“Jurnalistikanın nəzəriyyəsi” və “Kino” adlı çox maraqlı dərslər keçdik. “Jurnalistikanın nəzəriyyəsi”ndə “Sehirli güllə” metodu mövcuddur ki, medianın auditoriyaya güclü və birbaşa təsirinə əsaslanır. Bu nəzəriyyəyə əsasən, media bir güllə kimi auditoriyaya dərhal nüfuz edərək insanların fikirlərini dəyişir. Auditoriya passiv hesab olunur, medianın mesajlarına qarşı müqavimət göstərmir və media hər kəsə eyni cür təsir edir. Buna zidd olan bir neçə nəzəriyyə də mövcuddur ki, onlardan biri də “Medianın seçici və məhdud təsir nəzəriyyəsi”dir. Bu nəzəriyyəyə əsasən, insanlar medianın təqdim etdiyi məlumatları seçir və yalnız öz dünyagörüşlərinə uyğun gələn məzmunu qəbul edirlər. Bu, insanların mövcud inanclarını gücləndirir, yeni məlumatları isə öz mövcud yanaşmalarına uyğun şəkildə qəbul edirlər.

 

Kəsə getsək, birinci nəzəriyyə medianın insanlara təsir edərək onların düşüncələrini formalaşdırdığına, ikinci isə onsuz da formalaşmış olan bir düşüncənin güclənməsinə səbəb olduğuna əsaslandığını deyə bilərik. Bununla yanaşı, düşüncənin formalaşmasına və ya güclənməsinə yaş, təhsil səviyyəsi və insanın məqsəd və mövqeyi müəyyən dərəcədə təsir göstərir. Bu faktorlar auditoriyanın hansı nəzəriyyənin tərəfkeşinə, hansının əleyhdarına çevrildiyini müəyyən edir. Burada auditoriyaya təsir edən media deyəndə yalnız sosial şəbəkələrdən, internetdən deyil, həm də televiziyadan, verilişlərdən, filmlərdən və seriallardan bəhs edilir. “Kino” mövzusundakı dərsimizdə bir az kinonun tarixindən, inkişafından danışandan sonra mühazirənin sonlarına yaxın ekran üzü görən film və seriallar ətrafında debat aparmışdıq. Seriallara baxanların sayı beş-on nəfər ancaq olardı. Lektorumuz bunun səbəbinin süjet xəttinin, məkanın eyni olmasından irəli gəldiyini deyirdi. Buna görə də yerli seriallardan daha çox “idxal edilmiş” serialların daha çox reytinqə sahib olduğunu qeyd etmişdi. Onların içində məhz türk serialları, hansılar ki, artıq onlar da eyni mövzu ətrafında fırlanmağa başladığı üçün tamaşaçı itirməyə başlayıblar. Fikirləşəndə bu, doğrudan da belədir, yəni bir az vaxt keçəndən sonra adı fərqli, mövzusu eyni olan seriallar insanı sıxır, onları vaxt itkisi hesab edir. Şəxsən mən özüm artıq üç-dörd il olar ki seriallara baxmıram, çünki hər hansı serialda və ya verilişdə ortaya qoyulan nəsə problem, bu məsələyə fikir bildirən zidd tərəflər axtarıram. Amma ekranları ağuşuna almış eyni verilişlərlə qarşılaşıram. Buna görə də insan televiziyadan soyuyur və internetə yönəlir. Elə yenə demək olar ki, bütün televizorları əhatəsinə almış həmin axtarış verilişlərinin başladığı vaxtda televiziyadan qaçaraq feysbuka sığındığım zaman qarşıma bir neçə dəqiqəlik video çıxdı. Baxan kimi hansısa filmin səhnəsindən olduğunu asanlıqla anlamaq mümkün idi. Əvvəlcə fikirləşdim ki, yəqin yutubda yayımlanmağa başlayan hansısa qısametrajlı filmdən olan səhnədir. Gözüm filmin adını axtardı. Budur, videonun alt hissəsində yazılıb: “Vətəndaş A”. Azəbaycan telekanallarının birində yenicə yayımlanmağa başlayan serial olduğunu biləndə qəribə gəlmişdi. Oturub ilk üç seriyasını izlədim. Onsuz da müddəti heç 1 saat davam etmir, 45 dəqiqədir. Çoxdandır serial izləməyən biri olaraq mövzu mənə əməlli-başlı təsir eləmişdi. Elə qəribə gələn də bu idi. Bizlərin izlədiyi telekanallarda axtarış verilişlərinə üstünlük verilir, çünki auditoriya dünyagörüşlərindən irəli gələrək bunu tələb edir. Belə olan halda bu ssenari haradan çıxmışdı? Kino sektoru sıfır nöqtəsində olan bir telemedianın bu cür işi insanda maraq doğururdu. Ona görə də bir balaca axtarış edəndən sonra məlum oldu ki, serial C.Cabbarlının 1930-cu ildə qələmə aldığı “Almaz” pyesi əsasında, günümüzdəki aktual olan mövzulara əsaslanaraq ekranlaşıb. İndi təsirin C.Cabbarlının motivlərindən qaynaqlandığı məlum olmuşdu.

