Viktor Hüqonun “Səfillər” adlı əsərində ifadə etdiyi əsas fikirlərdən biri də budur: “Əgər ruhumuz qaranlıqda qalarsa, günahlar ortaya çıxar. Günahkar günahı işləyən deyil, qaranlığı yaradan şəxsdir”.

 

Bu fikir məni cəmiyyətimizdə mövcud olan problemlər üzərində dərindən düşünməyə vadar etdi. Xüsusilə də gənclərin sürükləndiyi narkotik asılılığı, şiddətə meyillilik, içki, qumar və bu kimi qaranlıq dünyalar haqqında. Bu elə bir qaranlıqdır ki, həm gənclərin, həm də bütövlükdə cəmiyyətin gələcəyini aydınlıqdan məhrum edir.

 

Bu qaranlıq dünyanın hər gün neçə-neçə gənci, insanı öz içinə çəkdiyini hamımız görürük. Ancaq əsas məsələ sadəcə görmək deyil, kömək etməkdir. Təəssüf ki, biz çox zaman kömək etmək əvəzinə bütün günahı həmin gəncin üzərinə yıxır və onu asanlıqla tənqid edirik.

 

Viktor Hüqonun ifadəsi ilə desək, bu gənclərin ruhu hansı qaranlıqda qalır ki, onlar bu qədər günaha sürüklənirlər? Onlar qaranlıqda itib-batarkən biz bu qaranlığı aydınlatmaq üçün nə edirik?

 

Əslində isə o gənci qaranlığa məhkum edən cəmiyyətin özüdür – bizlərik.

 

Onların qaranlıq dünyaya əsir olmalarının bir neçə əsas səbəbi vardır. Birincisi, ailələrin onlara laqeyd yanaşması, gələcəkləri ilə yetərincə maraqlanmamasıdır. Gənclərlə maraqlanmaq sadəcə ciblərini pulla doldurub istədikləri yerə getmələrinə icazə vermək demək deyil. Onlarla maraqlanmaq, onların ruhunu, qəlbini və zehnini maddiyyatla yanaşı, mənəviyyatla da doldurmaqdır.

 

İkincisi, gənclərin elmdən, düşünməkdən, fikir ortaya qoymaqdan və onlara özlərini dəyərli hiss etdirən təhsildən məhrum edilməsidir. Elmlə məşğul olmayan beyin dənizdə kompasını itirmiş gəmiçiyə bənzəyir; cəhalət qaranlığında yolunu tapa bilməz.

 

Üçüncüsü, işsizlik və halal qazanc şüurunun formalaşmamasıdır. Belə bir vəziyyətdə olan insan haqsız qazanc əldə etmək üçün qaranlıq dünyada hər cür günaha sürüklənə bilir.

 

Dördüncüsü isə, sosial medianın şiddəti, haqsızlığı və gücün, haqlı olmasa belə, hər zaman hörmət gördüyünü təbliğ etməsidir.

 

Bütün bu qaranlıq bizim gələcəyimizi əlimizdən alır. Ancaq əsas sual budur: Bu qaranlığı yaradan kimdir?

 

Təəssüf ki, bu suallar üzərində, demək olar ki, düşünmürük. Gənclərimizin aydınlıq gələcəyini əllərindən alıb onlara qaranlıq yaradan yenə bizik – cəmiyyət və bu vəziyyətdən fayda əldə edənlər.

 

Nəticə olaraq demək olar ki, əsas günahkar ruhu qaranlıqda qalıb günaha sürüklənənlər deyil, onlar üçün bu qaranlığı yaradanlardır.

 

Ancaq unutmayaq ki, qaranlıq yolları aydınladacaq güc və iradə yenə bizdədir. Məsələ qaranlığı təsvir etmək deyil, onu aydınlatmaqdır. Tarix qaranlıqları aydınlığa çıxaran qəhrəmanlarla doludur. Bizlər də bu qəhrəmanlardan ilham alaraq gələn yazımıza qədər qaranlığı aydınlığa çıxarma yolları üzərində düşünək...

 

Tural Qasımov