M.Fasmer yazır ki, qədim türk dillərində “hündür”, “dağ” anlamlarını əks etdirən bayır sözü mövcud olub. Bayraq da həmin sözlə bağlıdır, “yuxarı qaldırılan” deməkdir (Bəşir Əhmədov. Etimologiya lüğəti).
Başqa bir versiyaya görə, bayraq sözünün əsli türkcədə mızraq anlamına gələn “batrak”dır. Oğuzların batrak şəklində istifadə etdikləri söz uyğurlarda batırmaq, sancmaq manasında işlədilən “batruk” idi. Qədim türklər toprağa sancılan, batırılan mızrağın üzərinə xanədanlığı təmsil edən rənglərdə parçalar, iplər asardılar. Mızrağın ucuna da qızıldan və ya digər qiymətli metallardan qurd başı kimi xaqanlıq rəmzi taxılırdı. “Toprağa batırılan mızraq” anlamındakı bayraq sözünün mənası zaman keçdikcə daha da genişlənərək yeni mənalar əxz etmişdir.
“Tuğ” əski türkcədə bayraq deməkdir. Tarixi bilgilərə görə, tuğ başına at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ bayraq və sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Əski türk savaş nizamında “Tümən tuğu”, “doqquz tuğlu tudun” adlı terminlər vardı.
Tuğ türk və Altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmranlıq simvoludur. Bayrağın təpəsindəki at quyruğu və ya kutuz adlandırılan yak öküzünün tükü də buna işarə sayılırdı. Sözün tog və ya tuk şəkilləri də olmuşdur. Monqollar tug şəklində işlədirdilər. Tuğ qut işarəsi olaraq istifadə edilmiş, bəzən müharibə və üsyan simvolu olaraq da özrünü görsətmişdir. Bayrağın üzərinə sonralar doqquz qollu bir dəyənək bağlanmış və uclarına doqquz müqəddəs heyvanın quyruğu asılmışdır. Sonralar isə bu quyruqların yerini rəngli qotazlar almışdır. Türklərdəki doqquz tuğ ənənəsi doqquz sayının müqəddəs-qutlu sayılmasıyla əlaqədar olub, doqquz planeti təmsil edirdi. Türk kosmoqonik düşüncəsinə görə, göy doqquz qatdan ibarətdir və türk dünya anlayışında yer üzü doqquz bölgəyə bölünmüşdür. Padşahların döyüş bayraqları Oğuz ənənəsinə görə, doqquz tuğdan ibarət idi. Bu isə özlüyündə dünya imperatorluğu simvoludur. Çingiz Xan xaqanlığını elan edəndə doqquz qollu ağ bir tuğ qaldırmağı əmr etmişdi.
Tuğun həm də işarə, əlamət mənaları var. Ehtimal olunur ki, tuğra (padşah möhürü) sözü də bu kökdən törəmişdi. Tog/Tok qədim türk dillərində toyuq mənasında da işlənmişdi və xaqanların hündür dirək üzərinə qaldırtdıqları Qızıl Toyuq ilə əlaqədar olduğunu da ehtimal kimi səsləndirmək olar.
Qədimdə padşahların, vəzirlərin və ya yüksək rütbəli şəxslərin baş geyimlərinə taxdıqları tük və ya saçaq şəklində bəzəklərə də tuğ deyildiyi məlumdur. Tuğ qədim dövrlərdə at quyruğundan hazırlanmış qoşun bayrağı, ümumiyyətlə, bayraq mənasında işlədilmişdi.
Bu gün el ağzında “Baydağın qara gəlsin” kimi bir deyim az-çox işlədilməkdədir. Bizim tərəkəmə camaatının niyə “bayraq” deyil, sözü “baydaq” şəklində ifadə etməsi maraq doğurur. Bu, adi bir səs dəyişməsidirmi, yoxsa burada başqa bir hikmətmi var? Bunun sadəcə yerli tələffüz şəklimi, yoxsa qədim türk xalqlarında başqa bir deyim tərzimi olduğunu təsdiqləmək üçün əlimizdə tutarlı dəlillər olmasa da, müəyyən ehtimallar, müəyyən gümanlar irəli sürmək üçün əsaslarımız var.
