Çox yəqin hamımız aşqaralı Bakı plovunu yemişik. Aşqara olduqca kalorili və bahalıdır. Tərkibi qoyun əti, ərik, kişmiş, şabalıd, gavalı kərə yağında, zəfəranlı, sarıköklü... Bu zəngin plovun şöhrəti toylarda xüsusi rəqslə məclisə daxil olursa, yasların da urvatıdır.
Pörtdəmə isə gürcüstanlıların, borçalıların milli, yerli maş lobyalı plovunun yaraşığıdır. Doğranmış ət az suda qaynadılır, süzülür, yağ soğanla tovlanır. Vəssalam!
İnsafən, Bakı aşqarasıyla Borçalı pörtdəməsi heç müqayisə olunmasa da, di gəl bunu gürcüstanlılardan soruş. Xeyirdə, şərdə pörtdəmənin urvatı urvatdı da!
Mən adamlar tanıyıram ki, hazırda saç-saqqalı ağarıb, uşaqlığı keçib bizim buralarda, amma hələ də pörtdəmənin dadı damağımdadır deyir. Borçalıdakı pörtdəməni heç vaxt heç harda yemədik deyirlər. İnadkarın özü də bilir fərqi, amma doğrudan da onun üçün pörtdəmədən yüksək heç bir dad göstəricisi yoxdur. Səbəb bilirsiniz nədir? – Onun qurmanlıq zövqünün məhz pörtdəməylə başlamasıdır. Ağzının dadı el içində, el təamlarıyla formalaşdı. Odur ki, dünyanın nemətləri uşaqlığın yaratdığı səddən keçə bilməz.
Doğrudan da boşa deməyiblər ki, uşaqlığının keçdiyi yerdir Vətən! Vətən qədərmiş vətənin nemətləri də.
Yaxınlarda Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd seçildi. Münasibət birmənalı deyildi. Sanki əhali iki təbəqəyə bölünmüşdü: Avropayönümlü Qərb və keçmişdonlu Şimal. Ümümdünya hörümçək torunun Marsdan belə görüntü yaydığı bir zamanda Avropa azadlığını, sosial rahatlığı, firavanlığını izləyərkən gənclik, boyunduruq altını çətin qəbul edər. Sovet dönəminin qaydalarıyla, özünəməxsus intizam çərçivəsində, məcburi gözütoxluqla böyüyən nəsil, təbii ki, Avropanı qəbul etməyəcək. Necə deyərlər, gənclik (-40) aşqaranı, orta nəsil isə (40+) pörtdəməni seçir.
Bilirsinizmi, qurman gürcüstanlılarla bizim bu respodentlərin – siyasi müzakirəçilərin fərqi nədir? Pörtdəməsevərlər özləri də bilirlər aşqarayla pörtdəmənin fərqini. Sadəcə Vətən həsrəti, el sevgisinin qara qazanda odunla bişən pörtdəmə kimi yaddaş kartının lap uzaqlardakı fayllarından ömrünə sancaqlayır, bu xoş xatirələrlə bir ömür yaşayırlar.
Maraqlı orasıdır ki, bu səyyar müzakirə aparan siyasətçilərin, aşqarasevərlərin pörtdəmədən, pörtdəməsevərlərin də aşqaradan heç bir məlumatı yoxdur.
Gənclər dünyaya Avropa pəncərəsindən baxmaq istəsələr də köhnəliklə yeniliyin mübahisəsi “balıq, xərçəngin və ördəyin” ətaləti kimi sükunətdə qalacaq!
Dövlətin siyasi taleyini həqiqi mənada xalqını, dövlətini sevən siyasətçilər həll etsə yaxşıdır. Həkim səhiyyəsi ilə, müəllim təhsili ilə, bostançi dirriyi ilə məşgul olsa Krılovun arabası da çayda batmaz. Necə deyərlər, səhv düşməsin yerimiz.
Esmira ƏLƏKBƏRLİ