Etimologiya lüğətində, izahlı lüğətdə və ya internetdə “hörmət” sözünün mənasını axtarsaq belə bir açıqlama ilə qarşılaşarıq: “Böyüklərə, yaşlılara və ya ləyaqətinə, xidmətinə görə birinə göstərilən ehtiram; sayğı”.
Amma bu mənası ilə yanaşı başqa bir mənası da var ki, yuxarıdakı izahla heç bir əlaqəsi yoxdur. Öz arzu, istəyimizlə, əməlimizlə bu sözə yeni bir məna qazandırmışıq, hansı ki, deyilişi və yazılışı eyni, leksik mənası isə tamam fərqlidir. Yəni biz “hörmət edirəm” deyəndə söhbət sayğı göstərməkdən, avtobusda qalxıb özümüzdən böyüyə yer verməkdən getmir. Bu dəfə verilənlər üzərində İvane Cavaxişvilinin, Akaki Seretelinin, İlya Cavcavadzenin və başqalarının şəkli olan dəyərli kağız parçaları və ya bu kağızla eyni dəyərdə olan müxtəlif hədiyyələrdir.
Deməli, gəlin biz indi necə hörmət edirik onu açıqlayaq. Tutaq ki, sənəd işi ilə (və ya başqa bir işlə) bağlı hər hansı bir dövlət idarəsinə gedirik və məlum olur ki, bu işin düz-qoş edilməsi bir az uzun çəkəcək və ya heç düzəlməyəcək. Bax bu zaman hörmət edirik və işimiz həll olur. Filan sahə ilə heç bir biliyə, düşüncəyə, bacarığa sahib olmayan qohumumuzu işə düzəltmək istəyirik, amma “yox” cavabı alırıq. Bu zaman da hörmət edirik, həll olur. Məktəbdə hörmət edirlər, bəzi universitetlərdə hörmət edirlər, iş yerlərində, xəstəxanalarda və sairə yerlərdə hörmət edirlər, işləri düzəlir.
Artıq söhbətin hansı “hörmət etməkdən” getdiyi hamıya aydındır. Bəziləri ən çox özündən böyüklərə və yaşlılara hörmət edirsə, bəziləri üçün hörmət edilən şəxsin yaşı deyil, rütbəsi və peşəsi daha önəmlidir. Bəzilərinin nə qədər hörmətimiz olduğu danışığından, davranışından bəlli olsa da, bəziləri üçün bu xüsusiyyətlər pulla, hədiyyə ilə ölçülür. Gəlin biryolluq deyək və rahatlayaq, söhbət rüşvətdən, rüşvətxorluqdan gedir. Sadəcə, bəziləri vicdanlarını rahatlatmaq üçün “rüşvət verdim” əvəzinə bir az “hörmət etdim” deyib ürəyini sərinləşdirir. Bəziləri də “filan şey düzəlmirdi, əlimi cibimə salıb hörmət elədim, o saat iş həll oldu” deyə fəxrlə danışırlar. Kimisi bu “hörməti” özü tələb edir. “Bir az hörmət edərsən düzəldərik” cümləsi yəqin çoxumuza tanışdır.
Söhbət rüşvət alanı və verəni tənqid etməyə gələndə çoxları birinci şəxsi günahlandırar. Bir nəfər deməz ki, rüşvəti təklif edən də, verən də suçludur. Rüşvət alanı bilirik, onlar vəzifələrini, işlərini, insanların haqq və hüquqlarını pula satırlar. Rüşvət verənlər də onlarla eyni tarazlıqda dururlar. Elə adamlar görmüşəm işi həll olsun deyə zorla filankəsin cibinə pul qoyub. Elə insanlar görmüşəm yanına məsləhət almağa gələn şəxsə “ciblərinə beş-on lari pul qoy düzəldəcəklər” deyə tövsiyə verir. Belə-belə rüşvətxorluq da yayılır. Onları elə biz özümüz alışdırırıq. Təməlini qoyan elə bizik. Sən verirsən, o da alır. O istəyir, tələb edir, sən də etiraz etmədən, şikayət etmədən verirsən. Bu son ikisi eyni qüvvəyə malikdir. Hər iki halda həm rüşvət alan, həm də verən var. Sonra da deyirlər ki, son zamanlar rüşvətxorluq artıb, nə bilim, hər sahədə mövcuddur. Sahə demişkən, mən həmişə bunun məktəbdən başladığını düşünürdüm, sən demə, artıq uşaq bağçasında da mövcud bir hal imiş. İndi gəl kimisə qına. Ən aşağı pillədən ən yuxarı pilləyə – hər sahədə qol-budaq açmışıq, hörmətimiz artıb.
Lüğətimizdə bir sözün mənası artıb. Təbii olaraq bu sözün daxil olduğu deyimlər, məsəllərin də mənası bir az dəyişib. Məsələn, “hörmət hörmətə baxar” deyəndə sənin elədiyin hörmətin ədədinin arxasındakı sıfırlar nə qədər çox olarsa, işin o qədər tez həll olar mənasına gəlir. Pulda itirib, zamanda qazanmaq, işdə qazanmaq hörmət etməyin qızıl qaydasıdır.
Çiyalə OSMANOVA