Texnologiyanın, elmin və təhsilin baş döndürən sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Lakin, təəssüflər olsun ki, bu inkişafla birlikdə mənəvi və intellektual çöküşü də yaşamaqdayıq. Bu gün cəmiyyətdə təhsilindən, elmi dərəcəsindən, peşəsindən və ya vəzifəsindən asılı olmayaraq, demək olar ki, hər kəsin “mütəxəssisə”, “alimə”, “professora” çevrildiyini görürük. Hər kəs – bildi-bilmədi fərq etməz – ağlına gələn mövzuda biləndər kəsilir.
Mən bu yazımda cəmiyyətdə müşahidə etdiklərimdən yazmaq istədim. Əsasən də dini mövzulara olunan müdaxilələrə toxunmaq istədim. Hər kəs dini mövzularda hökm kəsir, fətvalar paylayır və özünü ilahiyyatın son nöqtəsi kimi təqdim edir. Ancaq gəl gör ki, bir din xadimi, bir mömin onun sahəsində bir fikir irəli sürmək istəsə “o nə qanır, o niyə bu mövzuya burnunu soxur” və sair və ilaxır sözlər sərf edəcək.
Mühəndis öz sahəsindəki texniki məsələni buraxıb dini mətnlərin dərin təfsirindən danışır. Həkim tibbi yenilikləri bir kənara qoyub əsrlər boyu formalaşmış fiqh qaydalarını sorğulayır və ya yenidən yazmağa çalışır. Müəllim, məmur, hətta heç bir formal təhsili olmayan şəxslər belə sosial şəbəkələrdə və ya gündəlik söhbətlərdə ən mürəkkəb mənəvi məsələlərə dərhal cavab tapır. Hətta işi-gücü çayxanada domino oynamaq olan, evinə bir qəpiklik xeyiri olmayan, əksinə, arvadının əkində min əziyyətlə yetişdirib gecələri aparıb bazarda çətinliklə satdığı göyərtinin pulunu belə aparıb dominoda, qumarda uduzan belə dini hökm verir. Lakin eyni insanlardan öz peşələrinə aid dərin bir elmi sual soruşduqda cavab verməkdə tərəddüd edirlər. Bəs necə olur ki, illərlə zəhmət, oxumaq və təcrübə tələb edən din elmi bu qədər sadə və hər kəsin müdaxilə edə biləcəyi bir sahəyə çevrilir?
İslam mədəniyyətində və ümumiyyətlə şərq təfəkküründə elmin və xüsusilə dini biliklərin özünəməxsus bir iyerarxiyası, ədəbi və metodu olub. Keçmişdə bir məsələ haqqında fikir bildirmək üçün insan illərlə dil, məntiq, tarix və dini mənbələri öyrənərdi. Ən əsası isə bilmədiyi mövzuda “bilmirəm” demək böyük bir fəzilət sayılardı. Bu gün isə addımbaşı qarşımıza çıxan bu “hər şeyi bilənlər” həm mənəvi dəyərlərin mahiyyətini ucuzlaşdırır, həm də cəmiyyətdə ciddi fikir ayrılıqları və çaşqınlıq yaradırlar. Onsuz da bu gün yad güclərin təsirləri ilə bir çox qruplaşmalar meydana gəlmişdir ki, bunların da islam dininə yetərincə bidət və xürafələr qatdıqlarını görürük.
Problem dinin özündə deyil, ona yanaşma tərzimizdədir. Hər bir sahənin – istər tibb, istər hüquq, istərsə də ilahiyyat sahəsinin öz mütəxəssisləri və bu sahəyə ömrünü həsr etmiş insanları var. Bir həkimin cərrahiyyə əməliyyatına müdaxilə etmək nə qədər təhlükəlidirsə, səriştəsiz insanların dini mövzularda qəti hökmlər verməsi də cəmiyyətin mənəvi sağlamlığı üçün bir o qədər zərərlidir. Cəmiyyət olaraq hər kəsin öz işi ilə məşğul olduğu, biliyə və ixtisasa hörmətlə yanaşıldığı bir düşüncə tərzini bərpa etməliyik. Əks halda, səthi biliklərin gətirdiyi gurultu içində həqiqi elmin səsi eşidilməz olaraq qalacaq.
Hacı Bəkiroğlu