Bayraq bəlkə elə “bay” və “dağ” sözlərindən yaranmış mürəkkəb bir sözdür? Və ya “bay” və “tuğ” sözlərinin birləşməsidir?
Bəlkə bayraq digər mənaları ilə yanaşı qədim insanların kosmoqonik düşüncələrini ifadə edən bir vasitə olmuşdu. Məsələn, bayraq dirəyi dünya ağacının, başqa adıyla həyat ağacının və ya yerlə göy üzünü birləşdirən uca dağ zirvəsinin simvolu ola bilməzdimi? Axı həyat ağacı əksər dünya xalqlarında qutlu –müqəddəs hesab edildiyi kimi, qədim türklərdə də bir çox mənaları ilə müqəddəs sayılmışdı. Ağaca inamın izləri bu gün də qalmaqdadır. Müxtəlif ağacların kəsilməsinin yasaqlanması, toyda şax bəzədilməsi, habelə bəzi ağaclara ocaq-pir kimi baxılması, onlara ziyarət edilməsi, hətta qurban kəsilməsi, eləcə də dilək edilərək onların budaqlarına rəngbərəng iplər bağlanması müasir dövrümüzdə də yaşarıdır. Qədim türk xalqlarında ağac kultunun varlığını müxtəlif qaynaqlar da təsdiq edir. “Kitabi-Dədə Qorqud” dastanlarında onun izləri ilə rastlaşa bilərik. Ağaca nəslin-soyun başlanğıcı, yaradıcısı kimi baxılmış, bir sıra hallarda o, nəslin, xalqın anası hesab edilmişdir. “Kitabi-Dədə Qorqud”da “anam qaba ağac” deyimi dediklərimizi təsdiqləmək üçün yetərli sayıla bilər.
Yeni il və ya Milad bayramında yolka bəzədilməsi də qədim adətlərlə səsləşir. Düzdür, yolka bəzədilməsi qədim adətlərin imitasiyası təsiri bağışlayır. Belə ki, süni yolkanı, eləcə də onun bəzədilməsində istifadə olunan süni əşyaları əski dönəmlərdə təbii məhsullar əvəz edirdi. Əski insanlar, elə qədim türklər də ağaca sitayiş etmiş, evlərinə ilin başlanğıcında canlı ağac budağı gətirmək kimi bir adətləri olmuşdu. Müxtəlif meyvələrlə, eləcə də əski əcdadlarımızın fallik təsəvvürlərini əks etdirən şirniyyatlarla bəzədilmiş ağacdan arzularını, diləklərini, əsasən də övlad istəklərini yerinə yetirməyi təmənna edirdilər və onların bu təmənnaları çox təbii olmaqla dövrün dünyagörüşü ilə səsləşirdi.
“Yolka” sözünün “Tanrıya aparan yol” mənası verməsi barədə elmi ədəbiyyatda rast gəldiyimiz bir fikri burada səsləndirmədən keçməyək.
Biz bayrağın qumaşdan və ya digər qiymətli parçalardan olan hissəsinə səmanın, göy üzünün simvolu kimi baxaraq bunu da qədim türk xalqlarının kosmoqonik düşüncəsi ilə bağlayırıq. Belə ki, türk kosmoqonik düşüncəsi dünyanı üst və alt, başqa sözlə, göy üzü və yeraltı hissələrinə bölür, insanın isə bu iki hissə arasında yaşadığını güman edirdi.
Fikrimizi Murad Adcının bayraq barədə qənaəti ilə yekunlaşdırmağı məqsədə uyğun sayırıq. Murad Adcı yazır: “Türklər tuğu nəslin ruhu, daha doğrusu ruhun yaşadığı yer hesab edirdilər. Buna görə də onlarda bayrağı endirmək rüsvayçılıq, itirmək isə nəslin məhvi sayılırdı”.
Afiq MUXTAROĞLU