Elm və texnika inkişaf etdikcə cəmiyyət də inkişaf edir, cəmiyyət inkişaf etdikdə insanın dünyagörüşü,  dünyaya baxış tərzi də dəyişir. Bu qədər inkişaf qarşısında böyük şeylər kiçilir, uzun zaman qısalır. Ucu-bucağı olmayan dünya o qədər kiçilir ki, ovuclarımızın içinə sığır, qısa sözlər böyük mənalar kəsb edir. Belə sözlərdən biri də məhz “media” sözüdür.

 

Media sözü cəmi beş hərfdən ibarət olmasına baxmayaraq özündə çox şeylər birləşdirir: televiziya, radio, qəzet, kitab, musiqi, rəqs, əyləncə, kədər, qalmaqal, qalibiyyət, məğlubiyyət, ünsiyyət və sairə.  Və bütün bunların, təbii ki, həyatımızda böyük rolu var. Lazım olan məlumatların əldə edilməsi, paylaşılması, dost-tanışla ünsiyyətin qurulması, hətta bu yazının paylaşılması belə medianın həyatımızdakı rolu ilə baş tutub. İnsan sosial olmağın ən cəld, ən asan yolunu mediada tapıb və beləcə sosial media həyatımızda fotosintez prosesində rolu böyük olan günəş işığı, karbon qazı, mineral maddələr kimi böyük rol oynayıb.

 

Qaldı ki, medianın mənfi və müsbət cəhətlərini təsnif etməyə, buna ehtiyac belə yoxdur. Çünki bu günə qədər icad olunmuş hər şey insanın həyatını asanlaşdırmaq və zamana qənaət etmək üçün nəzərdə tutulmuşdur. Media da bundan uzaq deyil. Ondan düzgün istifadə etməmək insanın məhz öz günahıdır. Ağıllı insan həmişə həyatda özünə fayda verən şeylərdən bəhrələnir. Mediadan da düzgün istifadə etdikdə onun ağasına çevrilir. Amma məncə mediadan düzgün istifadə etməyənlər onun köləsi olurlar. Medianın ağaları medianın kölələrindən maddi cəhətdən yox, puldan daha dəyərli olan zamanla fərqlənirlər. Əlbəttə, vaxtdan səmərəli və düzgün istifadə edənlər həyatda nəyə isə nail olacaqlar. Boşa vaxt itirənlər isə ağıllı insanların nailiyyətlərini müəyyən bir vaxt keçəndən sonra, gec də olsa, yenə sosial mediadan öyrənəcəklər.

 

Mediadan nə aldığımız qədər mediaya nə qatdığımız da önəmlidir. Əgər biz mediadan fayda görürüksə, deməli, biz də ona faydalı nələrsə qatmalıyıq ki, başqaları da faydalansın. Bu isə o mənaya gəlir ki, medianın həyatımızda oynadığı rol qədər bizim də onda oynadığımız rol böyükdür. Məşhur bir söz var, deyir: “Dünya özü bir filmdir, insanlar isə bu filmin aktyor və aktrisalarıdır”. Əgər bu cümləyə media sözü əlavə olunsa, onda təxminən belə olardı: “Media özü film kimi bir dünyadır, biz insanlar isə aktyor və aktrisalarıq”. Qaldı ki, müsbət və ya mənfi obraz canlandırmağa, o öz əlimizdədir. Necə ki, ağa və kölə olmaq.

 

Müəllif: Çiyalə Osmanova