Gün ərzində bir çox işlərimi həll etməyə çalışıram. Adətən axşam yatmazdan öncə plan hazırlayıram: sabah ilk öncə bu işimi həll edəcəm, sonra dərslərimlə məşğul olub biraz fasilə verib yenidən davam edəcəm; kitabdan son bir neçə səhifəm qalıb, onu bitirməliyəm, sonra araşdırdığım filmlərdən birinə baxmalıyam və s.

 

Günümü saatlara bölməyi uşaqlıqdan vərdiş halına gətirmişəm. Bu həftə Stefan Sveyqin “Qorxu” adlı kitabını bitirdim. Kitabın son səhifəsini oxuyub qapağını örtdükdən sonra fərqinə varmadan dəqiqələrlə kitabın üzünə baxıb qaldım. Həmin an metro qatarındaydım və neçə dayanacaq getmişəm xəbərim belə olmayıb, “sonuncu dayanacaq” deyəndə ayıldım. Yol boyu kitabın mənə nə verdiyi ilə bağlı düşünmüşdüm...

 

Romanda İrina adlı bir qadının qorxu içində yaşamasından söhbət gedir. Həyatdan sıxılmış bu qadının əvvəlcə öz arzusundan, sonra isə sahib olduqlarını itirmək qorxusundan bəhs edilir. Müəllif parlaq və xoşbəxt həyat yaşayan bu qadının psixologiyasını, həyatdan gözləntilərini, cəmiyyətin təzyiqini təsvir edir. Etdiyi bir səhvə görə vicdan əzabı çəkərək yalan danışmaq məcburiyyətində qalır. Çünki qorxur ailəsini itiməkdən, insanların təzyiqindən qorxur.

 

Romanı oxuyarkən insan psixologiyasının necə hər fərddə başqa ola biləcəyini, hər bir uşağın psixologiyasının ilk təməlini ailənin, valideynlərin qurduğunu bir daha dərk etdim. Varlı bir ailədə dünyaya göz açan roman qəhrəmanı uşaqlığını sərt bir rejimdə, dayələrin nəzarətində böyüyərək keçirib. Ona hər kiçik səhvində ağır cəzalar verilib və nəticədə böyüyüb yetişkən biri də olsa, ana da olsa yenə də o qorxu içində yaşayıb.

 

Uşaqlıq dövrü hər bir insanın həyat yolunun, fərdi inkişafının başlanğıcı və əsasıdır. “Hər şey uşaqlıqdan başlayır” fikri insanın taleyində həlledici rol oynadığını gördükcə bu fikri bir daha təsdiq edirik. Dünyanın müxtəlif coğrafi ərazilərində yaşamasından asılı olmayaraq, bütün uşaqlarda psixika eyni qanunauyğunluqlar əsasında inkişaf edir.

 

Həyatda hərkəsin öz vəzifələri vardır. Bu vəzifələrlə biz nəsə edirik, qarşılığında nəsə alırıq, lakin valideynlik vəzifəsi hər şeyi etməyinə baxmayaraq qarşılığında heç nə istəməyən yeganə vəzifədir. Hər bir valideyn istəyir ki övladı üçün ən yaxşı həyatı qursun. Bəzilərimiz elə düşünürük ki, valideynin tək vəzifəsi uşağını sevindirməkdən ibarətdir, lakin bu belə deyil. Valideyn övladını həyata düzgün hazırlamaq üçün, tərbiyələndirmək üçün vəzifələndirilib. Uşaqların tərbiyəsində ilkin olaraq cəzalandırmaq və mükafatlandırmaq bir qayda halında olmalıdır. Cəza və mükafatlandırma isə düzgün qaydada olmalıdır. Mükafatı təkcə yaxşı qiymətlər alanda və ya sözə qulaq asanda vermək düzgün eyil, çünki bu zaman həmin uşaq bilik sahibi olmaq üçün yox, sadəcə mükafat üçün çalışır. Cəzalandırmanın isə başlıca törətdiyi problemlər var ki, bunlardan biri də qorxudur. Etdiyi bir şeydən qorxduğu üçün özünü müdafiə etmək istəyir və yalana baş vurur. Yalan isə elə bir şeydir ki, bir dəfə əl atdınsa, daima həll yolunu yalanda tapmağa çalışırsan.

 

Uşaqların yalana baş vurmasının ən əsas səbəbi cəzalandırılmaqdan qorxmaqlarıdır. Uşaqlar çıxılmazda hiss etdikdə yalan danışarlar. Səhv etdikdə, misal üçün, evdə oyun oynayarkən qonaq otağındakı bir suveniri sındıran uşağın “mən eləmədim” deməsi əslində özünü qoruma ehtiyacındandır. Belə vəziyyətdə uşağa əsəbiləşmək yerinə, “gəl bir daha düşünək, ola bilər səhv xatırlayırsan”, deyərək onu sakitləşdirmək lazımdır. Hər kəsin zaman-zaman nələrisə qıra biləcəyini başa salmaq lazımdır. “Sən yalan danışırsan”, deyə bağırmaq uşağın yalan danışmasını artırar. Uşağı yalançılıqda ittiham etmək və onu qorxutmağa çalışmaq yalana davam etməsinə səbəb olar. Məqsəd onu cəzalandırmaq yox, səhvini başa düşməsini və düzəltməsinə yardım etmək olmalıdır.

 

Uşaqların yalan söyləməsinin digər bir səbəbi isə diqqətsiz qaldıqları zaman baş verir. Ana və atanın, dostlarının və müəlliminin onu sevmədiyini düşünən uşaqlar özlərini dəyərsiz hiss edib, başqalarının diqqətini cəlb etmək üçün etmədiklərini edirmiş kimi danışarlar. Məsələn, qarnı ağrımadığı halda qarnının ağrıdığını, qiymətləri pis olduğu halda yaxşı olduğunu deyərlər. Bəzən isə valideynlər özləri uşaqları yalan danışmağa məcbur edirlər. Məsələn, telefon zəng çaldığı və ya qapı döyüldüyü vaxt onlar uşaqlardan xahiş edirlər: “De ki, mən evdə yoxam” və s.

 

Təəssüflər olsun ki, insan yalanın qəbuledilməz bir şey olduğunu bilə-bilə bəzi yerlərdə onun söylənməsinin gərəkli olduğunu düşünürlər. Yalançı insan özü də bunun pis bir əməl olduğunu bilir və bu yöndən baxdığımızda insan öz yalanları ilə hər kəsdən əvvəl özünü aldadır. Çünki yalançı insan ona “yalançı” deyilməsini istəməz. Axı bundan narahat olar.

 

Yalan insanı cəmiyyətdə etibarsız bir şəxsə çevirər. Yalan danışan bir insana isə heç kim güvənməz. Dürüst olmaq nə qədər insani və əxlaqi bir xüsusiyyətdirsə, yalançılıq da bir o qədər qeyri-insani və qeyri-əxlaqi davranışdır. Yalandan uzaq olun! Yalan insanı bataqlığa aparar. “Yalan yalanı gətirər” deyiblər. Çalışın ki, özünüz dürüst olasınız. Övladlarınız təkcə bu dürüstlüyü sizdə görsə kifayətdir, məncə. Səhv etmək önəmli deyil, dürüst övladlar yetişdirmək isə vacibdir.

 

Müəllif: Aytən Fətullayeva