərini öz oğullarına edirlər. Deməli, bu dairə qırılmamalıdır, nəsillərarası bu münaqişə, əslində, xaos deyil, nizamdır. Nəsillərarası bu müharibəni, münaqişəni, davanı dayandırmamalıyıq, əksinə, onu daha da qızışdırmalıyıq, məişət səviyyəsindən intellektual səviyyəyə yüksəltməliyik, fərdi səviyyədən ictimai, hətta deyərdim milli səviyyəyə yüksəltməliyik (bəzi millətlərdə bu müharibə çoxdan intellektual səviyyədədir) ki, müharibənin gedişini yaxşı istiqamətdə dəyişsin, nəticə ürəkaçan olsun, tənəzzülə yox, inkişafa səbəb olsun. Nəsillərarası müharibədə eyni vaxtda udan da, uduzan da hər iki tərəf olur. Ona görə də bu müharibə, münaqişə, dava məişət meydanından çıxarılıb, intellekt, ağıl, rasional meydanda aparılmalıdır. Belə olduqda hər iki cəbhənin əsgərləri bu davadan qalib çıxacaqlar.
Təəssüf ki, bizdə atalar və oğullar arasındakı dava məişət səviyyəsindədir, məişət davasıdır. Və bu davada atalarımız oğullarına ən pis halda ev-eşik, ən yaxşı halda var-dövlət, vəzifə ötürürlər. Elə çox vaxt da bu davanın səbəbi mal-mülk olur, niyyətlər əmələ çevrilir, mənzilinə istiqamətlənmiş niyyət daşınmaz əmlak davasında qan tökür. Və bu “dəyərlər” dəyişməyənə qədər bu dairə sonsuza qədər belə davam edəcəkdir...
Ümumiyyətlə, nə maddidirsə fanidir, itirilmək qorxusu var. Bizim atalar və oğullar davasının katalizatoru da məhz bu qorxudur. Üstəgəl bu qorxuya şərik olanlar varsa faciə daha geniş miqyas alır. Qabil təkcə Adəmlə deyil, eyni zamanda qorxusuna şərik olan qardaşı Habillə də mübarizə aparmalı olur. Və bəlkə də “şərik yaxşı olsaydı, Tanrı özü üçün tutardı” fikri də ilk dəfə elə qardaşını öldürməmişdən qabaq Qabilin beynindən keçib. Bizim məişət səviyyəsində olan atalar və oğullar davamızın içində oğullar və oğullar davası da gedir. Buna görə də, bəlkə dünyada bizdən çox parçalanan, bizdən çox fərqli ideologiyalar uğrunda döyüşən, bizdən çox fərqli tanrılara tapınan ikinci bir millət yoxdur.
Bizim atalar və oğullar davamız məişət səviyyəsindən çıxıb intellektual səviyyədə aparılmayana qədər, dəyərlərimiz maddidən mənəviyə çevrilməyənə qədər, atalarımız oğullarına daşınmaz əmlak əvəzinə beyinlərdə daşınan əmlak – bilik, ağıl, elm miras qoymayana qədər bu soyuq müharibənin nəticəsi hər iki tərəfin də məğlubiyyəti, tənəzzülü, məhvi olacaqdır.
Azər MUSAOĞLU