Mənə sual versələr, əsl dost necə olmalıdır? Deyərəm, əsl dost səni səndən çox sevməlidir. İnsanlar təbiətlərinə görə tək yaşaya bilməzlər. Onların sevinclərini, həyəcanlarını, qorxularını və kədərlərini bölüşmək üçün başqa insanlara ehtiyacları var. Bu hiss və duyğuları paylaşdığımız insanlara dost deyirik.
Həyatımız boyu çoxlu dostlarımız olur. Bəziləri ilə ünsiyyətimiz pozulur, bəziləri ilə bu bağ illərlə davam edir. Hətta elə dostluqlar var ki, ömür boyu bitmir, zamanla dostluğa çevrilir, bəzilərimiz belə dosta sahib insanlara həsrətlə baxırıq.
Dostluq qarşılıqlı maraqlara əsaslanan münasibət deyil. Dostluq sosial şəbəkələrdə paylaşa biləcəyin şəkillərdən ibarət bir şey də deyil. Dost çəkinmədən etibar edə biləcəyiniz, sahib olduğunuz hər şeyi paylaşa biləcəyiniz, birlikdə vaxt keçirə biləcəyiniz və şərtsiz sevə biləcəyiniz xüsusi bir insandır. İnsanlar zəifliklərini bilməsinlər deyə dost bu zəiflikləri ört-basdır etməyə çalışandır. Enerjinizin tükəndiyi və ümidsizliyə qapıldığınız anlarda dost ümiddir. Səhvə sürükləndiyiniz zaman sizi o səhvdən çıxarandır. Dost həmişə gedə biləcəyiniz bir limandır. İnsanın dostu yanında olanda çətin günlər daha asan keçir. Dostun dəstəyi ilə uğura və xoşbəxtliyə daha asan çatmaq olur. Bu həyatın pis tərəflərinə tək dözmək asan deyil. O qədər pis anlarımız olur ki, içində olduğumuz vəziyyəti kiməsə danışmaq və bununla da rahatlanmaq istəyirik. Belə vəziyyətlərdə ilk ünvanımız sevdiyimiz dostlardır.
Dostluq bu dünyanın ən gözəl şeylərindən biridir. Ətrafımızda özümüzə uyğun gördüyümüz insanlarla dostluq etməliyik. Amma biz yaxşı ürəkli dostlarımızı seçməliyik. Çünki dost dar gündə tanınar cümləsi öz aktuallığını itirib. İndi dostu, əksinə, yaxşı gündə tanımağa başlayırsan. Bir müsahibədə eşitmişdim. Deyir, çətin günlərin öhdəsindən özümüz gəlirik. Ən azından xoş günümüzə sevinən bir dost tapaq. Onu da tapmaq olmur.
Bir söz var, deyir, sənin yaxının sənə heç nə eləməz. Bu gün elə deyil. Elə nə edir sənin yaxının, dostun, qohumun sənə edir. Artıq bilmirsən, kimə inanasan. Dostluq eləyirsən, doğmandan seçmirsən, eyni qabdan yemək yeyib, su içirsən, yeri gəlir ovcunda olan beş-üç manatını bölüşürsən, vitrində bir şey görüb dostu düşünürsən, bunu çox bəyənər, alsam sevinər deyib alırsan. Ona qardaş olursan, bacı olursan, yaxın münasibət bəsləyirsən. Dərdini dərdin, uğurunu uğurun bilirsən. Sən demə bunları etmək bəzən kifayət etmirmiş. İnsanoğlu aldatmağı çox yaxşı bacarırmış. Aldadıldığının peşmanlığını da, təəssüflər olsun ki, bir müddət sonra xeyli çəkməli olursan... Həmişə belə olmurmu?! Güvəninin nə dərəcədə qırılmağından çox kim tərəfindən qırılmağı incidir insanı.
Ağacı qurd içindən yeyər deyimi var. Həyatımıza böyük təsiri olan pislikləri edən birini axtarırıqsa bu prosesə öncə ətrafımız və içimizdən başlamalıyıq. Bizə zərər verə biləcək insanlar bizlərdən olur həmişə. Çünki yadlar bizim zəif nöqtələrimizi, bizi haradan vuracaqlarını müəyyən edə bilməzlər. Yadların vurduğu ox belə dərin yaralamaz. Ona görə ki, həmin oxda nə parça-parça olan güvən, nə dost xəyanəti, nə də doğmalıq olur. Dost dediyimiz insanlar bizə pislik edərlərsə, yaxşılıq etməyimizə mane olarlarsa, pis günlərimizdə yanımızda olmazlarsa o insanlarla dost olmağın mənası yoxdur. Nə edirsən et, əgər qarşındakı insan doğrudan düşüncəli biridirsə, səni yaxşı tanıyırsa, sənə dost deyirsə əmin ol, sənin səssizliyini belə başa düşəcək.
Bu məqamda Ömər Xəyyamın tam yerində dediyi çox sevdiyim bir sözü var: “Kimsə qızılgülün ətrini anlamaz, kimsə acı otlardan belə bal hazırlayar, kiməsə etdiyin ən xırda yaxşılığı belə əbədi xatırlayar, kiməsə həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz”.
Mən bu həyatda tək şeyə inanıram. Heç kəs boşuna qarşımıza çıxmır. Həyat ya onları bizə dost edər, ya da bir dərs. Dərslər bizi böyüdər, düzdür, yaşadıqlarımıza kədərlənə bilərik, bəzən canımızı yandırar, amma gerçək dostu, düşməni tanımağımıza vəsilə olanlar da həmin insanlardır. Bir yerdə onlara təşəkkür edib geridə qoymalıyıq. Çünki həyat belədir, bəzən bizdən aldıqlarını başqa formada qaytarır bizə. Sadəcə həyatımızdan gedənlərdən savayı gələnləri də görmək lazımdır. Dərindən baxsaq görərik ki, bunun mənə gəlməsi üçün, mən nələrisə verməliyəmmiş. Deməli, nələrsə getməli imiş ki, daha yaxşıları gələ bilsin.
Aytən FƏTULLAYEVA