Stereotip sözü yunan dilində stereos – möhkəm, typos – iz deməkdir. Stereotip hadisələr, insanlar, ölkələr və s. haqqında geniş yayılmış yanlış düşüncəyə deyilir. Hər bir cəmiyyətin özünəməxsus stereotipləri var. Elə stereotiplər var ki, insanları öz xoşbəxtliyindən məhrum edir. Hər insanın baxışı üçün xoşbəxtlik fərqlidir. Buna görə bütün insanlar həyatı boyu xoşbəxtlik arzusu ilə yaşayırlar. Xoşbəxtlik anlayışı fərqli, geniş və əhatəli bir anlayışdır. Onun konkret cavabı yoxdur. Mənsub olduğumuz ölkə, doğulduğumuz kənd, cinsimiz və kimliyimizi təşkil edən digər amillərlə əlaqədar formalaşmış stereotiplər bizim xoşbəxtliyimizə, fikir və qərarlarımıza ciddi təsir edir. Bizə elə gəlir ki, bir şeyin doğru olduğunu nə qədər çox adam qəbul edərsə, bu, yanlış ola bilməz. Cəmiyyətdə yayılmış ən populyar stereotiplər cinsi stereotiplərdir.
Cinsi stereotip qadın və kişilərin yerinə yetirilməli olan rolları haqqında ümumiləşdirilmiş bir baxışdır. Qadın və kişilərin fərdi qabiliyyətlərini inkişaf etdirmək, peşə karyeralarını davam etdirmək və həyatla bağlı seçim etmək imkanlarının məhdudlaşdırılmasıdır. Şəxsən mən bunları insanların təəssübkeşliyi hesab edirəm, çünki stereotiplər insanların dünyagörüşünə, davranışlarına təsir göstərir və gerçəkliyin səhv qəbul edilməsinə kömək edir. Bunu daha aydın ifadə etmək üçün bir neçə nümunə göstərmək istəyirəm, hansı ki, insanların gündəlik həyatda eşitdiyi, bildiyi stereotiplərdir. Məsələn, “kişi ağlamaz”, “qadının yeri mətbəxdir”, “qız nədir, oxumaq nədir”, “qız kimi nə çox danışırsan” və s. Bəzi insanlar bu stereotiplərə görə öz arzusunu gerçəkləşdirə bilmir, məktəbi bitirə bilmir, bəziləri isə oxuyub bitirdikdən sonra öz peşə karyeralarını davam etdirə bilmir, çalışa bilmir, öz duyğularını yaşaya bilmir və s. Bunlar ta köhnə nəsildən yeni nəslə qədər gələn stereotiplərdir, hansı ki, bu stereotiplər gündəlik həyatimizda hələ də davam edir. Kişilər də həssasdır, qadınlar da. Qadınlar da təhsil ala bilər, kişilər də. Kiminsə çıxardığı yanlış nəticələrlə, başqasının söylədikləri hər şeyə kor-koranə inanaraq, öz beynimizdə çıxarılan nəticələrə əsaslanaraq, başqaları haqqında yanlış fikir formalaşdırmaq olmaz.
İnsanlar öz qərarlarını verməkdə azaddırlar. Bu qərar yaxşı da olsa, pis də olsa bunu sorğulamaq biz yad insanlara düşməz. Bu, stereotiplər vasitəsilə bir insanı və ya bir qrup insanı yoldan çıxartmaq, onları manipulyasiya etmək, həm şəxsi uğursuzluqlara, həm də sosial fikir ayrılıqlarına və qarşıdurmalara, qorxu, nifrət və narahatlığa səbəb ola biləcəyi deməkdir.
Stereotiplərin dəyişdirilməsi təəssüf ki, çox vaxt tələb edir. Buna görə də, özün öz istədiyin kimi, azad, sərbəst və xoşbəxt yaşamalısan. Kimsə sizin həyatınıza cavabdeh deyil. Stereotiplərin və bu kimi digər maneələrin təsirindən azad olmanın yeganə yolu onları dərk etmək, məntiqi cəhətdən təhlil etmək, xəyallar qurmaq, hədəflər qoymaq, bir sözlə, daim pozitiv düşünməkdir. Stereotiplərdən tamamilə və dərhal qaça bilməyəcəyik, ancaq havanı onlardan təmizləməyə çalışa bilərik.
Nərgiz Bağırlı