Dünyanın və sakinlərinin ötən illərə nisbətən daha da müasirləşdiyini eşidirik, oxuyuruq. Həyatın hər sahəsində – dövlət idarəçiliklərindən tutmuş xırda bir sahibkarın belə işlətdiyi iş yerində, hətta gündəlik yaşantımızda müasirləşməyə doğru gedildiyini əməlli-başlı gözlə görürük və müşahidə edirik. Lakin görünən müasirləşmənin görünməyən üzü də var, yəni jetonun arxa üzü də var, o üzü də yalnız dünyanın məzlum sakinləri görürlər. Əsrlər əvvəl olduğu kimi insanların haqları tapdalanırsa, insanın iradəsi nisbətində seçimi əlindən alınırsa, insanın öz hür iradəsi ilə etdiyi seçimə hörmətlə yanaşılmırsa, dünyanın gələcəkdəki sakinləri olacaq körpələr amansızca qətlə yetirilirsə, dinindən, dilindən, irqindən asılı olmayaraq dünyanı bir-biri ilə paylaşaraq yaşayan dünya sakinləri öldürülürsə, insanın ən təbii haqqı olan yaşamaq haqqı əlindən alınırsa o dünyada müasirləşməkdən söz gedə bilməz.
Müasirlik adı altında qarşımıza sərgilənən müasirliyi istəmirəm mən. Mən hər kəsin şəxsi hür iradəsi ilə etdiyi seçimi arxasında həyat sürə bildiyi ədalətli dünya istəyirəm. Bu, bütün məzlumların arzusudur, o arzu ki, gerçəkləşmədən hər zaman jetonun arxasında qalır və gözardı edilir.
Dünyada baş verənlərdə haqlı və ya haqsız tərəfi axtarıb, arxasınca düşüb pərəstişkarlıq etməkdənsə, bu şüuru mənimsəyə bilsək dünya hüzura qərq ola bilər. Bu şüur haqlı və ya haqsız demədən insanın yaşamaq haqqına toxunmamaqdır. Yəni insanların yaşamaq haqqı haqlı səbəbdən belə olsa əllərindən alınmamalıdır. Hələ ki “müasir” dünyamızda insan haqlarından bəhs edən, insan haqlarının müdafiəsini özünə məşəl edən qurum və ya qurumlar, fərd və ya cəmiyyət bu qədər haqdan, ədalətdən danışarkən, necə ola bilir ki, məzlumlar zülmün pəncəsində can verircəsinə çırpınarkən, öz ən haqlı olduğu mövqeni qoruyarkən dəstək tapa bilmir, can çəkişərkən uzanan bir əldən tutub ayağa qalxa bilmir, çünki dəstək üçün bir əl yoxdur orada. Sadalanan bütün haqlar ədalət simvolları olan jetonun ön hissəsini bəzəməklə məşğuldur, jetonun arxa hissəsini bəziləri görmür, bəlkə də görmək onlara sərf etmir, ya da görməzdən gəlirlər. Ancaq və ancaq unudulmasın ki, məzlumun ahı yerdə və kimsədə qalmaz, gün gələcək məzlumun üzündən yaşlar silinib təbəssüm məskən salacaq yaşların axdığı o yerlərdə. Ancaq o vaxt məzluma göz yuman jetonun önü ilə məşğul olub, arxası ilə maraqlanmayan zalıma işıq tutan bütün o mənbələr yerlə yeksan olacaq. Əsl o vaxt haqq yerini tapacaq, batil zay olacaq və o gün yaxındır, mütləq gələcək. Unutmayaq ki, müasir dünyanın müasirliyi altında qarşımızda sərgilənən o bər-bəzəklər bizi aldatmaqdan başqa bir fəaliyyət görmür.
Ayıl, ey öz dərdini dünya qədər görən insan oğlu, sənin dünyandan kənarda həqiqi bir dünya var və sən də o dünyada yaşayan bir insansan, iradəni və bütün gücünü topla elə ayıl, o zaman qalxar gözünün və zəkanın önündəki pərdə. Ancaq dünyanı o zaman idrak edə bilərsən. Düşmədən gözündəki qəflət pərdəsi sən heçdən fərqsiz bir məxluqatsan. Sənin, mənim və bizim birliyimiz və diriliyimiz sayəsində dünyamız düzə çıxacaq. Dünyanın dizində taqət qalmadı əsrlərdir sürünməkdən, ancaq yetər, kifayətdir, silkinib ayağa dimdik qalxmağın vədəsi çoxdan gəlib çatmışdır.
Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri