Gürcüstan ictimaiyyətində onu tanımayan yoxdur. Zəngin həyat tarixçəsi olan, maraqlı şəxsiyyətdir Xaləddin müəllim. Onunla ilk tanışlığım yaxın keçmişə təsadüf etsə də, gördüyü işlər, ən vacibi isə, ömrü əsrə bərabər “Gürcüstan” qəzetinin baş redaktoru kimi məsuliyyətli vəzifə daşıması onun haqqında çox şey deyir.
Son dərəcə həyat həvəsli, pozitiv enerjiyə və böyük xarizmaya malik olan bu insan cəmiyyətimizin sayılan və seçilən insanlarındandır. Onunla müsahibəyə işlərinin çoxluğu və vaxt azlığı olmasına baxmayaraq zaman ayırdı.
Xaləddin Yolçuyev 25 yanvar 1951-ci ildə Qardabani rayonunun Candar kəndində zəhmətkeş bir ailədə anadan olub. İbtidai təhsilini doğma kəndində alıb. Orta məktəbi isə Qardabani rayonunun Kalinin kəndində bitirib. Ali təhsilini Azərbaycan Respublikasında alıb. 1977-ci ildə Azərbaycan İnşaat İnstitutunu bitirdikdən sonra təyinatla Rustavi şəhərinə göndərilib. Müxtəlif sahələrdə, ən əsası isə tikinti sektorunda uzun illər müxtəlif məsul vəzifələrdə çalışıb. Daha sonra fəaliyyət sferasını dəyişərək ictimai-sosial sahədə fəaliyyət göstərib.
Xaləddin müəllimlə söhbət zamanı o, sosial-ictimai istiqamətdə fəaliyyət göstərməyində əsas səbəb kimi yaşadığı cəmiyyət üçün daha faydalı olmaq istəyindən irəli gəldiyini dedi. Onun ictimai fəaliyyəti 2000-ci illərə təsadüf edir. 2000-ci il fevralın 14-də Rustavi azərbaycanlılarının ziyalı və ağsaqqallarının Rustavi şəhəri və Kvemo Kartli bölgəsinin inzibati rəhbərləri ilə birgə keçirdiyi yığıncaqda Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (RAMM) yaradıcısı olaraq həmin mərkəzin idarə heyətinin sədri seçilib. RAMM-nin fəaliyyəti dönəmində ölkəmizə, xalqımıza və onun maraqlarına uyğun çalışmış, müxtəlif önəmli layihələr həyata keçirilmişdir. 13 mart 2020-ci ildə “Gürcüstan” qəzetinin baş redaktoru seçilməsi onun üzərinə düşən məsuliyyəti daha da artırdı. “Gürcüstan” qəzetinin baş redaktoru kimi onun yaşaması və daha uzunömürlü olması üçün gördüyü işlər əsl fədakarlıq nümunəsidir. Qəzetin, onun redaksiya heyətinin qarşılaşdığı problemləri, üzləşdiyi çətinlikləri böyük uzaqgörənliklə həll edərək bu gün onun mövcud olmasına imkan yaradıb.
Qeyd etmək istəyirəm ki, onun rəhbəri olduğu qəzet əməkdaşları bir komanda halında çalışaraq, bir-birinə dəstək olurlar. Qəzetin qarşılaşdığı çətinliklər ictimaiyyətə məlumdur. “Gürcüstan” qəzetinin yaşaması üçün böyük çətinlikləri aradan qaldırıblar. Qəzetin görünüşü, yəni loqu dəyişdirilib, 1-ci və 8-ci səhfələrin müəyyən dərəcədə rəngli verilməsi qəzeti baxımlı və görünüşlü edib. Qəzetə cürbəcür rəngarəng rubrikalar əlavə olunub. “Dilimizi daha yaxşı öyrənək”, “Gürcü dilini öyrənməliyik”, “Gürcüstan mediası nədən yazır” (gürcü mətbuatının yayınladığı məqalələrin və mühüm məlumatların Azərbaycan dilinə tərcümə edilərək qəzetdə yayınlanmasını nəzərdə tutan rubrika) və s. bu kimi dəyişikliklər zamanla əlaqədar olaraq oxucuya təlabatını ödəmək və bəhrələnmək imkanı yaradır. Ona görə də qəzetin abunə sayı artmaqdadır. Bunlardan ən önəmlisi, qəzet üçün məkan probleminin həll edilməsi olub. Buna qədər qəzet müxtəlif yerlərdə müvəqqəti olaraq yerləşmək məcburiyyətində qalırdı. Bununla yanaşı, qəzetin büdcəsi ilə bağlı problem müəyyən dərəcədə aradan qaldırılıb.
Xaləddin Yolçuyev mütəmadi olaraq ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir ki, bu da qəzet abunəçilərinin sayının artmasına, eləcə də cəmiyyətdə mövcud olan problemləri yaxından görməyə imkan verir. Buna səbəb isə “Gürcüstan” qəzetinin ölkəmizdə yaşayan azərbaycanlıların ömrü bir əsrdən çox olan mətbuat orqanı olmasını vurğulayaraq onun azərbaycanlı əhalinin yeganə rəsmi qəzeti olduğunu bildirməsidir. Qəzet yarandığı gündən indiyə qədər ölkəmizdə yaşayan azərbaycanlıları ictimai-siyasi, mədəni yeniliklərlə tanış etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli düşüncəmizin formalaşması və inkişafına xidmət edib. 2023-cü il iyulun 14-də paytaxt Tbilisidə əzəmətli “Şeraton” mehmanxanasında Tbilisidən, azərbaycanlıların yaşadığı regionlardan gəlmiş qonaqlar, nazirliklərin, beynəlxalq təşkilatların rəhbərləri, hökümətin, Parlamentin nümayəndələri, Gürcüstanda akkreditə olunmuş diplomatik missiyaların, ictimayətin təmsilçiləri, rayonların rəhbər şəxsləri, media işçiləri, ziyalılar “Gürcüstan” qəzetinin təntənə ilə keçirilən yüzillik yubileyində iştirakçı olmuşlar. Xaləddin müəllim cəmiyyətə faydalı bir şəxs, örnək olan ziyalılarımızdan olmasına baxmayaraq, özünü örnək hesab etmir. Onun fikrincə, insan bütün həyatı boyu öyrənməli və təkmilləşməlidir. Bu fikirlə tamamilə razıyam və qeyd etmək istəyirəm ki, bu, ziyalıya xas xüsusiyyətdir.
Onu yaxından tanıyan insanlar Xaləddin müəllimin çox səbirli, yumşaq ürəkli, yalanla hesablaşmayan, haqq-ədalətə boyun əyən, gözəlliyi qiymətləndirən bir insan olduğunu deyirlər. Onunla söhbət zamanı “Hər şeyə sıfırdan başlamaq istəyiniz olubmu?” – deyə soruşdum. Heç vaxt bu fikirdə olmadığını bildirərək “Həyat çox gözəldir, öz axarı ilə gedir” – dedi.
Xaləddin müəllim ictimai və peşəkar fəaliyyəti ilə yanaşı, həm də böyük ailə başçısıdır. O, həyatında çoxlu sayda dönüş nöqtəsinin olduğunu, ancaq nəticəsinin dünyaya gəlməsinin onların içərisində ən önəmlisi olduğunu bildirdi. Onun iki övladı, beş nəvəsi və bir nəticəsi vardır.
Xaləddin müəllimə çox məsuliyyətli və çətin işində uğurlar arzulayıram!
Leyla YUSİFOVA