Qədim ovçunun ov dalınca uzaq məsafələr qət etməsi, iti daşların, tikanların üstündən keçməsi, günəşin yandırıcı istisinin qovurduğu torpağa, daşa-qayaya ayaq basması, qışın dondurucu soyuğunda qar-buz üzərində yeriməsi lazım gəlirdi. Üstəlik keçib getdiyi yollarda, cığırlarda zəhərli böcəklərlə, sürünənlərlə qarşılaşmaq ehtimalı böyük idi. Bütün bunlardan qorunmaq üçün ona qoruyucu vasitələr gərək idi. Minilliklər ərzində insan bədənini təbii təsirlərdən qorumaq üçün vasitələr düşünmüş, nəhayət bədənini örtəcək geyimi icad etmişdir. Başını qorumaq üçün papağı, bədənini örtmək üçün üst geyimini, ayağını yerə daha möhkəm basmaq üçünsə ayaqqabını hazırlaya bilmişdir.
İnsan geyim dəstinə zaman axarında düzəlişlər etmiş, onun praktikliyinə nail olmuş, yeni detallar əlavə etməklə onu daha da təkmilləşdirmişdir. Tarixi inkişafın sonrakı mərhələlərində geyimin daha cəlbedici, gözoxşayan olmasına diqqət yetirmiş, bu məqsədlə onun rəngarəngliyinə cəhd etmişdir. Başını papaqla, bədənini paltarla, ayağını başmaqla örtdükcə insanın təbiətdən uzaqlaşması, özünü təbiətin fövqündə hiss etməsi dönəmi başlamış və geyimin icadı ilə insanın təbii-bioloji varlıqdan ictimai varlığa çevrilməsi prosesi bir qədər də sürətlənmişdir.
Ayaqqabının tarixi təqribən 7 min il əvvələ gedib çıxır. Amma buna qədər də insanın ayaqlarını qorumasına ehtiyacı vardı və o, bunu müxtəlif vasitələrlə yerinə yetirirdi. Zaman keçdikcə insanın hazırladığı ayaq geyiminin çeşidi çoxalmış, onun təyinatı fəsillərə, ətraf mühitə görə dəyişmiş, eləcə də hazırlandığı məmulatlar müxtəlifliyi ilə fərqlənmişdir. Biz əsas mövzumuzdan uzaqlaşmamaq xatirinə ayaqqabı barədə bu kiçik ekskursla yetinirik.
Qədim insan özünü əhatə edən aləm barədə dual düşüncələrə malik olduğu kimi, özünün hazırladığı nəsnələrə – silahlara, qab-qacağa, bəzək əşyalarına, habelə öz geyiminə münasibətdə də eyni mövqe sərgiləyir, onların bəzilərinin mənfi, bəzilərinin isə müsbət enerji daşıyıcıları olmalarına və ya eyni bir predmetin həm şər, həm də xeyir qaynağı olmasına könüldən inanırdı. Öz əli ilə hazırladığı iti qılıncın, bizin, iynənin, habelə halqavari əşyaların qoruyucu fövqəltəbii qüvvəyə malik olmasını güman edirdi.
Ayaqlarını qorumaq vasitəsi kimi düşündüyü ayaqqabı barədə də qədim insanın zaman axarında özünəməxsus düşüncəsi formalaşmış, onun adı çəkilərkən əski əcdadımızın beynində gerçək olanla uydurma olan bir-birinə qarışmışdır. Ayaqqabı qədim insanın qoruyucusu olmaqdan daha çox onun fikrini ifadə vasitəsinə çevrilmiş, onun dünya barədə təsəvvürlərinin biçimlənib şəkillənməsində müstəsna rol oynamışdır. Qədim türk dünya modelinə uyğun olaraq, insan özünə dünyanın kiçildilmiş forması kimi baxmış, əhatə olunduğu dünyanı makroaləm kimi qəbul etmiş, özünü bu böyük aləmin kiçildilmiş mikro təkrarı hesab etmişdir. Bədən üzvlərini, geyimini də bu modelə uyğun şəkildə sıralamış, başını və baş geyimini üst, yuxarı ilə əlaqələndirmiş, ayağını və ayaq geyimini alt, aşağı dünyanın bəlirtisi saymış, qurşağını və ya kəmərini isə bu iki dünyanın sərhədi yerində görmüşdür.
