El arasında “Asan xidmət” deyilən ictimai mərkəzdən çıxıb dayanacağa tərəf istiqamət alanda uzaqdan tanış bir qadını gördüm. Qızıyla dayanmışdı. Əllərində cüt qızılgüllər var idi. Düzü, mən xoş xəbərləri bölüşməyi də, soruşmağı da sevirəm, amma kədərli məsələlərdə çox həssasam. Özləri deməmiş soruşmaram, əks halda tamam xəbərsiz kimi aparıram özümü.

 

Bu qadını ona görə sevirəm ki, o əsl bizim milli qadın obrazıdır. Cəfakeş, zəhmətkeş, qayğıkeş, əsl ana, əsl həyat yoldaşı, əsl gəlin, bir sözlə, dilimizin bütün tərif ifadələrini bu qadına tətbiq etmək olar.

 

Mən həmişə – yaxşı insan kimdir? – sualına düşünmüşəm ki, bu cavab o vaxt yerinə düşür ki, qəhrəman özü həyatda öz valideyn borcunu yerinə yetirsin. Bu da o vaxt mümkündür ki, “çörək verib, əlini başına yığasan”.

 

Bax bu, o qadındır. Əsl mənim ideal bildiyim qadın, ana, həyat yoldaşı obrazı.

 

Uzaqdan onlara baxıb cüt güllərlə ziyarətin yönünü təxmin etmişdim.

 

Bu qadının cəfalı həyat yolu film kimi gözümün önündə canlandı.

 

Ali təhsilli bu qızı kəndə dönəndə, təbii ki, el adətiylə ağsaqqalların xeyir-duasıyla ərə verdilər. “Yıxılan ağlamaz” yoluyla irəlilədi.

 

Böyük külfət, qayın, baldız, qayınana, qayınata, qoca nənə-baba... Həyət işi, mal-qara... bir sözlə, işlər dövr edən kənd işi, ən əsası da “etməlisən, gəlinsən” sindromu. Bu minvalla 3 il keçdi. Artıq iki uşaq da var idi. Digər qayın da evlənmişdi. İmkan yox idi ki, böyük qardaş ev tikib ayrılsın. Bir gün ailəyə bir təklif gəldi. Uzaq qohumun övladları xaricdə yaşayırdılar. Rayon mərkəzindəki evlərində yataq xəstəsi olan nənəyə baxıcı lazım idi. Məsləhət idisə həm evdə qalsınlar, həm nənəyə baxsınlar.

 

Qayınata, qayınana susdular. Təklifin ikinci hissəsi sərfedici olsa da, birinci hissə əziyyətli idi. “Özü bilər”, - deyə bütün məsuliyyəti gəlinin üzərinə atdılar.

 

Gəlin sakit öz otağına keçib, mışıl-mışıl yatan övladlarına baxdı: “Mən sizə bu yaşamla nə verəcəm ki? Yox, nə əziyyət olsa da dözəcəm. Təki balalarıma xoş gün yaşadam”.

 

Gəlin otaqdan çıxanda bütün baxışlar üzünə dikilmişdi. “Mən razıyam” deyərkən sevinənlər də oldu, kövrələnlər də. Beləliklə, baxıcılıq həyatı 7 il davam etdi. Gəlin uşaqlarını bağçaya qoydu. Özü bütün günü xəstə qulluğunda dayandı, bir ayağı bağçada. Bəzən yorulanda şeytana lənət oxusa da “güya orada qalsam nə olacaqdı ki?” düşüncəsiylə özünə səbr dilədi.

 

Övladları Avropada şirkət sahibi, ticarət işçisi olsalar da, telefon əlaqəsi ananın istəyinə yetmirdi, balalarını daim ətrafında görmək istəyirdi.

 

Gözü doğmalarını axtaram ana baxıcısının əllərini ürəyinin üstünə qoyub dünyadan köçdü.

 

Gəlin işə düzəldi. Gündüzlər işlədi, arada evə qaçıb uşaqlara nəzarət elədi, gecələr ev işlərini gördü. Bəxtindən övladları da naxələf çıxmadılar. Hər iki övladı yüksək balla tələbə oldular. Kimsənin köməyi olmadan özləri özlərinə qapılar açdılar. Hər ikisi rayonda tanınmış şəxslərə çevrildilər. Artıq ailədə dörd nəfərlik işçi qüvvəsiylə ev aldılar, güzəranı tam düzəltdilər.

 

Ana və balaları bütün bayramlarda, anım, doğum günlərində mütləq nənəni ziyarətə gedirlər.

 

Ana övladlarına belə yol göstərib: “A bala,onun burada doğma övladları yox. Ona yaxın burada bir bizik. Həm də üstümüzdə haqqı var. Ev alana qədər yurdunda qalmışıq. Sizdən bir xahişim var, həmişə onu ziyrətə gedin”.

 

Vicdanlı ana bunu bir əməl borcu kimi uşaqlarına nəsihət edir.

 

Mənsə düşünürəm ki, haqqın tərəzisində qəti səhv olmaz. BALIĞI dəryaya atan heç düşünməzdi ki, bunları qiymətləndirən XALİQ var.

 

Mən bu ananın tarixçəsini dinləyəndə özünə də dedim: Maşallah, sənin övladların belə zirvəyə çatdılar ha, bax bu hamısı sənin o vicdanının mükafatıdır. Həyatda ən böyük mükafat budur ki, Allah səni qiymətləndirib.

 

Ana qızıyla taksi saxladılar. Yox, yanılmamışdım, taksi qabaqdan qəbiristanlıq yoluna tərəf yön aldı.

 

Esmira ƏLƏKBƏRLİ