Camaat diyircəkli qələmdən tutmuş nanotexnologiyalara qədər hər il yeni-yeni ixtiralar, kəşflər edir, insan əməyini asanlaşdırmaq üçün yeni-yeni cihazlar, avadanlıqlar, maşınlar düzəldir, robotlar yaradır. Sağalmaz xəstəliklərin öhdəsindən gəlmək üçün yeni-yeni dərmanlar sınaqdan keçirir, köhnə tibbi aparatları təkmilləşdirir, məsələn, xərçəngi qansız-qadasız müalicə etmək üçün “Varian TrueBeam” kimi ultramüasir radiocərrahiyə aparatı düzəldir. Yeni-yeni müdafiə və hücum silahları fikirləşir... Bir sözlə, insanların rahatlığı, təhlükəsizliyi, sağlamlığı, istirahəti, müdafiəsi üçün məişət texnikasından tutmuş ağıllı evlərə qədər ixtira edir, düzəldir, yaradır, istehsal edir və sair və ilaxır.

 

Bəs bizimkilər nə edir? Bizimkilər nə düzəldir, nə yaradır, nə fikirləşir, nə ixtira edir, nə kəşf edir, dünyaya nə istehsal edir? – Toyda dağıtmaq üçün saxta pul.

 

Vallah, bu yalnız bizim ağlımıza gələ bilərdi. Əvvəl Gürcüstanın pul vahidi larinin 1-lik, 2-lik əsginasları var idi. Toyda bu kağız 1-likləri, 2-likləri dağıdırdıq. Sonra tale elə gətirdi ki, 1-lik və 2-lik kağız lari dəmirlə əvəz olundu. Bizimkilər qaldı mat-məəttəl. İndi nə edək, necə edək ki, toylarda pul dağıda bilək. 5-lik, 10-luq dağıtmaq xeyir eləmir, adam lap bankrot olar. Gərək İlon Maskdan-zaddan əmiuşağın ola ki, bizim toylarda 5-lik, 10-luq lari dağıdasan. Maşallah, toylar bol, rəqs edənlər bol. Özünü göstərmək, özünü ifadə etmək üçün əsl fürsətdir. Kim bilir, bir də nə zaman, kimin toyunda pul dağıtmaq üçün belə fürsət olacaq. Bir də, o necə toydur ki, orada kimsə pul dağıtmır. Adama deməzlərmi, toyunda qalaq-qalaq pulları səpələyəndə yaxşımı idi? İndi sən də gəl mənim xeyir işimdə əvəzini çıx. Dağıtmasan eldən-obadan ayıb olar. Axı əl əli yuyar, əl də üzü. Amma üzü qara olsun belə pulun, heç gör kağız 1-lik, 2-lik də olmazmı? Bilirəm, indi bunu oxuyan yaşlı nəsil ürəkdən bir of çəkib dodaqlarında nostalji təbəssümlə deyəcəklər: Heyif deyildi sovet pulu, kağız 3-lüyü də var idi.

 

Əşşi, Allah var, bu dəmir 1-likləri, 2-likləri də yığışdırsınlar. Necə deyərlər, bircə ölümə carə yoxdur. Bizimkilər bunun da carəsini tapdılar. Toylarımızda dağıtmaq, səpələmək üçün Rusiyadan qalaq-qalaq 10 rubllar gətirdilər. Tale elə gətirdi ki, Rusiya ilə aramız dəydi... Sonra başladıq Azərbaycandan qalaq-qalaq 1-lik manatlar gətirməyə. Toy mövsümündə pul dəyişmə məntəqələrində 1-lik manat qalmırdı. Hamı alıb yığırdı cibinə, yollanırdı toya.

 

Qara günün ömrü az olsun. Yenə tale elə gətirdi ki, Azərbaycan quru sərhədlərini bağladı. Bizimkilər yenə əl-ayağa düşdülər, gecə-gündüz fikirləşdilər ki, bəs toyda pul nə dağıdacağıq, ayıbdır, borclu borclunun sağlığını istər, bunun borclusu var, özünü göstərmək, özünü ifadə etmək istəyəni var, rəqs etmək istəyəni var, adı çəkiləni var və sair.

 

Və camaatın müasir texnologiyalar, dərmanlar, silahlar ixtira etdiyi bir dövrdə bizimkilər toyda dağıtmaq üçün yalançı Azərbaycan manatı, bildiyin fantik çap edib dövrəyə buraxdılar. Onsuz da hamının başı toya qarışır – rəqs edən kim, tamaşa edən kim, keflənən kim, rəqs etməyin üstündə dava salan kim... Kimdir ey sənin bu fantiklərinin doğruçu olub-olmadığına fikir verən, yoxlayan. Əsas odur ki, dağıtmağa, səpələməyə nəsə pul fason bir zad olsun.

 

Ümumiyyətlə, bu pul dağıtmaq nəyə lazımdır? Toylarda gəlinin və bəyin başından pul dağıtmaq, pul səpələmək kimi mənasız, şit, bambılı, tərbiyəsiz hərəkət yoxdur yer üzündə. Süni İntellek epoxasında süni pul düzəldib toylarda “filankəs yaman pul səpələdi” desinlər deyə qalaq-qalaq fantik dağıtmaq çürük lovğalıqdan, boş eqodan, mənasız hay-küydən, maraqsız şoudan, toy kasetlərinə düşən yalançı obrazdan başqa heç nə deyil.

 

Sonra da deyirsiniz, bizimkilər heç nə ixtira etmir, fikirləşmir, yaratmır, düzəltmir, kəşf etmir. Edir – toyda dağıtmaq üçün saxta pul.

 

Nə məcburdur axı?..

 

Azər MUSAOĞLU