Əlimizdə olan etnoqrafik materialların, azsaylı təsviri vasitələrin əksəriyyəti qədim insanın ayaqqabıya aşağı, yeraltı dünyanın bəlgəsi kimi baxdığından xəbər verir. Ayaqqabı mifoloji düşüncədə natəmizliyin, pisliyin, mənfi olanın, şərin ölçü vahidi, işarəsi yerində çıxış edir. Buradaca qeyd edək ki, bu, onun bədəndə yerləşdiyi yerlə, yerinə yetirdiyi funksiya ilə bağlı bir məsələdir.
Xalq düşüncəsində ayaqqabı darlıq rəmzidir. Yuxuda ayaqqabı görmək və ya geyinmək darlığa, çətinliyə, müşkülə işarə kimi yozulur. Yuxuda ayaqqabının soyunulması isə darlıqdan çıxmağa yozulur. Ən pisi isə, xalq inanclarımızda ayaqqabı ölümlə, məzarla eyniləşdirilir. Yuxuda ayaqqabı görən və ya geyinən şəxsin və ya onun yaxınlarının darlığa düşəcəyi, öləcəyi güman edilir. Yaxın keçmişə qədər toy mərasimlərimizdə icra olunan bəyin ayaqqabısının yarızarafat, yarıgerçək oğurlanması səhnəsi də, yeni evlənənləri darlıqdan, çətinlikdən, şərdən qoruma vasitəsi kimi düşünülə bilərdi.
Ayaqqabı ağzı üstə düşərsə, sahibinin öləcəyinin güman edilməsi də, bu düşüncə ilə bağlı olmalıdır. Ayaqqabı əski insanın təsəvvüründə qəbirlə assosiasiya olunduğundan onun bu cür düşünməsi təbii sayılmalıdır. Görünür, ayaqqabının ağzı üstə düşməsi qəbrin örtülməsi, ölünün dəfn olunmasının başa çatması kimi anlaşılır, ayaqqabı sahibini bundan xilas etmək üçün tərs düşmüş ayaqqabını düzəltmək lazım gəlirdi.
Xalq düşüncəsi kandarda, qapı ağzında soyunulmuş ayaqqabıları saymağı yasaqlayır. Bunun düşər-düşməzi olacağı güman edilirdi. Evdəkilərdən kiminsə xəstələnə biləcəyi, hətta öləcəyi düşünülürdü. Ümumiyyətlə, əski düşüncəyə görə, ev əşyalarının, ev heyvanlarının, ailə üzvlərinin sayılması düzgün hesab edilmirdi. Belə güman edilirdi ki, canlı və cansız nəsnələri saymaqla onlara xətər yetirmək, istənilən predmeti saya salmaq, yəni sındırmaq, məhv etmək, öldürmək mümkündür. Bundan qaçmaq üçün qədim əcdadlarımız müxtəlif yöntəmlər düşünmüşlər. Bu yöntəmlərdən birini burada xatırlamağı gərəkli sayırıq. Yaxın keçmişə qədər elat çobanları, qoyun-quzunu xalxala, yatağa salarkən, adətən heyvanların əlamətləri əsasında onların sayını müəyyənləşdirirdilər.
Yas evində ayaqqabılarını soyunmuş şəxslərin onu cütləyib qoymaları yasaqlanır. Görünür bununla əski insanlar şər qüvvələri çaşdırmaq məqsədi güdürmüşlər. Ayaqqabılarını bu şəkildə qoymaqla yasdan evlərinə dönərkən şərin, ölümün çaşacağını, şər ruhların onları təqib etməyəcəklərini düşünmüşlər.
Ayaqqabının qəbrin rəmzi olduğunu artıq bilirik. “Taxta qılınc” adlı Azərbaycan xalq nağılında padşah oğlunu çalmaq istəyən ilana öz başmağında su verərək təhlükənin qarşısını ala bilir. Nağılda padşahın oğlunun səfərə çıxması, səfərdə cavan bir oğlana çevrilmiş həmin ilanın onu müşayiət etməsi, eləcə də padşahın oğlunu bir sıra təhlükələrdən xilas edərək səfərdən sağ-salamat geri qayıtması və nəhayət yenidən ilana dönməsi təsvir olunur. Bu nağılda diqqətimizi çəkən padşahın ilana başmaq tayında su verməsi epizodudur. Padşah başmağını həyat başlanğıcı sayılan su ilə dolduraraq ölüm mələyinin – ilanın fəaliyyətini neytralaşdıra bilir. Özünü Taxta Qılınc adlandıran ilan yeraltı dünyanın, eləcə də ölümün təmsilçisidir və padşahın yaxşılığı müqabilində onun oğlunu ilanlardan qoruması da bununla bağlı olmalıdır.
