Ağlanası dirilərdən danışdım, xeyir süfrələrimizin izafi xərcindən danışdım – bununla qurtarsa nə vardır ki...

 

Övlad toyu etmək valideynə borc dedikləri bir yükdür, hansı ki, etmək məcburiyyətindədir. Etməlidir. Qıza urvatlı cehiz verməsə “xalx” nə deyər?! Kimininsə buna maddi imkanı yol verir, amma verməyənlər kreditlə də olsa filan məbləğdə cehizi mütləq almalıdır. Ən pisi də budur ki, olmaması baş qaxıncı ola bilər. Eyniylə də oğlan evi bazarlığı...

 

Toydan sonra kredit verən valideynləri çox yəqin hamımız tanıyırıq. Məgər evimizdə 5 nəfəri qarşılyacaq  qab-qacağımız yoxdurmu? O qabın marka olmasımı lazımdır? Hələ bu bəhsəbəs ailə büdcəsiylə tərs mütənasibsə...

 

Bu gün dünya bankları böyük səhmlərini müştərilərə aşağı faizlə verirlər. Bəlkə də inanmazsınız ki, ən böyük faizlər də bizlərdədir, ən böyük sıravi müştərilər də bizdədir. Dünya əhalisi kreditləri yatırım üçün alır, bizlər isə ya dəbdəbəli ev tikirik, bahalı avtomobil alırıq, ya cehiz alırıq, toy edirik. Sonra da illərlə o krediti ödəməyə elə başımız qarışır ki, sahib olmaq istədiklərimizin zövqünü yaşaya bilmirik.

 

Bakıda bizim qonşuluqda tənha bir rus qadın yaşayırdı. Kimsəylə işi yox, özü üçün sıradan bir həyatı vardı. Vaxtı ilə mühasib olub, indi 74 yaşlı təqaüdçü idi. Bir gün xəstələnmişdi. Ziyarətinə getdim. “Müalicə olunuram”, – dedi, – “iynəmi vurarsanmı?” “Əlbəttə, qonşu deyilikmi?” – dedim.

 

Beləcə, Nadya xala ilə 10 gün hər gün görüşdüm və o görüş mənim həyata baxışımı dəyişdi. Nadya xalanın evində “xelka” dediyi bir köhnə dolab vardı, paltarını yığırdı; bir yatağı, divanı, masası, mətbəxdə sadə qab- qacağı var idi. Geyimi təmiz, səliqəli, zövqlü idi...

 

Yaşadığı həyatdan danışdı. Oğlu Moskvada təhsil alıb, ailəsiylə orada yaşayırmış. Nadya xala özü adam kimi yaşayıb. Nə qızıla pul verib, nə bahalı təmirə. Oğluna da komsomol toyu (sadə, gənclərdən ibarət tort süfrəsi) edib, çox xəşbəxtdir. Şəkillərinə baxdıqca düşündüm: bu adam bu ömrü yaşayıb.

 

Mən məktəbdə oxuyanda anam çox baha qiymətə yapon farforu dediyi çay və yemək dəsti almışdı. Mən nə qədər istəsəm də anam onu heç işlətmədi. Gizlicə maraqla əlimə alıb baxardım. Barmağım fincanın içində görünərdi. Sonralar yadımdan çıxdı. Maraqlanmadım. Heç fərqində də olmadım. Mənə cehiz verəndə gördüm anam o sevimli servizləri cehizimin içinə qoyub. Özü gənc də olsa bircə dəfə də o fincanda çay içmədi, o qablarda yemək yemədi. Elə mebelin rəfində qaldı. O qədər zərif əşyalar idi ki, sınar deyə mən də çox istifadə etmədim. Bir gün instaqramda o servizləri 1700 dollara gördüm. Satmaq istədim. Anam dedi: “Onu alan səndən artıqdırmı, nənə yadigarı kimi qızına verərsən”. Əlim gəlmədi satmağa, amma bir gün ehtiyatsızlıqdan biri sındı, bununla da o qiymət də, dəyər də bir anda puç oldu.

 

Anam bütün analar kimi ailə büdcəsindən qənaət edib o qədər elə ev əşyaları almışdır ki... Amma anam da həyatdan getdi Nadya xala kimi. Həyata eyni cür gəldilər, eyni cür öldülər, amma eyni yaşamadılar. Anam cəfakeş, özünü ailəsinə fəda edən qadın idi, amma heç özünü yaxşı mənada düşünmədi – bütün analarımız  kimi.

 

Bir yaxınım divan örtüsünü dəyişib. Uyğunsuzdur deyə pərdəni də, palazı da dəyişdi. Bütün bunları ailə büdcəsinin qənaətindən edir. Bir başqası həmin qənaətlə daşı-divarı bəzəyir. Bir başqası özünə zülm edib evin damını dəyişdirir. Nə ev damır, nə divar uçur, nə də ev əşyaları köhnəlib. Soruşsan, həyatında nə bir dəfə konsertə gedib, nə teatra, nə ailəlikcə restorana, istirahətə gedib...

 

Bəli, bu, bizik. Kiminsə evinə gedəndə qablara, yeməklərin çeşidinə, geyimimizə baxarıq. Bu, bizik. Bir paltarı dəfələrlə geyinməkdən utanırıq. Niyə axı? Əgər o mənə yaraşırsa, səliqəli isə, zövqlü isə niyə utanmalıyam?.. Bu, bizik. Həyatımızı tikib yaratmaqla keçinirik.

 

Bu niyələrin siyahısı uzandıqca uzanır. Ömrümüzün boşa xərcləməyə itən zamanı kimi. Sonra da estafeti balalarımıza ötürürük.

 

Bu, bizik...

 

Esmira ƏLƏKBƏRLİ