Son illər dünyamızda baş verən hadisələr həyatın hər sahəsinə təsir etdiyi kimi, şübhə yox ki, baş verən hadisələrdən ailə də təsirlənməkdədir.
Dünyanın düzəni dəyişir – gündəlik həyatda, məişətdə, texnologiyada, siyasətdə və s. Dünya bir dəyişim içərisinə girmiş vəziyyətdədir. Düzdür, bu dəyişimin bir sıra inkişaf yönləri olsa da, danılmazdır ki, müsbət olmayan yönləri də var. Və müsbət olmayan bu yönlərdən ailə adlı müəssisə də öz nəsibini almaqdadır.
Dəyişən dünyada baş verən müsbət yönlü fəaliyyətlər insanı sevindirərkən, mənfi yönlü fəaliyyətlər bunun əksini bizlərə yaşatmaqdadır. Bu dəyişikliklərin mənfi yönündən bizlərin az təsir alması üçün də əmək sərf edilir. Görülən işlərdən bunu hiss etmək olur.
Bu məqaləmizdə həyatın bir çox hissələri arasında özünü cəmiyyətin varolmasında, cəmiyyətin qorunmasında təsdiqləmiş olan ailə adlı müəssisədən söz açacağıq. Həyatın, cəmiyətin, fərdin var olmasında, bu sadaladığımız üçlüyün birgə yekun şəkildə formalaşması üçün ailə həyatına diqqət şərtdir.
Dəyişən dünyada ailə adlı müəssisənin mənfi təsirlər almaması və qorunması üçün bir sıra addımlar atılmaqdadır. Lakin belə bir şey var ki, ailənin qorunması üçün atılan addımlar bu gün öz əksini tapmamaqdadır. Yəni ailənin hər mənada qorunması üçün atılan addımlar illər əvvəl bəlkə öz müsbət yönlü təsirini göstərsə də, son illər mənzərə ürək açan deyil.
Yuxarıda yazmış olduğumuz abzası bir az daha ətraflı açacaq olsaq, yəni ailədaxili sözlü şiddətin, məişət şiddətinin qarşısını almaq üçün dünya ölkələrində qanun dəyişikliyinə gedilir və ailədaxili hüzurun qorunması üçün yeni qanunlar qəbul edilir, var olan qanunlar daha da sərtləşdirilir. Bunların olması ailədaxili hüzurun qorunması üçün gözəldir, ancaq belə bir gerçək də var ki, bir insana bir davranışı etmə deyildiyi zaman o davranışı nəyə görə tərk etməli olduğunu anlatmadığımızda, səbəbini də özü sərbəst şəkildə anlamadığında o şəxs yenə bildiyi davranışa davam edir. Ancaq bir insanı bir davranışdan çəkindirdiyimiz zaman səbəbini izah edərək çəkindirməyə çalışsaq, yəni o davranışın nə nəticələr doğuracağını anladaraq çəkindirsək daha təsirli nəticə əldə edə bilərik.
Həmçinin insanların ailənin və cəmiyyətin hüzurunu qaçırdacaq davranışları nəyə görə sərgilədiklərinə də diqqət yetirməliyik. Bu hərəkəti meydana gətirən amili aradan qaldırmağa səy göstərməliyik və bununla yanaşı cəmiyyətin hər bir fərdini bu yöndə maarifləndirmək üçün çalışmalıyıq. Qanunların dəyişməsi, var olan qanunların sərtləşməsi tək başına yetərli olmaz, eyni ilə səbəb və məqsədin də üzərində durmalıyıq, həmçinin düzgün davranışın hüzurlu gələcəyə qapı aralayacağını da dərk etməliyik. Düzgün davranış çərçivəsini həyata keçirməyə çalışmalıyıq. Bu çərçivəyə cinsiyyət ayrı-seçkiliyi etmədən hər kəs aiddir. Münasibətlərdə anlayışın, xoşgörünün, qarşılıqlı hörmətin, özünü qarşıdakı insanın yerinə qoyaraq hadisələrə baxmağın və bir sıra saya bilmədiyimiz davranışların da bu çərçivəyə aid olduğunu bilməliyik.
Həyatın fani olduğunu dərk etdiyimiz kimi, bu fani həyatda var olma səbəbimizi də anlamalıyıq. Əgər bunu anlamasaq düzgü davranış həyata keçirməyimiz mümkün olmaz. Ona görə də etdiyimiz hər bir davranışın bir hesabı olacağını, bu hesab əbədi həyatda gedəcəyimiz ünvanı təyin edəcəyini də unutmamalıyıq.
Əbədi ünvanımızın hüzuru üçün fani dünyada hüzuru pozmamaq şərtdir. Olan və ya çıxması gözlənilən bütün hüzursuzluqlara qarşı hazırlıqlı olmalıyıq. Baş verən olumsuzluqların bizi üzməsinə icazə verməməliyik. Daim həyatın necə daha gözəl ola biləcəyi istiqamətində səy göstərməliyik ki, əbədi ünvanımız olan məkanda hüzur yol yoldaşımız olsun.
Lamiyə HACIYEVA
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri