Bir ilin də sonuna gəldik. Bəli, bir çox şeylər dəyişsə də, bir çox şeylər olduğu kimi qalır. Nə isə... Bu dəfə nə Tofiq əmidən, nə də Jalə xaladan danışacam. Bu dəfə “BEEZ” Uşaq Teatrının 2025-ci ildə az da olsa gördüyü işlərdən bəhs edəcəm.
Fevral ayında Abdulla Şaiqin “Tıq-Tıq xanım” pyesini müasir formatda hazırlayaraq ilk premyeramızı Qardabanidə, daha sonra isə paytaxt Tbilisi və Marneulidə nümayiş etdirdik. Bütün bunları öz gücümüzlə, heç bir sponsor dəstəyi olmadan etdik. Bəs “Tıq-Tıq xanım”la tamaşaçılarımıza nə aşılaya bildik?
Düzdür, hər şey əsərdə olduğu kimi olmasa da, biz dostluğun, sevginin, birliyimizin, milli musiqimizin, eləcə də gürcü və Azərbaycan dostluğunun gözəlliyini göstərdik. Biz üzərimizə düşən teatr mədəniyyətini təbliğ etməyi, uşaqlara teatrın nə qədər vacib olduğunu aşılamağı qarşımıza məqsəd qoyduq.
Sonra növbəti tamaşamızın məşqlərinə başladıq. Azər Musaoğlunun müəllifi olduğu “Keçmişdən gələn oğlan” pyesinin motivləri əsasında hazırladığımız bu tamaşada bizə çox insan dəstək oldu. Dəstəkçilərimiz hansısa qurum və ya nazirlik deyildi, adi insanlar idi – teatra dəyər verən, bizə ürəkdən kömək edən insanlar. Təbii ki, teatrımızın aktyorlarının valideynlərinin dəstəyi də danılmazdır. Onlar hər zaman yanımızdadırlar və dəstəklərini əsirgəmirlər. Bu gün “BEEZ”i biz edən də elə biz özümüzük. Birlikdə daha güclü, daha fəal və daha yaradıcı oluruq.
Gələk ilin ikinci tamaşasına – “Keçmişdən gələn oğlan”a. Əsəri ilk dəfə oxuduğum an məni duyğulandırdı. Çünki müəllif sanki bizi yazıb – bugünümüzü, dünənimizi, həyatımıza daxil olub bir parçamıza çevrilmiş problemlərimizi... Xüsusilə də günümüzün ən böyük bəlalarından biri olan texnologiya asılılığını. Əslində, əsər texnologiyaya qarşı deyil, ondan asılı olmadan yaşamağı, balansı qorumağı göstərir.
Gələk premyeraya. Premyeramız Qardabani Mədəniyyət Evində baş tutdu. Hər dəfə olduğu kimi, Qardabani sakinləri zalda nəinki oturmağa, hətta hərəkət etməyə belə boş yer buraxmamışdılar. Bu, təbii ki, bizi çox sevindirdi. Hətta kulisdə aktyorlarımızın həyəcanla “Müəllim, zal doldumu? Çox həyəcanlıyıq” demələri məni çox duyğulandırdı, içimdə bir səs dedi: “Artıq onlar bu işi bilirlər, bu sənəti hiss edirlər”.
İşin başqa bir tərəfi isə gələn tamaşaçıların, demək olar, hər birinin: “Mənə bilet qaldımı? Mən də bilet istəyirəm!” demələri idi. Bəli, siz buna “anşlaq” deyirsiniz, biz isə belə deyirik: “Zal teatra dəyər verən insanlarla dolub-daşırdı”.
Sonra səfərimiz Marneuli və paytaxt Tbilisiyə oldu və bununla da 2025-ci il üçün “BEEZ” Uşaq Teatrı öz birillik missiyasını tamamladı.
Deməli, 2025-ci ildə müşahidə etdik ki, bölgələrdə oynadığımız tamaşalar arasında tamaşaçı sayı baxımından birinci yerdə Qardabani oldu. İkinci yerdə paytaxt Tbilisi, üçüncü yerdə isə Marneuli oldu.
Biz “BEEZ” Uşaq Teatrı olaraq, təbii ki, bununla kifayətlənmirik. Dəstəyimiz olsa daha çox tamaşaçı qarşısına çıxacaq potensialımız var. Buna görə də heç bir çətinliyə baxmayaraq 2026-cı ildə “BEEZ” Uşaq Teatrı yeni tamaşalar üzərində çalışmağa davam edəcək.
Binəli İslamoğlu