Şifahi və yazılı ədəbiyyatda analara həsr olunmuş minlərlə nümunə ilə rastlaşmaq imkanımız var. Hələ bunun üzərinə musiqi, rəssamlıq, heykəltaraşlıq nümunələrini də əlavə etsək qarşımızda sanballı mənəvi bir xəzinə yaranar. Deyəsən, mağaradan başlayaraq günümüzəcən bəşər mədəniyyəti kamil bir ana obrazı yaratmaq üçün uğraşmışdır.

 

Mağara rəssamlığının ana obrazı neolit əkinçilərinin artım, məhsuldarlıq rəmzi olan qadın heykəlciklərində ətə-qana dolmuş, sonrakı dönəmlərin incəsənətində isə az qala ilahi bir varlıq ucalığına yüksəldilmişdir. Qobustan qayaüstü təsvirləri fikrimizi təsdiqləmək baxımından əvəzsiz tutalğacdır. Patriarxallıq ana obrazını müəyyən qədər çərçivəyə salsa da, onun ucalığa yüksələn qanadlarını ütsə də, ana bir obraz kimi öz varlığını incəsənətdə bu və ya digər şəkildə yaşada bilmişdir.

 

Deməyim odur ki, mədəniyyət tarixi insanın dişisini analıq mərtəbəsinə yüksəltmək ənənəsinə sahibdir, bu mövzu mədəniyyət tarixinin ayrılmaz parçasıdır.

 

Mən bu yazımda ana obrazına fərqli yöndən baxmaq, fərqli baxış bucağından ayna tutmaq niyyətindəyəm. Və bu fərqli yanaşmamın birmənalı qarşılanmayacağını, dodaq büzənlərin, çiyin çəkənlərin olacağını da bilməmiş deyiləm.

 

Bir də görürsən ana südünü silaha çevirib, südü ilə övladlarını təhdid edir. Ana haqqı Tanrı haqqıdır demirikmi? Bəzən ana bu haqdan artığını tələb edir. Səni doğmuşam, döşümdən süd vermişəm, gecələr yuxusuz qalıb laylanı çalmışam, südüm burnundan gəlsin, ay nə bilim gözündən gəlsin deyən ana düşünüb dilinə gətirdiklərini övladının başından aşağı yağdırır, onun başının qaxıncına çevirir. Döşünü qoşalüləyə, südünü gülləyə çevirib, övladına tuşlayır. Ağlı üstündə olan övlad bütün bunları səbirlə dinləyir, başını aşağı salıb anasının bu nifrinlərinə sakitcə qulaq kəsilir, anasının sakitləşməsinə, ruhi dincliyə qovuşmasına şərait yaradır. Ağlı bir az o söz olansa anasına: “Sənə minnət edənmi oldu bunları elədin, indi də başıma taqqıldadırsan”, – deyib, baltanı kökündən vurur.

 

Axı təbiətdə heç bir canlı dünyaya gətirdiyi balasına südünü gələcəkdə baş qaxıncı etmək üçün vermir. Yəni hər bir canlı dişi, elə erkək də körpəsinin qayğısına qalmağa məhkumdur, bu, onun boynunun borcudur. Heç bir inək buzovuna, heç bir qoyun quzusuna mənim dediyimi etməsən, döşümdən əmdiyin süd burnundan gəlsin demir, deməz də. Südünü əmizdirməyən dişi xəstəlik tapar, hətta ölə də bilər. Süd ya əmilməli, ya da sağılmalıdır. Yoxsa xəstəlik öz işini görər.

 

Doğmaq, nəsil artırmaq nadir istisnalar xaric bütün canlıların dişisinə xas təbii bir xüsusiyyətdir. Burada müqəddəslik-filan axtarmağa gərək də qalmır.

 

Qadına bütün müqəddəs olanları yükləmişik. Onun haqqının Tanrıdan gəldiyinə, ayağının altının cənnət olduğuna özümüzü inandırmışıq. Qadınlığını analıq kimi dəyərləndirmişik. Bəlkə elə bütün bunlarla biz onun haqqına girmişik? Bəlkə bütün bunlarla biz onu eqoizmə, iddialı olmağa sövq etmişik və bununla da onun gününü göy əskiyə büküb, dincliyini əlindən almışıq? Bəlkə biz onu müqəddəs elan etməklə bundan sui-istifadəyə yönləndirmişik?

 

Pişik balasını çox istədiyindən yeyir kimi bir deyim məntiqsizlikdir. Pişik balasını istədiyindən yox, həmcinsinin ətinə-qanına yeriklədiyi, kannibal olduğu üçün yeyir. Bu, insanlar, xüsusilə analar üçün də keçərlidir. Ailə psixologiyasında “Devouring mother” – kannibal, sevgisi ilə uşaqlarını yeyib bitirən, şəxsiyyət kimi inkişafının qarşısını alan, ömrünü-gününü çürüdən ana tipindən bəhs edilir. Bu ana tipi övladlarının ətini dişinə çəkməsə də, onların ömürlərini çürütməklə, mənəvi kanniballıqla məşğuldur. Və mən bu “mənəvi kanniballıq” ifadəsini burada verməkdən özümü saxlaya bilmədiyimi də deməliyəm. Amma tibb elmi insanın, elə ananın da, insan əti yediyi faktları toplayıb, hifz edə bilib və bu topladıqlarını bu gün də yeni faktlarla zənginləşdirməkdədir.

 

Kanniballığın bu növündən danışmaq kimi bir fikrim olmadığından növbəti abzasa keçirəm.

 

İndi mən desəm ki, ana var öz dəli övladına yiyə çıxır, onun adam cərgəsinə çıxması üçün özünü oda-közə vurur, ana da var mənəvi kanniballığıyla, onun hər hərəkətinə “noğda” qoymaqla ağıllı oğlunu dəli edib, çöllərə salır. Siz mənim bu fikrimi topa-tüfəngəmi tutacaqsınız? İnanmıram ki, belə edəsiniz. O üzdən ki, ətrafımız bu iki tip analarla doludur. Və bizim söhbətimizin mövzusunun ikincilərlə bağlı olduğu da bəllidir.

 

Biz bu kannibal ana tipindən xilas ola bilərikmi və ya bundan xilas varmı? Bu sualın ətrafında nə qədər var-gəl etsək də, ona doğru-dürüst bir cavab verəcəyimizə əmin deyiləm. O üzdən də bu suala cavab verməmək daha məqsədəuyğundur. Sual cavabsız qaldığından çözmək istədiyimiz müşkül də müşkül olaraq qalacaq. Sizif daşı kimi onu təkrar-təkrar zirvəyə qaldırmalı olacağıq. Dünən, bu gün cavabı tapılmayan bu suala gələcəyin homo texnikusunun cavab verəcəyi ümidiylə yazıya üç nöqtə qoymağın məqamıdır.

 

Müəllif: Afiq MUXTAROĞLU