Deyilənə görə, dünyanın ən xoşbəxt uşaqları Niderlandda yaşayırlar. Təbii ki, bu qənaətə gəlmək üçün müxtəlif araşdırmalar aparılıb... Mən burada uzun-uzadı Niderland haqqında, bu araşdırmalar haqqında danışmaq istəmirəm. Niderland haqqında dəyərli şairimiz Afiq Muxtaroğlu qəzetimizdə gedən silsilə yazıları ilə yetərincə məlumat verib. Var olsun!

 

Bu yaxınlarda gürcü saytlarında holland uşaqlarının dünyanın ən xoşbəxt uşaqları olmaları üçün valideynlərinin heç vaxt etmədiyi davranışlar haqqında uşaq psixoloqunun yazısı qarşıma çıxdı. Psixoloq valideynlərin uşaqların daha tolerant, müstəqil, azad, xoşbəxt olmalarına kömək edən beş davraşını müəyyən edib ki, bu davranışları holland valideynlər heç vaxt etmirlər.

 

Məsələn, hollandlar velosipeddən istifadə etdikləri halda uşaqları heç vaxt maşınla məktəbə aparmırlar, velosipedlə aparırlar; uşağın 9-10 yaşı olanda məktəbə velosipedlə özü gedib-gəlir. Hətta pis hava şəraiti də onlara velosipeddən istifadə etməyə mane olmur, yağmurluqdan, başa geyinilən çətirdən istifadə edirlər.

 

İndi təsəvvür edin bizdə ata, ya ana uşağını velosipedə mindirib məktəbə aparır. Bizdə uşaq nəinki 9-10 yaşında, heç 14-15 yaşında da velosipedlə məktəbə getməz. Çünki bizdə velosiped sürmək ayıbdır, qəbahətdir. Qadın bir yana, kişinin velosiped sürməsinə pis baxırıq. Velosiped sürən kişilərin dalıyca “yekə kişidi velosiped sürür” deyənləri çox eşitmişik. Uşaqlarımıza da velosipedi, yenə də, qonşunun balasından seçilməsin deyə alırıq. Maraqlı məqam isə odur ki, bizdə bahalı maşını olub velosiped sürənlərə heç kəs heç nə demir, qınanılan maşını olmayıb velosiped sürənlərdir. Nə isə, keçək holland valideynlərin etmədiyi ikinci davranışa.

 

Hollandlar uşaqlarına çox nəzarət etmirlər, üstündə çox əsmirlər. Məsələn, uşağı parkda, ya oyun meydançasında sərbəst buraxırlar. Uşaq yıxılanda bizdəki kimi vay-şivən salıb, üstəlik bir-iki goppa da ilişdirmirlər. Holland uşaqları kiçik yaşlarından ətrafı sərbəst kəşf etməyi, özlərinə inanmağı, yıxılanda özləri ayağa qalxmağı öyrənirlər. Bizim uşaqlar yıxılanda qorxudan ağlayırlar ki, indicə üstündən də valideyn əzişdirəcək. Və beləliklə də bizdə yıxılana balta çalmaq uşaqlıqdan formalaşır. Bizdə uşaq böyüyüb arvad alana qədər az qala valideynləri ilə bir otaqda yatır. Bu, iki.

 

Holland valideynlərin heç vaxt etmədikləri üçüncü davranış işlə bağlıdır. Belə ki, hollandlar həftədə 40 saatdan çox işləmirlər, onların xoşbəxt olmalarının bir səbəbi də iş-həyat balansını qorumalarıdır. Psixoloqun yazdığına görə, 2021-ci ildə aparılan bir araşdırma Niderlandda iş yerlərinin demək olar ki, yarısının “part-time” iş olduğunu göstərir. Holland atalar həftədə ən azı bir gün uşaqları ilə vaxt keçirirlər – gəzintiyə çıxırlar, muzeyləri, qalereyaları, parkları ziyarət edirlər, evdə uşaqlarla müxtəlif maraqlı, əyləncəli, intellektual oyunlar oynayırlar və s.

 

Bizdə ata səhər çıxır, axşam gəlir (burada, əlbəttə, günah tək atada deyil, yaşadığı ölkənin siyasi, iqtisadi sistemindədir həm də). Ata uşağın tək mədəsini və əynini fikirləşir deyə təhsili, maraqları, gələcəyi yaddan çıxır. Özü də bilmir uşaq necə böyüdü. Bir də görür ki, oğlu, ya qızı, ərə getdi, arvad aldı, qız qaçırtdı, qaçırıldı, adam vurdu, həbs olundu və daha nələr, nələr...

 

Dördüncü. Bu davranış da üçüncü ilə əlaqədardır. Çünki uşaqlarla birgə yemək yemək üçün ata da stol arxasında oturmalıdır. Ata isə ya işdə olur, ya evə gec gəlir, ya da restoranda, kafedə dostları ilə yeyib-içir... Hollandlar heç vaxt uşaqlarsız yemək yemirlər, gündə heç olmasa bir dəfə bütün ailə birlikdə yemək yeyir. Bu, holland uşaqlarını xoşbəxt edən səbəblərdən biridir.

 

Nəhayət beşinci və məncə, ən əsas davranış: holland valideynlər uşaqlarına heç vaxt valideyn sözünün qəti və son olmasını demirlər. Uşaqların fikirlərinə hörmətlə yanaşır, qərar qəbul etdikdə uşaqlarının istəklərini də nəzərə alırlar, onlarla danışırlar, müzakirələr aparırlar. Uşaqlar kiçik yaşlarından danışıq aparmağı və qərar qəbul etməyi öyrənirlər, özlərinə inamları artır, özlərinə hörmət etməyə başlayırlar.

 

Bəs bizdə? – Bizdə uşağı adam yerinə qoyan yoxdur. Uşağın fikrini öyrənmək hara, biz hara? Uşağın geyimindən tutmuş yeməyinə kimi, məktəbindən tutmuş universitetinə kimi, ixtisasa kimi (əlbəttə, əgər valideyn bununla maraqlanırsa), kiminlə ailə qurmağından tutmuş neçə uşaq dünyaya gətirməyinə kimi ata, ana, nənə, baba, xala, əmi, dayı, bibi qərar verir. Axı qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya...

 

Nə isə, nə qədər danışsaq da, yazsaq da yenə eyni yerə gəlib çıxırıq, eyni cümlədən sonra nöqtə qoyuruq. Yuxarıda sadaladığım bu beş davranışla doğrudan da dünyanın ən xoşbəxt uşağı olmaq mümkündürsə, xoşbəxt olmaq üçün Niderlanda getməyə gərək yoxdur, istəsək elə buralarda da xoşbəxt ola bilərik demək. Dünyanın ən xoşbəxt Niderland uşaqlarının sağ əli dünyanın bütün bədbəxt uşaqlarının başına.

 

Azər MUSAOĞLU