Bu yaxınlarda günəşli havanın fürsətindən istifadə edərək kompüterdən və telefondan bir horu da olsa aralanmaq üçün yenə parka getdim. Yaşlılardan bir neçəsi domino oynayır, bir neçəsi də oynayanlara baxa-baxa sovet dövrü ilə indini müqayisə edərək sovet hökumətinin heyfini çəkirdilər. Biri Qarbaçovun keçəl başındakı xalı söyür, biri Amerikanı lənətləyir, biri o biriləri Putinin sovet hökumətini geri qaytaracağına inandırmağa çalışırdı...

 

Kənardan baxanda elə görünürdü, sanki bu yaşlı adamlar hər gün bu parka gəlib domino oynaya-oynaya sovet hökumətinin yenidən qurulacağını gözləyirlər, inanırlar ki, Putin onların keçmişini qaytarmaq üçün Ukrayna ilə müharibə edir. İnanırlar ki, onların yenə də ucuz və keyfiyyətli yağ yemələri üçün; ildə bir dəfə putyovka almaları üçün; benzinin, qazın qəpik-quruşa olması üçün; 25 rubla təyyarə ilə Moskvaya uçub, restoranda nahar edib geri qayıtmaları üçün; evi-eşiyi kolxozun, sovxozun, zavodun, fabrikin materialı ilə pulsuz tikmələri üçün, talayıb yemələri üçün Putin bütün dünya ilə mübarizə aparır.

 

Təxminən bir saat parkda oturub onların söhbətinə qulaq ortağı oldum. Yadıma Mirzə Cəlilin “Bəlkə də, qaytardılar” hekayəsi düşdü. Mirzə Cəlilin hekayəsindən fərqli olaraq mənim hekayəmin qəhrəmanları sovet höhumətinin dağılmasını deyil, tezliklə qurulmasını arzulayırdılar. Mirzə Cəlilin qəhrəmanları hər gün dənizkənarı parka yığışaraq keçmiş günlərini həsrətlə xatırlayır, qəzet səhifələrində, xaricə gedib-gələn adamlarda sovet hökumətinin tezliklə dağılacağına işarə edən xəbər, məlumat axtarır, “bəlkə də, qaytardılar” deyərək sövet hökumətinin əllərindən aldığı mallarının-mülklərinin geri qaytarılacağına inanaraq özlərinə təsəlli verirlər.

 

Mənim qəhrəmanlarım isə hər gün parka yığışaraq domino oynaya-oynaya keçmiş günlərini həsrətlə xatırlayır, televiziya xəbərlərində, Rusiyaya gedib-gələn adamlarda sovet hökumətinin tezliklə qurulacağına işarə edən məlumat axtarır, “bəlkə də, qaytardı” deyə Putinin onların qırmızı sovet pasportlarını, partbiletlərini, zavodu, fabriki qaytaracağına inanaraq özlərinə təsəlli verirlər. Mirzə Cəlilin qəhrəmanlarından fərqli olaraq mənim qəhrəmanlarımın sovet pasportundan, partiya biletindən və fəhlə işindən başqa itirdiyi mal-mülk olmayıb.

 

Əslində isə, oturub düşünəndə, elə bu yaşlıların özlərini sorğu-sual edəndə görürsən ki, bu nəslin itirdiyi elə də böyük zad deyil; görürsən ki, indi daha yaxşı yaşayırlar, evləri ondakından daha böyükdür, mindikləri maşınlar ondakından daha komfortludur, yedikləri-içdikləri ondakından daha çeşidlidir, geyindikləri ondakından daha bahalıdır, toyları, bayramları ondakından daha dəbdəbəlidir, ondakından daha yaxşı istirahət edirlər və dünyanın istənilən yerinə gedə bilirlər və sair. Amma nə faydası, nə qədər danışırsan danış, arqumentlər ortaya qoyursan qoy, faktları göstərirsən göstər, yenə də kar könlündəkini anlar. Sabah əlimizə mikrofon alıb kənd-kənd, küçə-küçə düşüb sorğu aparsaq, inanın, müəllimindən tutmuş fəhləsinə kimi, 80-90 faiz sovet hökumətinin qayıtmasını istəyəcək, Leninin, Stalinin xortdamasını arzulayacaq, Putini dəstəkləyəcək.

 

Baxırsan bu həmişə narazı yaşlı nəslin nümayəndələrinə və görürsən ki, onlar əslində, sövet hökuməti üçün yox ey, öz keçmişləri üçün, analı-atalı, nənəli-babalı, qohumlu-qonşulu uşaqlıqları üçün; güclü, enerjili, həvəsli, sevib-sevilən gənclikləri üçün darıxırlar, ucuz və keyfiyyətli yağ üçün yox və inanırlar ki, Putin onların bu keçmişini qaytaracaq.

 

Bu yerdə Mirzə Cəlilin Balaqədəşi kimi çıtmıq çala-çala “bәlkә dә qaytardı, bәlkә dә qaytardı” deyə oxuyub oynamağın gəlir...

 

Azər Musaoğlu