Hər il dekabrın son günü dünya boyu milyonlarla azərbaycanlının qəlbində xüsusi bir hiss oyanır. Bu, təkcə təqvimin son günü deyil, həm də bir xalqın tarixi yaddaşı, milli iradəsi və ruhunun səsini eşitdiyi əlamətdar bir gündür. Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

 

Dünya miqyasında 50 milyondan çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti Azərbaycan və İranda məskunlaşsa da, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Avropa ölkələri və digər regionlarda da böyük azərbaycanlı icmaları mövcuddur. Bu icmalar 31 dekabr tarixində müxtəlif tədbirlər keçirərək həm milli-mənəvi dəyərlərini qoruyur, həm də yeni nəsillərə milli kimliklərini aşılamağa çalışırlar.

 

Həmrəylik bir xalqın gücü və birliyinin göstəricisidir. Dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox azərbaycanlını birləşdirən nədir? Cavab sadədir: dilimiz, mədəniyyətimiz, tariximiz və irsimiz. Bu dəyərləri qorumaq, yeni nəsillərə ötürmək və qlobal miqyasda azərbaycanlıların səsini ucaldan tədbirləri həyata keçirmək Həmrəylik Gününün əsas məqsədidir.

 

Bu gün təkcə Azərbaycan Respublikasında deyil, dünyanın müxtəlif guşələrində – Amerikadan Avstraliyaya, Rusiyadan Avropaya qədər qeyd olunur. Tədbirlər, konsertlər azərbaycanlıları bir araya gətirir. Bu bayram bizə təkcə köklərimizi xatırlatmır, həm də gələcək nəslə kim olduğumuzu göstərir.

 

Mənim ulu babalarım cənubi azərbaycanlıdır. Cənubi azərbaycanlılar 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Araz çayı ilə iki yerə ayrılıblar. Azərbaycanın kağız üzərində Şimali və Cənubi Azərbaycan olaraq ikiyə ayrılması hər bir azərbaycanlı üçün dərin bir yara və tariximizin ən acı səhifələrindən biridir. Bu ayrılıq təkcə coğrafi deyil, həm də milli və mənəvi olub. Ailə üzvləri, qohumlar, dostlar bir sərhəddin iki tərəfinə səpələniblər. Lakin bu ayrılıq xalqın milli kimliyini unutdurmadı, əksinə, daha da gücləndirdi.

 

Düşünəndə ki, Araz çayı bir xalqın arzularını, sevincini və hüznünü bölmək üçün sərhəd oldu, qəlbimiz sızlayır. Bu çay sadəcə su deyil, ayrılığın acısını daşıyan bir şahiddir. Hər iki tərəfdə eyni dil danışılır, eyni musiqi oxunur. Amma sərhəd onların arasına soyuq bir xətt çəkir.

 

Bu bölünmə ilə təkcə torpaqlar deyil, həm də xatirələr, mədəniyyətlər və qəlblər bölündü. Bizim üçün Azərbaycan birdir, ayrılmazdır. Kağızdakı xətlər nə qədər sərt olsa da, bir xalqın ruhunu və birliyini heç vaxt məhv edə bilməz. Araz üzərində oxunan “Ayrılıq” mahnısı hələ də bu acının sədasıdır.

 

Müəllimim danışardı ki, illər öncə dekabr ayının soyuq qış günlərindən birində insanlar Araz çayını keçərək bir-birilərinə sarılıblar, azadlıq və birlik istəyini dünyaya bəyan ediblər. Bu səhnə həm Azərbaycan xalqının gücünü, həm də öz mənəvi dəyərlərinə sadiqliyini bütün dünyaya göstəribmiş. Araz çayının üzərində bir zamanlar ayrılığı simvolizə edən dirəklər söküldükcə xalqın ürəyindəki sərhədlər də bir-bir yox olub.

 

Cənubi azərbaycanlılar üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sadəcə bir bayram deyil, daha dərin mənaya malikdir. Bu gün Şimal və Cənubda yaşayan azərbaycanlıların qəlbindəki milli bağlılığın, ayrılmazlığın və birliyə olan ümidin ifadəsidir. Arazın iki sahilinə bölünmüş bir xalqın illərdir yaşadığı həsrət bu tarixdə öz simvolik dəyərini tapır.

 

Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar hər zaman öz dillərini, mədəniyyətlərini və milli kimliklərini qorumaq üçün mübarizə aparıblar. Onlar üçün 31 dekabr sanki bu mübarizənin qələbəyə gedən yolunun bir işarəsidir. Şimali Azərbaycanla olan bağlılıqları, birlik istəkləri və gələcəyə dair ümidləri hər il bu gün daha da qüvvətlənir.

 

Bu gün bizə xatırladır ki, dünyanın harasında oluruqsa olaq biz eyni kökün budaqlarıyıq. Dalğalanan Azərbaycan bayrağı görəndə gözləri dolan bir soydaşımızın hissləri, uzaq ölkədə Azərbaycan mahnısı eşidib kövrələn bir gəncin həyəcanı, uşaq vaxtı nənəsinin hazırladığı dolmanı xatırlayan və öz mətbəxində yenidən o dadı yaratmağa çalışan bir ailənin sevinci... Həmrəylik hər birimizin həyatında bu cür xırda, amma böyük mənası olan anlarla toxunur. Bu bayramın məqsədi keçmişimizi yaşatmaqla yanaşı, gələcəyimizi birlikdə qurmaqdır.

 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sadəcə bir tarix deyil, bu, hər bir azərbaycanlının qəlbində milli qürur, sevgi və birliyə çağırışdır. Hər kəs öz yerində bu həmrəyliyin bir parçasıdır. İşıqlı gələcək üçün bu ruhu yaşadaq, qoruyub gələcək nəsillərə ötürək!

 

Həmrəylik ruhu həmişə yaşasın!

 

Aytən FƏTULLAYEVA