30 il yaşadığım şəhərə bağlı sərhəddən ikinci dəfə yenə göylə gəldim. Vətəndən uzaqda vətən sevgisi o qədər qiymətli olur ki, onu anlamaq üçün mütləq qərib olmalısan. Göydən yerə enəndə ətrafında hər kəsi doğma bilirsən, “əzizim yer adamları” kimi...

 

Hava limanından bizi mənzil başına aparmaq istəyən taksi sürücüsü 25 manatdan təklif etsə də, oğlumun taksi sifarişi etmək istədiyini görüb, “yaxşı, gəlin 10 manata mən aparım” dedi, çünki şirkət taksisi 6 manat 30 qəpik tutmuşdu. Ağsaqqal adam idi, çörək arxasıyca evindən çıxmışdı. Biz nurani əmiylə yol aldıq.

 

Əmi söhbətcil adama oxşayırdı, oğlumla tanışlığın ilk mərhələsindən həvəslə giley-güzara başladı. Sən demə, Azərbaycan yaşanası ölkə deyilmiş, xalq zülm çəkirmiş, dolanmaq çətinmiş. Səhər saatlarına doğru idi deyə yollar tıxaclaşırdı, əsəbləşən əmi yolu siyasətlə, siyasəti iqtisadiyyatla, onu da sosial məişətlə elə qarışdırdı ki, tanımayan, bilməyən, məntiqi analizi olmayan biri danışılanlara əsasən Azərbaycan Respublikasında çox ciddi maddi durum haqqında düşünərdi.

 

Bayaqdan sussam da söhbətə qarışmaq məcburiyyətində qaldım:

 

– Əmi, hər ay toylar olar yenə?

 

– Bah! Demə, bala, hələ birdən elə olur dörd dəvətnamə gəlir hər ay.

 

– Hamısına da gedirsiniz?

 

– Baho, getməmək olar? Elələri var zəng edib ağzına gələni deyər, e. Belə baxanda qınamaq da olmur, bir yerin qiyməti 60-70 manatdan başlayır. Getməyəndə cərimə toy yiyəsinə düşür.

 

– Odur ki, mütləq gedirsiniz?

 

– Mütləq. Adambaşı ən azı 100 manat da yazdırırıq.

 

– Əmi, ayda iki toy 400 manat, bunun təkrarlanmayan geyimi, bəzəyi ən az halda 500 manat elədi. Bu bir izafi xərc, eləmi? – Sualımın hansı istiqamətə yönələcəyindən xəbərsiz giley-güzarlı əmi bölüşmək istədiyi dərdini davam etdirdi:

 

– Eh bala, hələ indi mod düşüb, əsgərdən gələnə böyük kompaniya edirlər. Əşşi, bu yenə yaxşıdır. Uşaq oldu, yenə dərd yarıdır; yaş keçirirlər, yenə qəbul etmək olar. İndi uşağa hər ay “aytamamı” edirlər, e... – Əmi məni incə siyasətli sorğumuza tutmadı və indi şikayətin yönünü dəyişmişdi.

 

Acı gülümsəyib indi əks reaksiyaya sərnişin kimi mən keçdim:

 

– Bayaqdan yaşayışdan, maddiyyatdan şikayət edirsiniz... Turist daşıyırıq, özümüz o yerləri görməmişik deyirsiniz... Sizlərin mənasız yerə xərclədiyiniz pulları həmin turistlər heç vaxt xərcləməz axı! Heç bir əcnəbi 500 nəfərlik toy etmir, hər toya bir parıldayan don almır; heç bir əcnəbi 200 nəfərlik nişan etmir, uşaq gördü etmir, məcburi cehiz dəstləri almır, qızıl dəstləri reklam etmir... Davam edimmi?

 

Güzgüdən dayının çatılmış qaşlarını görürdüm. Bayaqdan susaraq dinləyən sərnişinin qəflətən kəskin söhbətə başlaması onu təəccübləndirmişdi deyəsən.

 

– Hə əmi, həmin turistlərin sadə 3-4 dəst paltarı olur, şampanla nikah kəsir, tortla yubiley edir, sonra artırdığı pula da ildə bir dəfə istirahət edir. Bəs siz ömrünüzdə heç harasa istirahətə getmisinizmi?

 

– Ay tövbə!

 

– Kimdir günahkar? Hökumət deyil. Özünüzsünüz. Azərbaycan əcnəbilərdən də gözəl maddi vəziyyətdədir. Bir baxın, nə qədər xarici maşın var. Xaricdə bunlar çox ucuzdur, onların gəliri müqabilində, bizdə isə çox bahadır, amma alırlar. Baxın, hamı bahalı geyinir, bütün marketlər, bazarlar, yarmarkalar dayanmadan işləyir, axı əgər onların bircə gün alveri getməsə iflas olarlar. Olmurlar, daha da genişlənirlər. Siz bu əhali içində mənə bircə nəfər ac-yalavac, ayaqyalın, telefonsuz adam göstərə bilərsinizmi? Bir baxın, hamısı bayaq sadaladığım xeyir-şər adamlarıdırlar. Necə deyərlər, pulu qazanırlar, amma xərcləyə bilmirlər.

 

Biz mənzil başına çatdıq. Taksi dayandı. Əmi susurdu. Oğlum Əminin könlünü almaq üçün hesabı verib, yarıcidi, yarızarafat dedi:

 

– İnciməyin, anam hökumət adamıdır. Sizin könlünüzə necə xoşdursa, elə də düşünün.

 

Əmi bir az hürkək dönüb mənə baxdı. Mən gülümsəyib dedim:

 

– Zarafat edir, adi müəlliməm. Sadəcə kənardan baxanda hər şeyi daha yaxşı görmək olur. Bunu unutmayın, içində olduğunuz xoşbətliyi görmürsünüz. Gecəni rahat yatıb, səhərə plan qurmaq gözəlliyi ilə indicə başıma bomba düşəcək və ümidsiz səhəri müqayisə edin.

 

Biz taksidən aralandıq, oğlum gözaltı geri baxıb, – Kişi hələ fikirli bizə baxır, – dedi.

 

Mən:

 

– Görəsən həqiqəti qəbul etdirə bildimmi?

 

Həmişə fərqli düşünən oğlum çox ciddi dedi:

 

– Nahaq kişinin dünyasına qarışıqlıq saldın, elə adamlar var ki, narazılıq onun həyat tərzi olur. İndi bilmir özü olsun, yoxsa eşitdiyi.

 

Eh, sən demə bu hələ proloq idi...

 

Esmira ƏLƏKBƏRLİ