Miladi təqvimlə ölçülən bir ilin daha sonuna gəldik. El sözü ilə desək, bir yaş daha yaşlandıq. Qısası, bu günü görənlər ölümə bir addım daha yaxınlaşmış oldu. Cəmiyyətimizdə bir çox insan isə bu günü böyük bir sevinclə qeyd edir. Əslində bu gün bir hesabat günü olmalıdır. İslam dini də insanları daima öz həyatlarını nəzərdən keçirməyə, əməllərini təhlil etməyə və gələcək üçün daha yaxşı niyyətlər etməyə təşviq edir. Qurani-Kərimdə və Peyğəmbərimizin (s.ə.s.) hədislərində insanın özünü hesaba çəkməsi ilə bağlı mühüm tövsiyələr var. Allah-taala Quranda belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və hər bir kəs sabah üçün nə hazırladığına baxsın!” (Həşr, 59/18). Bu ayə bizə göstərir ki, hər bir insan əməllərini düşünməli və hesab gününə hazırlaşmalıdır. Dünya həyatı əbədiyyət üçün bir hazırlıq dövrüdür və hər ilin sonunda insan keçmişinə baxaraq doğru və yanlışlarını təhlil etməlidir.

 

Həzrət Peyğəmbər (s.ə.s.) bir hədisində buyurur: “Ölmədən əvvəl ölün!”. Yəni ölmədən öncə özünüzü hesaba çəkin. Bu ifadə göstərir ki, insanlar hər gün, xüsusilə ilin sonunda öz əməllərini qiymətləndirərək qəlblərini təmizləməli və Allah qarşısında məsuliyyətlərini unutmamalıdırlar.

 

Bu gün insan özünü hesaba çəkərkən bəzi əsas sualların cavabını tapmağa çalışmalıdır. Bu sualların bəzilərini belə sıralaya bilərik:

 

Bu il ibadətlərimi vaxtında və şövqlə yerinə yetirdimmi?

 

Hansı günahlardan çəkinə bilmədim və necə tövbə edə bilərəm?

 

İnsanlara qarşı ədalətli və mehriban oldummu?

 

Kimin haqqına girdim?

 

Bu il nə qədər yaxşılıq və savab işlər gördüm?

 

Daha çox nə edə bilərəm?

 

İslamda yeni ilə aid xüsusi ibadət və ya bayram yoxdur, lakin yeni bir ilin başlanğıcı insanın özünə yeni hədəflər qoyması üçün gözəl bir fürsətdir.

 

Yeni ildə tövbə və istiğfarla başlayaraq keçmişi təmizləmək, əxlaqımızı gözəlləşdirmək və ailə bağlarını gücləndirmək, təhsilimizi daha yaxşı səviyyəyə gətirmək, cəmiyyətə daha faydalı olmaq kimi bir çox hədəflərimiz olmalıdır.

 

Nəticə olaraq onu deyə bilərəm ki, hər bir il insan üçün həm bir fürsət, həm də bir sınaqdır. Allahın razılığını qazanmaq istəyən hər bir mömin zamanını ən gözəl şəkildə qiymətləndirərək öz həyatını Qurana və Sünnəyə uyğun qurmalıdır. İli başa vurarkən özünü hesaba çəkmək ruhun saflaşması və gələcəkdə daha mükəmməl bir şəxsiyyət olmaq üçün böyük bir addımdır.

 

Hacı BƏKİROĞLU