8 fevral tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin təşkilatçılığı ilə Tbilisi şəhərində “İrfani düşüncə və müasir dünya: Ruhun yenidən oyanışı” mövzusunda konfrans keçirildi. Konfransda Şərqi Gürcüstan müftisi Etibar Eminov və Qərbi Gürcüstan müftisi Adəm Şantadze ilə birlikdə Türkiyədə fəaliyyət göstərən Əziz Mahmud Hüdayi Vəqfinin sədr muavini Abdurrahman Topbaş, vəqfin xaricdəki təhsil və mədəniyyət şöbəsinin sədri Alican Tatlı, Qafqaz bölgəsi üzrə məsul şəxs Ahmet Tecim, Sedat Demir və Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev də çıxış etdilər. Konfransla əlaqəli uzun-uzadı danışmaq istəmirəm. Bu yazını yazmaqda mənə ilham verən Ahmet Tecim bəyin konfransda çıxışı zamanı ifadə etdiyi “Bakı-Tbilisi-İstanbul irfan xətti” ifadəsi oldu.
İrfan – insanın mənəvi təkamülü, hikmət və kamilliyə aparan yoludur. Tarix boyu islam coğrafiyasının müxtəlif nöqtələrində irfan məktəbləri, sufi ocaqları və mənəvi dəyərlər bir-birinə bağlı şəkildə inkişaf edib. Bu mənada Bakı, Tbilisi və İstanbul arasında yaranan irfani əlaqələr xüsusi önəm daşıyır. Hər üç şəhər həm tarixi, həm də mədəni baxımdan bir-birinə bağlı olub, mənəviyyat yolunun fərqli məqamlarını özündə əks etdirib.
Bakı qədim dövrlərdən etibarən islam mədəniyyətinin və irfani düşüncənin önəmli mərkəzlərindən biri olub. Orta əsrlərdə burada sufi dərgahları, din alimləri və ariflər yetişib. Xüsusilə Nəsimi kimi irfan şairləri, Bəhmənyar kimi fəlsəfə biliciləri bu şəhərdə yetişərək mənəvi irsin inkişafına töhfə veriblər.
Tbilisi tarix boyunca müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin kəsişdiyi bir məkan olub. Orta əsrlərdə burada müsəlman alimlər və sufi mürşidləri fəaliyyət göstərib. Xüsusilə Osmanlı dövründə Tbilisi mənəvi maarifləndirmə prosesinin bir parçası olub. Burada islam fəlsəfəsi və təsəvvüf düşüncəsi inkişaf edərək Bakıdan və Anadolu dərgahlarından gələn biliklərə qovuşub. Ümumiyyətlə, Gürcüstanda həm gürcü, həm də burada yaşayan azərbaycanlı müsəlmanlar arasında da sufi təriqətləri yayılıb və Tbilisi mənəvi maarifləndirmə xəttində mühüm dayanacaqlardan birinə çevrilib.
İstanbul isə Osmanlı dövründə islam dünyasının ən böyük elmi və mənəvi mərkəzlərindən biri olub. Burada Yəsəvilik, Qadirilik, Nəqşibəndilik və Mövlanə yolu kimi müxtəlif irfani məktəblər geniş yayılmışdır. İstanbul həm də Azərbaycanın və Qafqazın dini və fəlsəfi təfəkkürünün bir çox nümayəndələrinin sığındığı və inkişaf etdiyi şəhər olub. Bakı və Tbilisidən gələn ariflərin töhfələri İstanbulun mənəvi mənzərəsində əks olunub.
Bakı, Tbilisi və İstanbul arasındakı irfani xətt yalnız coğrafi bağlılıq deyil, həm də mənəvi və mədəni bir körpüdür. Bu xətt boyunca müxtəlif zamanlarda alimlər, sufilər, şeyxlər, şairlər və filosoflar bir-birinə təsir ediblər. Onların irsi bu gün də yaşamaqdadır. Bu üç şəhərin irfani əlaqələri bizə göstərir ki, mənəviyyat sərhəd tanımır və hikmət yolları həmişə açıq qalır.
Bu irs bizə birliyi, tolerantlığı və mənəvi kamilliyi öyrədir. İrfan yolu nə zamansa bir şəhərdə dayanıb qalmır, əksinə, o, düşüncədən düşüncəyə, qəlbdən qəlbə axaraq yeni mənəvi üfüqlərə yol açır.
Bu günün sürətlə dəyişən və maddiyata üstünlük verən dünyasında irfan insanlara mənəvi tarazlıq və daxili sakitlik qazandırmaq üçün mühüm vasitədir. Bakı, Tbilisi və İstanbulda irfan ənənəsi hələ də şeir, musiqi, sufi məclisləri və mənəvi düşüncə vasitəsilə yaşayır. İnsanlar irfani dəyərlərdən ilham alaraq sevgi, mərhəmət və hikmət yolunu seçirlər. Müasir cəmiyyətdə irfan yalnız dini bir anlayış deyil, həm də insanlar arasında tolerantlıq, dialoq və birliyi gücləndirən mənəvi bir körpüdür.
Hacı BƏKİROĞLU