 

Həm pyes, həm də serial qadın azadlığı, sosial ədalət və maarifləndirmə ideyalarını təbliğ edir. “Almaz” əsərində Almaz qadın hüquqları uğrunda mübarizə aparır və kənddə maarifləndirmə işlərinə önəm verir. “Vətəndaş A” serialında da qadınların cəmiyyətdəki rolu və onların öz “Almaz” pyesi 1930-cu illərin kənd mühitini təsvir edir, Sovet ideologiyası və maarifçilik ruhu əsas rol oynayır. “Vətəndaş A” serialı müasir dövrə uyğunlaşdırılıb və bugünkü sosial problemləri əhatə edir. Bütün bunlar öz yerində, serialdan danışmaqdansa yalnız bir-iki mövzuya toxunacam. Çünki eyni hadisələr bizim də başımıza gəlib.

 

Deməli, bunlardan biri kənd məktəbində biologiya müəlliminin cinsiyyət mövzusunu tədris etməməsidir. Guya müəllim həmin dərsi əxlaqsızlıq sayır və dərsin tədris olunmasını da əxlaqsızlığa təşviq sayır. Hələ üstəlik müəllim Darvin nəzəriyyəsinə də inanmır. İş orasındadır ki, bu hal yalnız kənd məktəblərində deyil, elə bizim məktəbdə də mövcuddur. Məktəbdə oxuyanda biz də həmin mövzunu keçməmişdik. Müəllim filan səhifədəki yeni mövzumuzu açın deyəndə, “müəllim, arada dərslər qaldı” cümləsinə sadəlövhlüklə “mən o dərsləri keçmirəm, sizə hansını deyirəm onu açın” şəklində cavab verərək yeni mövzuya keçmişdi. Bəlkə də müəllim utanırdı bu haqda danışmağa. Bəs əgər bunlar ayıbdırsa, onda niyə dərslikdə verilir?  Niyə kağızı heyif edirlər? Niyə bu mövzu ilə bağlı məktəbə verilən maketləri şkaflarda ağzı bağlı şəkildə saxlayırlar? Çünki ayıbdır, mentalitet icazə vermir.

 

Darvinə gələndə isə, camaat biologiya dərsində onun kim olduğunu öyrənəndə mən şəxsən tarix dərsində öyrənmişdim. Yəqin ki, səbəbi məktəbdə də onun nəzəriyyəsini inkar edənlər az olmadığındandır. Bununla yanaşı, sözün düzgün orfoqrafik qaydasını bilməyən və siyasi baxışlarına görə Dostoyevskini tədris etməyən dil-ədəbiyyat müəllimi, doğulub boya-başa çatdığı kəndin adının necə yazıldığını bilməyən kənd sakini, iki cümləni ardıcıl deməyi bacarmayan direktor, divarında “bələdiyyə” sözü belə düzgün yazılmamış rüşvətxor bələdiyyə nümayəndələri, dırnaqarası hacılar və sairə kimi obrazlar hamıya tanış olan şəxslərdir. Hamı öz həyatından bir hissəni bu serialda tapa bilər. Bəlkə onu maraqlı edən də elə budur. Onu da demək lazımdır ki,  serial ekranlarımızı zəbt edən verilişlərə və hər on dəqiqədən bir sponsorlardan danışan aparıcılara da ilişib. Bəlkə bu çoxlarını qıcıqlandırdığı üçün kanala serialda etik qaydalara uyğun olmayan sözləri sensorsuz səsləndirdiyi ilə bağlı xəbərdarlıq da edilib. Həmin ifadələr də məhz cinsiyyət mövzusu ilə bağlı işlənən sözlərdir ki, televiziya rəhbərliyi də ayıb sayır.

 

Maraqlıdır, bizim mentalitetimiz bu mövzunu nə vaxt qəbul edəcək? Cavab verməli olsaq – bu cür ekran işlərimiz artanda – demək lap yerinə düşərdi. Çünki “Medianın seçici və məhdud təsir nəzəriyyəsi”nə baxmayaraq, televiziya və sosial media geniş kütləyə müxtəlif cür də olsa təsir göstərir.

 

“Vətəndaş A” serialı azərbaycanlıların cəmiyyətində mövcud olan, dəmək olar ki, hər mövzuya toxunub və dilimizdə mövcud olan, lakin nə mənasını bildiyimiz, həmçinin heç düzgün bir şəkildə tələffüz edə bilmədiyimiz sözlərdən də istifadə edilib. Bir sözlə, o çatışmayan cəhətlərimizi ayna kimi əks etdirib. Buna isə C.Cabbarlının 1930-cu ildə qələmə aldığı pyesin motivləri əsasında nail olub. İndi bəlkə kimlərsə onun necə uzaqgörən bir şəxsiyyət olduğunu düşünə bilər və haqlıdırlar da, amma işin pis tərəfi 1930-cu ildə mövcud olan vəziyyətin 2024-cü ildə aktual olmasıdır. Bir əsrə yaxın vaxt keçməsinə baхmayaraq problemlər yox olmayıb, enerji kimi bir haldan başqa hala keçib, sadəcə müasir status qazanıb.

 

Çiyalə OSMANOVA