Dil yalnız insanların bir-biri ilə ünsiyyət qurmağı üçün lazım olan bir vasitə deyil. Dil bir xalqın mədəniyyəti, yaddaşı, tarixi, düşüncəsi və ruhudur. İnsan anadan olduğu gün birinci dəfə dünyanı gözləri ilə görür, amma həmin dünyanı sözlərlə tanımağa başlayır. Ana dilində eşitdiyi ilk layla, ilk sevgi sözü, ilk nəsihət onun yaddaşına ömürlük yazılır. Buna görə də ana dilini qorumaq elə öz kimliyimizi qorumaqdır.

 

Azərbaycan dili də bizim üçün sadəcə danışmağa bir vasitə deyil. Bu dil əsrlər boyu xalqımızın sevincini də, ağrı-əzabını da, mübarizəsini də özündə yaşadıb. İllər ötüb, nəsillər dəyişib, zaman dəyişib, sərhədlər dəyişib, amma dilimiz öz xalqının yaddaşını yaşatmağa davam edib.

 

Bu gün Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Ancaq bir dilin dövlət dili olması üçün onun yalnız qanunlarda yazılması bəs etmir. Dil gündəlik həyatda da danışılıb yaşamalıdır. Evdə, məktəbdə, küçədə, televiziyada, internetdə, sosial şəbəkələrdə, elmi və ictimai mühitdə istifadə olunub öz layiqli yerini tutmalıdır.

 

Bu gün hər kəsi düşündürən əsas məsələlərdən biri budur ki, biz öz dilimizə nə qədər sahib çıxırıq? Onu qoruyuruqmu?

 

Bəzən küçələrdə, mağazalarda, reklamlarda, sosial şəbəkələrdə Azərbaycan sözlərini yad sözlərlə əvəz edirik. Halbuki öz dilimizin yetəri qədər zəngin söz ehtiyatı var.

 

Bu, öz dilindən başqa dil öyrənmək demək deyil. Dünyanın müxtəlif dillərini bilmək böyük üstünlükdür. Xarici dil bilmək insanın dünyagörüşünü genişləndirir. Amma öyrəndiyin başqa dilləri öz dilimizlə qarışdırmaq lazım deyil. Çünki bir insan neçə dil bilirsə bilsin, ana dilində düşünəndə özünə daha yaxın olur.

 

Dilimizin qorunması məsələsində məsuliyyət təkcə dövlətin, müəllimin, jurnalistin və ya yazıçının üzərinə düşmür. Bu məsuliyyət hər birimizin üzərinə düşür. Evdə övladımızla necə danışmağımızdan tutmuş sosial şəbəkədə yazdığımız hər cümlə, hər davranışımız bizim öz dilimizə olan münasibətimizi göstərir.

 

Xüsusilə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Uşağın dil sevgisi məktəbdən əvvəl ailədə formalaşır. Ana dilində kitab oxuyan, övladına Azərbaycan dilində nağıllar danışan, sözlərin düzgün tələffüzünə diqqət edən ailə əslində dilin gələcəyini qoruyur.

 

Məktəb də bu məsələdə böyük rol oynayır. Şagird Azərbaycan dilini yalnız qaydalar toplusu kimi öyrənməməlidir. O, bu dili sevməyi də bacarmalıdır. Çünki sevilməyən dil əzbərlənə bilər, amma yaşadıla bilməz. Burada da məsuliyyət müəllimlərin üzərinə düşür.

 

Yaşadığımız dövrdə sosial şəbəkələr böyük rol oynayır. Bu səbəbdən bloqerlərin və sosial şəbəkə istifadəçilərinin məsuliyyəti daha böyükdür. Çünki onların yazdığı və danışdığı dil minlərlə, bəzən milyonlarla insana təsir edir.

 

Azərbaycan dili çox zəngin dildir. Bəzən bircə sözlə belə nə qədər hissləri birdən ifadə edə bilirik. Eşitdiyimiz bir kəlmə bizi illər əvvələ qaytara bilər. Anamızın söylədiyi bir cümlə bizə uşaqlığımızı xatırlada bilər. Bəzən bircə söz insanın içində bütöv bir xatirəni oyadır. Deməli, dil sadəcə söz deyil, dil xatirədir, dil tarixdir, dil kimliyimizdir, dil bir xalqın özünü ifadə etdiyi ən böyük güzgüdür.

 

Azərbaycan dilinin qorunması onun inkişafına mane olmaq demək deyil. Əksinə, dil daim inkişaf etməlidir. Yeni texnologiyalar, elm, internet və qloballaşma yeni sözlər və anlayışlar gətirir. Əsas məsələ bu yenilikləri dilimizin imkanlarını nəzərə alaraq qəbul etməkdir və Azərbaycan dilinin ifadə gücünü daha da artırmaqdır.

 

Bu gün süni intellektin, sosial şəbəkələrin və rəqəmsal dünyanın həyatımıza sürətlə daxil olduğu bir dövrdə dil məsələsi daha da vacibdir. Texnologiya dəyişə bilər, ünsiyyət vasitələri dəyişə bilər, amma insanın öz dilinə ehtiyacı dəyişmir. Əksinə, rəqəmsal dünyada öz dilimizin yaşadılması daha əhəmiyyətlidir. Çünki gələcək nəsillər bizim bu gün yazdıqlarımızı, danışdıqlarımızı və yaratdıqlarımızı daşıyacaqlar.

 

Bir gün uşaqlar bizdən soruşa bilər: “Siz öz dilinizi necə qorudunuz?” O zaman cavabımız yalnız qanunları göstərmək olmamalıdır. Biz gündəlik həyatımızı göstərməyi də bacarmalıyıq.

 

Azərbaycan dilini qorumağın ən sadə yolu isə doğma dildə düzgün və sevgi ilə danışmaq, oxumaq və yazmaqdır. Ən əsas da uşaqlara sevdirməkdir. Onu alçaltmamaq, lazımsız yerə yad sözlərin kölgəsində qoymamaqdır. Unutmayaq ki, bir xalqın dili zəifləyirsə, onun yaddaşı da zəifləyir.

 

Dilimizə sahib çıxmaq özümüzə, tariximizə və gələcəyimizə sahib çıxmaqdır. Çünki dil susanda yalnız sözlər yox, bir xalqın səsi də susur. Ana dilimizin səsi isə heç vaxt susmamalıdır.

 

Afaq Azər