Borçalı türklərinin milli kimlik məsələsi son zamanların gündəm mövzularından biridir. Borçalı gəncliyi hər ağızdan bir söz eşidir və hansına inanacağına qərar verə bilmir. Halbuki bir zamanlar Borçalının aqibəti kimsəni maraqlandırmaz, toz basmış tarixin vərəqləri açılmazdı.

 

Tarix elmi cəmiyyəti əhatə etdiyindəndir ki, cəmiyyətin hər təbəqəsi tarix haqqında bir mülahizə irəli sürür. Hər kəsin fərqli yanaşması, fərqli konsepsiyası ola bilər, amma unutmamaq lazımdır ki, tarix mənbələrə əsaslanan elmdir. Cəmiyyətin keçmişi, kimliyi haqqında nəsə deyəndə mütləqdir ki, sözümüz bir mənbədə əsasını tapsın.

 

Sağlam bir cəmiyyətin yaranması üçün milli ideologiya və mənəvi birlik şərtdir. Bütün böyük dövlətlər və inkişaf etmiş cəmiyyətlər vahid ideologiyaya əsaslanırdı. Bu gün Borçalı cəmiyyətinin də sağalması üçün, Gürcüstanın siyasi, ictimai, ədəbi sahələrində mühüm yer tutması üçün vahid ideologiyaya sahib olması şərtdir. Bəs bu ideologiya nə ola bilər? – Şübhəsiz ki, bu, milli ideologiyadır.

 

Biz qıpçağıq, oğuzuq, qarapapağıq deyə bölünmək bizə fayda verməyəcək. Tarixən də bu bölgülər əsassızdır. Qafqaz bölgəsində hun türkləri, bun türkləri, qıpçaq türkləri yaşamışdı, amma gəlin görək borçalıların bunlarla əlaqəsi nədir?

 

Tarixi mənbələri oxumağa imkanı olmayanlar üçün çox asan bir üsul olaraq Ahıska türkləri ilə Borçalı türklərini müqayisə etməyi tövsiyyə edirəm. Borçalılar türk-oğuz qrupuna daxildir, oğuzdur. Oğuz türklərini günümüzdəki coğrafi faktorlara əsasən 3 böyük qrupa bölə bilərik: türkmənlər (Türkmənistan, Xorasan və s.), Azərbaycan türk-oğuz qolu (Azərbaycan, Borçalı, Güney Azərbaycan, Dərbənd, Qars, Iğdır) və Türkiyə türk-oğuz qrupu (Türkiyə, Mosul, Kərkük, Balkan). Acınacaqlı bir haldır ki, bizim ədiblərimiz, alimlərimiz çıxıb deyir: “Biz azərbaycanlı deyilik”. Azərbaycanı sadəcə coğrafi mühit olaraq qəbul etsək, bəli, biz Azərbaycanda yaşamırıq. Amma Azərbaycanı biz türk-oğuz qrupunun bir qolu olaraq qəbul etmişik axı. Borçalı ədəbi, leksik, mədəni sahələri ilə Azərbaycan mədəniyyətinə aiddir. Biz yer olaraq Azərbaycanlı deyilik, amma millət olaraq türk-oğuz qrupunun Azərbaycan qoluna aidik. Nə Azərbaycan, nə Türkiyə, nə Türkmənistan, nə Qazaxıstan və nə də başqa türk dövlətləri ayrı-ayrı milli kimlik daşımır. Ortaq kimliyimiz türkdür. Borçalını ayrı bir qol olaraq göstərməyə ehtiyac yoxdur və bu, əsassızdır. Günümüzdə bizə lazım olan bölünmək, “sən qıpçaqsan, mən oğuzam” deyə parçalanmaq deyil. Böyük türk millətini uçuruma aparmamlıyıq. Borçalı türkmənləri də öz tarixini, milli kimliyini, vahid ideologiyasını qoruyaraq Gürcüstanda öz mövqeyini qorumalıdır.

 

Əsrlərdir gürcü millətiylə eyni vətənin çörəyini bölüşən Borçalı türkmənləri bu gün Türkiyə-Gürcüstan-Azərbaycan arasında bir körpüdür. Əgər biz həm öz milli dəyərlərimizi qorusaq, həm Gürcüstan dövlətinin dövlət dilini, siyasət dilini, mədəniyyət dilini dərindən mənimsəsək üç dövlət arasında sarsılmaz bir körpü ola bilərik. Gənclərimiz arasında dünyəvi, iqtisadi, ticari, elmi mövzularla yanaşı milli diskussiyaları da təbliğ etməliyik. Bir türk gənci elmdə də, ticarətdə də, siyasətdə də, ailə strukturunda da güclü olmalıdır, ayağını yerə bərk basmalıdır, min il dünyaya hökm edən bir millətin varisi olduğunu bir saniyə belə unutmamalıdır.

 

 

Cəlal YADİGARLI