Hər bir insanın ömründə heç olmasa bir dəfə görmək arzusunda olduğu bir şəhər, bir məkan mütləq vardır. Bəziləri üçün bu yer Hollivud, digərləri üçün Roma, lakin mənim ən böyük və qəlbimin dərinliklərindən gələn arzum Harameyn, yəni iki müqəddəs şəhər – Məkkə və Mədinə idi. Şükürlər olsun ki, Rəbbimin lütfü ilə bu müqəddəs yerləri dünya gözü ilə görmək, orada olmaq və ibadətlər etmək mənə nəsib oldu.

 

Bir axşam gözlənilməz bir telefon zəngi həyatımın dönüş nöqtəsinə çevrildi. Sual sadə olsa da, məni daxili həyəcan və sevinc girdabına saldı: “Ümrə ziyarətinə getmək istəyirsinizmi?” O anda sevincdən sözlərimi tapa bilmədim. İlk anlarda bu sualı zarafat sandım, lakin işin ciddiliyini anladığımda həyəcanla və sevinc göz yaşları ilə cavab verdim: “Bu sualı verməyə ehtiyac yoxdur, mənim adımı birbaşa qeyd edəydiniz”.

 

Vaxt gəldi və biz müqəddəs ziyarətə doğru yola çıxdıq. Bu səfər Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin dəvəti və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin, xüsusən də müfti Etibar Eminovun böyük təşkilatçılığı ilə baş tutdu. Bu fürsətdən istifadə edərək, bu müqəddəs səfərimizə vəsilə olan, əməyi keçən hər kəsə – müfti Etibar bəyə, məsləhətçi Musa Hacıyevə, həmçinin mənə zəng edərək bu xoş xəbəri çatdıran müfti Bəxtiyar Tanrıverdiyevə dərin təşəkkürümü bildirirəm.

 

Mədinəyə çatdığımız an ürəyimdə fərqli duyğular yüksəlməyə başladı – sevinc, şükür, həyəcan bir-birini əvəz edirdi. Otelə çatdıqda və başımı qaldırıb Peyğəmbər məscidinə bir neçə addım məsafədə olduğumu gördükdə göz yaşlarımı saxlaya bilmədim. Qəlbimin dərinliyində əvvəllər heç hiss etmədiyim bir duyğu ilə üz-üzə idim – Allahın mənə bəxş etdiyi bu lütfü üçün sonsuz şükür edirdim.

 

Dörd gün ərzində Mədinədə, ruhumuzun mənəvi qidasını tapdığı bu şəhərdə ibadətlə dolu günlər keçirdik. Peyğəmbər məscidində qıldığımız namazlar, etdiyimiz dualar, bu müqəddəs məkanda keçirdiyimiz hər an mənim üçün yeni bir ruhani doğuluş oldu. Quba məscidini, Uhud dağını və digər müqəddəs yerləri ziyarət etdik, hər biri mənə ilahi bir dərs verdi.

 

Daha sonra ehramlarımızı geyinərək Məkkəyə doğru yola çıxdıq. Miqat sərhədində ümrə niyyəti edərkən bir başqa mənəvi mərhələyə qədəm qoyduğumu hiss etdim. Ağ ehramlara bürünərək dünya həyatını bir neçə saatlıq da olsa arxada qoyduq. Bu ehram insana ölümü, axirəti xatırladır və həyatda etdiyimiz əməllərin nə qədər önəmli olduğunu dərk etdirir. Əməllərimizi yerinə yetirmək üçün hələ vaxtımız olduğu halda onları laqeydliklə keçirsək, ölüm gəldikdə artıq heç nəyi dəyişdirə bilməyəcəyimizin fərqinə varırıq.

 

Məscidül-Həramı və Kəbəni gördüyüm an isə mənim üçün həyatımın zirvə anlarından biri idi. Allahın evində dayanıb ilk səfdə namaz qılmaq, yönümü hər zaman çevirdiyim Kəbənin qarşısında Allaha dualar etmək – bu duyğular əvəzsiz idi. Göz yaşlarım ixtiyarsız olaraq axırdı və hər bir damla mənim üçün tərtəmiz mənəvi təmizlənmə idi. Bu ziyarət mənim həyatımın ruhani zirvəsinə çevrildi.

 

Bu müqəddəs ziyarət mənim üçün mənəvi bir yüksəliş, həyatın əsl mənasını anlamağa bir yol, gerçəyə dönən bir xəyal oldu. Bu təcrübəni hər kəsin yaşamasını, hər bir müsəlmanın Məkkə və Mədinəni görməsi, bu müqəddəs yerlərin feyzindən faydalanmasını diləyirəm.

 

Hacı BƏKİROĞLU