Ailə hər zaman cəmiyyətin təməl daşı hesab edilib. Lakin müasir dövrdə sosial, iqtisadi və mədəni dəyişikliklər ailə strukturuna və dəyərlərinə əhəmiyyətli şəkildə təsir etməkdədir. Bu proses islamın ailə ilə bağlı fundamental prinsipləri ilə müqayisə olunduqda maraqlı nəticələr ortaya çıxır.
Bugünkü dünyada fərdiyyətçiliyin artması, texnologiyanın cəmiyyətə təsiri və gender rollarının dəyişməsi ailə modelində bir çox dəyişikliklərə səbəb olur. Ənənəvi dəyərlərdən uzaqlaşma, boşanmaların artması, birgəyaşayışın (evlənmədən birlikdə yaşamaq) artması və valideyn-uşaq münasibətlərində məsuliyyətin azalması bu dəyişikliyin əsas göstəricilərindəndir.
İslami nöqteyi-nəzərdən baxsaq, ailə yalnız sosial bir qurum deyil, həm də mənəvi bir birlikdir. Quranda və hədislərdə ailənin qurulması, qorunması və idarə olunması barədə konkret prinsiplər var. İslam dinində ailə müqəddəs sayılır. Çünki evlilik Allahın buyurduğu bir müqavilə (nikah) kimi qəbul edilir. İslam ailə birliyini qorumağı və inkişaf etdirməyi hər zaman əmr edir.
Valideynlərə hörmət və qayğı, uşaqların düzgün tərbiyəsi ilə bağlı vəzifələr Quranda dəfələrlə vurğulanır. İslam dini boşanmanı (talaq) icazəli, lakin ən sevilməyən hallar arasında göstərir. Boşanmadan öncə tərəflərin barışdırılması üçün səylər tövsiyə olunur.
Ailədə kişi və qadının roluna gəldikdə isə, ailə başçısı olaraq kişinin iqtisadi təminatı üzərinə götürməsi, qadının isə mənəvi dəyərləri qorumaq və ailəni dəstəkləmək rolu vardır. Lakin bu, qadının yalnız evə bağlı olması demək deyil, islam qadının təhsil almasını və iş dünyasında iştirakını da dəstəkləyir.
Müasir dövrdə gender bərabərliyi anlayışı ailədə konfliktlərə səbəb olmaqdadır. İslamda isə kişi və qadın bərabər hüquqlara malikdir, lakin onların ailədə müxtəlif, ancaq bir-birini tamamlayan rolları var.
Əgər günümüzün əsas problem qaynağı olan maddi çətinliklərdən söz açası olsaq bu hal çox vaxt ailələrin dağılmasına səbəb olur. İslam ailənin maddi yükünü yalnız fərdi məsuliyyət kimi deyil, həm də cəmiyyətin kollektiv vəzifəsi kimi görür (zəkat, sədəqə və digər yardımlaşma prinsipləri).
Ailə dəyərlərinin dəyişməsi müasir cəmiyyətin reallığı olsa da, islamın təqdim etdiyi ailə modeli bu prosesin mənfi təsirlərinə qarşı güclü bir alternativdir. İslam ailənin əsaslarını qorumağı yalnız fərdi məsuliyyət kimi deyil, cəmiyyətin rifahı üçün vacib bir şərt olaraq təqdim edir. Beləliklə, islamın ailə anlayışı müasir cəmiyyətin problemlərinə həm mənəvi, həm də praktik həllər təqdim edə bilər.
Hacı BƏKİROĞLU