Ötən gün dostlarla oturmuşduq, çay içə-içə söhbət edirdik. Birdən söz düşdü o məşhur “Kurtlar vadisi”ndən. Bir ara hamının uzun palto geyinən vaxtlarından danışıram. Elə bil paltonun üstündə Poladın adı yazılıb, mağazaya girən Poladın paltosundan, Poladın pencəyindən ver deyirdi. Yadımdadır, o illərdə hamı uzun palto geyinib “Cendere” musiqisi fonu altında gəzirdi. Telefonlarında da “Cendere” çalırdı. Nə isə, bunlar Poladı elə tərifləyirlər ki, güya Türkiyədə Polad, yəni Necati Şaşmazdan başqa aktyor yoxdur, hələ biri də “elə bir aktyor bir də Türkiyəyə gəlməyəcək” deyib dururdu. Bu adamı elə göylərə qaldırırdılar ki, adam doğrudan da Türkiyənin ən brend aktyorunun ancaq Necati Şaşmaz olduğuna inanırdı. Mən də orada oturub nə var, nə yox, qarnımı tutub gülmüşəm. Hələ biri də qalxıb deyir ki, “Kurtlar vadisi” serial deyil, bir əfsanədir. O seriala, Polad Ələmdara baxıb filmin təsirinə düşənlər, pencəyini çiyninə atıb gəzənlər, uşaqlarına Polad adını qoyanlar, maşınlarının nömrəsinə “Polad” yazdıranlar, kreditə girib Poladın sürdüyü “Range Rover”dən almağa çalışanlar da var idi o zamanlar. Hələ bizimkilərdən bəziləri serialdan təsirlənib iki sözünün arasına yersiz aforizmlər qatanda insanın əti tökülürdü, vallah. Bir sözlə, serialla yaşayan bəzi adamlar elə bilir real həyatda da o pafoslu, yersiz aforizmlərlə nəsə deməyə çalışsalar ciddi qəbul olunacaqlar. Amma Əhməd İmamquliyevin sözü olmasın, o döy! Bir az da özünüz olun.
Baş roldakı adama aktyor demək aktyorluq sənətinə hörmətsizlik olar. Onsuz da serialda öz səsi ilə danışmırdı, dublyajla birtəhər yola verirdilər. Siz də onu bu qədər şişirdib az qala Marlon Brando səviyyəsinə qaldırırsınız. Marlon Brandonu məşhur mafiya filmi “Xaç atası” filmindən tanıyırıq. Bizim “Kurtlar vadisi” də mafiya serialı olduğuna görə bu müqayisəni etdim.
Sonra bakılılar bu serialdan ruhlanıb “Küləklər şəhəri” adlı bir “möhtəşəm” serial çəkdilər. Serial yox, qohum-əqrəba toplaşması. Kim var idi yığdılar – xalaoğlu, mamaoğlu, bibiqızı, əmiuşağı, qonşu uşaqları, bir sözlə, aktyor olmayan nə qədər adam varsa kameranın qabağına düzdülər. Özümü zorla sıxıb 4 dəqiqəsinə baxdım bu “məşhur” serialın. Həmin serialdan çox qısa dialoqu yazıram:
Mafiya başçısı:
– Nəsə eləməliyik, ya yox?
(15 saniyə sonra mafiya üzvü cavab verir).
Rəsul:
– Eləməliyik!
Mafiya başçısı (gülərək):
– Nə eləməliyik, Rəsul?
Rəsul:
– Nəsə eləməliyik dəəə...
Mafiya başçısı:
– Məsələn?
Rəsul:
– Bariqaları “nakazat” eləməliyik.
Mafiya başçısı (gülərək):
– Nə eləmək lazımdır?
Rəsul:
– Bariqaları “nakazat” eləmək lazımdır.
Ətiniz tökülsün yaxşımı. Ömrümdən 4 il getdi, eyni sözləri dəfələrcə nə qədər təkrarlamaq olar. Heyif o kameranın linzalarına. Bir sözlə, özümdən, gözlərimdən, qulaqlarımdan, telefonumdan üzür istəyirəm.
Nə isə, mövzudan çıxmayaq, söhbət “Kurtlar vadisi”ndən gedir. Serialda bir-iki səhnə var, illər sonra real həyatda ona bənzər hadisələr baş verəndə başlayırlar: “Aha, gördünüzmü? “Kurtlar vadisi” hər şeyi əvvəlcədən bilirdi, ona görə belə çəkilmişdi!” Az qala “Simpsonlar” kimi öncədən hadisələri “görən” cizgi filmi səviyyəsinə qaldırırlar “Kurtlar vadisi”ni. Guya Türkiyədə baş verən bütün olayları illər əvvəl bu serial göstəribmiş. Yaxşı da, bəsdirin, vallah, bezdirdiniz. Günümüzdə o qədər siyasi ekspertlər var, bəzən elə analizlər edirlər, həmin il dedikləri hadisələr baş verir. Polad Ələmdarı isə bu qədər şişirtməyə heç ehtiyac yoxdur. Nə deyim, vallah. Amma bu mənim subyektiv fikrimdir, Necati Şaşmaz nə aktyordur, nə də “Kurtlar vadisi”ni bu qədər ilahiləşdirməyə ehtiyac var.
Nə isə, gedim “Dantenin yubileyi”nə baxım. Mən ölüm, Kəbirlinski, çığır-bağırla obraz yaratmaq olmaz.
Binəli İSLAMOĞLU
“BEEZ” Uşaq Teatrının bədii rəhbəri