15 il Tiflis Azərbaycan Dram Teatrında peşəkar aktyor kimi çalışdım. Amma yenə də özümə peşəkar demədim. Çünki hələ öyrənəcəyim, oxuyacağım, gəzəcəyim, araşdıracağım, görəcəyim çox şey var.
Günümüzdə isə yuxudan oyanıb gözlərinin zığını silməmiş özlərinə peşəkar deyirlər (Söhbət təkcə öz sahəmdən getmir, ümumi danışıram). Ay bala, ay qadan alım, ay canım-gözüm, sən nə yatdın ki, nə yuxu görəsən?
Yaxşı, bəs peşəkar kimdir? – Gəlin əvvəlcə buna baxaq. Peşəkar gördüyü işdə usta, mütəxəssis olan, geniş təcrübəyə və möhkəm baza biliklərinə malik insandır. Peşəkar olmaq bir ayda, bir ildə qazanılan bir şey deyil. Bu illərlə zəhmət, təcrübə və davamlı öyrənmə tələb edən bir prosesdir.
Altı aydır Gürcüstanda elə yer qalmadı avtomobilimi usta yanına aparmayım. Hamısı özünə peşəkar deyir. Amma nə olsun? Yenə də düzəlmir ki, düzəlmir. Niyə? Çünki peşəkar usta yoxdur. İki gün usta yanında öyrənən biri özünə peşəkar usta deyir və nəticə göz qabağındadır. Hələ belələrinə bəziləri müəllim deyəndə dəli oluram.
Yəni peşəkarlıq hər sahədə vacibdir. Adam əlinə bir fırça alır, Van Qoqun “Ulduzlu gecə” əsərini çəkir, bir həftə sonra elan edilir: Peşəkar rəssam Filankəs Filankəsovun sərgisidir. Axı bu nə vaxt peşəkar oldu? Siz belə adamlara bu adı verməklə, nənəmin sözü olmasın, yığvalını qara gətirirsiniz. Siz belə edəndə Tariyel Əliyevin ruhu sızlamazmı? Sızlamazmı İbrahim İsfanlının ruhu?..
Tamaşa gedir, Üzeyir Hacıbəyovun “Ər və arvad” tamaşası. Baş rolun aparıcısı Azərbaycan dilini bilmir, səhnədə özünü ora-bura vurur, hələ bu azmış kimi obrazını da yarada bilmir... Beləsinə də utanmaz-utanmaz peşəkar aktyor deyirlər.
Əzizlərim, bu işlər elə-belə olmur. Dörd kitab oxumaqla, üç film izləməklə sənətkar olmaq mümkün deyil. Səhnə təcrübəsi olmalıdır, mizan anlayışı olmalıdır, təklif olunmuş vəziyyətə dair biliyi olmalıdır insanın, bir sözlə, öz işində peşəkar olmalıdır. Yoxsa səhnədə hoppanmaqla aktyor olmaq olmaz. Sirk içində nə qədər meymun, fil, at hoppanır, təkcə hoppanmaqla bu işlər alınmır. İnsanın ilk növbədə tamaşaçı qarşısında bir duruşu olmalıdır. Yoxsa artistlik etməyə nə var ki?
Yadımdadır, rejissor Zurab Sixarulidze (ruhu şad olsun) bir gün iclas edirdi, hamını yığdı və dedi:
“Niyə lovğalanırsınız? Siz hələ peşəkar deyilsiniz, öyrənməli çox şeyiniz var. Mən hələ özümə peşəkar demirəm!” Halbuki o, Türkiyədə ad qazanmış böyük rejissorlardan biri idi. O, həmişə deyərdi: “İşinizi sevərək görün, peşənizi sevdirin, səhnədə obrazı göstərin, oynamayın”. Bu gün isə səhnədə obrazdan çox oyun görürük – quru və pafoslu.
Aristotel deyir: “Hər sahədə peşəkar olmaq üçün üç şey lazımdır: bilik, təcrübə və sevgi”. Demək ki, əgər sənin öz sahən üzrə biliyin və təcrübən yoxdursa, sən ömür boyu göstərdiyin işi sevdirə bilməyəcəksən.
Ona görə də istər maşın ustası ol, istər rəngsaz, istər gəc çəkən, istər dərzi, istər asfalt vuran, istər taksi sürücüsü, istər müəllim, istər rəssam, istər aktyor, istərsə də rejissor ol, işində peşəkar olmalısan, peşəkər yox!
Bu arada qaxlılar “peşəkər” balaca çobana deyirlər.
Binəli İSLAMOĞLU