Folklorumuzun yorulmaz tədqiqatçısı Bəhlul Abdullanın ayaqqabı ilə bağlı gətirdiyi misallar və onlara münasibəti olduqca maraqlıdır. Buradaca vurğulayaq ki, Bəhlul Abdulla da ayaqqabını ölümün simvolu hesab edir. Onun tədqiqata cəlb etdiyi inanclardan birində pis gözü, yəni bədnəzəri olan birindən şübhələndikdə onun ayaqqabısının sağ tayını gizlincə götürüb yandırmaqla bədnəzərindən qorunmağın mümkünlüyündən bəhs olunur. Əslində əski insanlar səbəb-nəticə əlaqələrini bilmədiklərindən şəxsin bədnəzərinin qaynağı kimi onun ayaqqabısını nişan vermiş, ayaqqabını məhv etməklə bədnəzərdən xilas olunacağı qənaətinə gəlmişlər.
Xalq düşüncəsində ayaqqabısı daban-dabana, yəni əks düşən, əks tərəflərə baxan şəxsin qeybəti edildiyi düşünülürdü. Bu da ayaqqabının təmsil etdiyi alt dünyanın xisləti ilə bağlıdır. Belə demək mümkünsə, pislik, şər ayaqqabının həyat qaynağıdır.
Arxeoloji qazıntılar zamanı gildən ayaqqabı, uzunboğaz çəkmə fiqurlarının aşkar edilməsi bu məsələyə münasibət bildirməmizə səbəb oldu. Ayaqqabıya, uzunboğaz çəkməyə bənzəyən qabların hazırlanması maraq doğurmaya bilməz. Çox güman ki, belə qablardan gündəlik məişətdə bu və ya başqa şəkildə istifadə olunmuşdur. Lakin, fikrimizcə, bu cür fiqurlar müəyyən ayinlərin icrası zamanı evi, ailəni şər qüvvələrdən, əsasən də ölümdən arındırmaq məqsədilə hazırlanmış, ayinin tələbinə uyğun olaraq istifadə edilmişdir.
Məzar daşları üzərində uzunboğaz çəkmə rəsminin çəkilməsi bir tərəfdən ölünün uzaq səfərlərə çıxmasını simvolizə edirsə, digər tərəfdən ölümü rəmzləşdirərək, ölümü ifadə edən işarəyə çevrilir. Orasını da deyək ki, bizim bu qənaətimiz Bəhlul Abdullanın fikirləri ilə haradasa üst-üstə düşür. Xatırladaq ki, nağıl qəhrəmanlarımızın dəmir çarıq geymələri də uzaq və təhlükəli səfərlərlə bağlıdır.
Altay türklərində də ayaqqabı şərlə, ölümlə bağlı işarə kimi çıxış edir. Arxeoloji qazıntılar zamanı dəri bağlamada altı tay uşaq ayaqqabısı əldə edilmişdir. Tədqiqatçılar ayaqqabıların sol tay olduğu qənaətinə gəlmişlər. Yerli sakinlərin söylədiklərinə görə, ayaqqabılar şər qüvvələri, xəstəlik və uşaq ölümlərini uzaqlaşdırmaq məqsədiylə torpağa gömülürmüş. Çox güman ki, yerli əhali alt, aşağı dünyayla bağlı olan ayaqqabıdan, onun natəmizliyindən və xeyirsizliyindən bu yolla xilas olunacağını, ölümə fasilə veriləcəyini düşünürmüşlər.
Gətirdiyimiz nümunələr ayaqqabının əski insanların dünyagörüşündə şərlə, ölümlə, qəbirlə eyniləşdirildiyini təsdiqləyir. Bu da onun hər mənada alt, aşağı aləmlə əlaqələndirilməsi nəticəsində baş vermiş hadisədir.
Afiq MUXTAROĞLU