URBANİZASİYA
23. VENLO – NİDERLANDIN CƏNUB QAPISI
İş elə gətirdi ki, mən may ayının ortalarında ölkənin cənub-şərqinə, daha doğrusu Limburq əyalətinə səfər edəsi oldum. 8-9 gün bu əyalətin Venlo şəhərində yaşadım. Venlo digər Niderland şəhərləri ilə ümumi cizgilərə malik olsa da, bu şəhəri fərqləndirən, ona özünəməxsusluq qazandıran əlamətlərə, fərqliliklərə də sahibdir. Yeri gəldikcə mən bu ümumi və fərqli cəhətlər barədə nələrisə diqqətinizə çatdırmağa çalışacam.
Venlonun təsvirinə keçməmişdən qabaq şəhərətrafına bir nəzər salmamız, mənim birgünlük sərguzəştimlə tanış olmamız gərəkir. Bunları diqqətinizə çatdırmadan keçsəm, onlar barədə danışmasam mənim yazdıqlarımın bir qara qəpiklik qiyməti olmaz.
Niderlandın cənubuna doğru getdikcə bağlıq-bağatlıq ərazilərin sıxlaşdığını, istixanaların çoxaldığını, polietilenlə üstü örtülmüş torpaq sahələrinin artdığını əlbəhəl hiss edəcəksən. Qalın polietilen çadırla qapadılmış bu sahələrdə nə yetişdirildiyini isə mən bir neçə gündən sonra biləcəm. Və acı da olsa, yeni bir həyat dərsini təcrübə edəcəm. Səbirli olsanız bu barədə sizə qatı açılmamış kiçik bir hekayə anladacam. Şəhərətrafı kəndlərin, qəsəbələrin göz oxşamasını deyim sonra. Evlərin, binaların səliqə-sahmanını bir kənara qoyuram. Nədən ki, bu barədə az-çox danışmışam. Həyətlərin gözəlliyi isə bir tamaşadır. Ailələr elə bil bir-biriylə bəhsə girib həyətlərini gözəllik abidəsinə çevirmişlər. Elə təsəvvür yaranır ki, öz zövqlərinə uyğun yaratdıqları bu qeyri-adi abidəni ötüb-keçənlərin gözləri önünə sərmək üçün gizli yarış elan etmiş kimidirlər. Bu gözəlliyə tamaşa etmək üçün adama əlavə bir cüt göz də azlıq edər.
İndi o üstüörtülü sahələrə gedə bilərik. Həmin sahələrdə polietilen örtüklərin altında qulançar yetişdirilir. Qulançarın necə bir bitki olmasını isə yəqin çoxunuz bilirsiniz. Düzdür, biz tərəflərdə onun mədəni bir bitki kimi əkilib-becərilməsindən mən xəbərsizəm, ancaq, inanıram ki, yabanı qulançar dadanlarınız dadmayanlarınızdan daha çoxdur. Və mən cəmi bir gün həmin qulançarlıqların birində çalışmalı oldum. Qulançar təpəşəkilli çərgələrdə yetişdirilir. Qulançarın əmələ gəlməsi üçün onun əkildiyi cərgələrin üzəri ağır polietilen çadırlarla örtülür. Küləyin çadırı qaldırmaması üçün onun hər iki tərəfi bir neçə santimetr enində qatlanır, içərisinə torpaq doldurulub tikilir. İşçi əvvəlcə örtüyü kənara atmalıdır. Sonra torpaqdan başını yenicə çıxarmış qulançarın kökünü torpağın altında təxmini müəyyənləşdirərək itiuclu alətlə kəsməli və xüsusi qutuya yığmalıdır. Cərgədəki qulançarların yığımı başa çatdıqdan sonra üstü yenidən örtülməlidir. 200-300 metrlik cərgədəki qulançarlar yığıldıqdan sonra sahənin bir başına çıxarılmalı, plastik qutuya boşaldılmalıdır. Qulançarın yetişdiyi torpaq un kimi yumşaq olur. Cərgənin üzərindəki çadır qaldırılarkən və ya örtülərkən yerdən qalxan toz işçinin gözünə, ağzına, burnuna dolur. Hava acza küləkli olduqda isə tozun çoxluğundan göz-gözü görmür. İşçi bu şəraitdə belini qaldırmadan həftədə 6 gün, gündə isə 10 saat çalışmalıdır. Üstəgəl, qulançarlıqlara gedib-gəlmək üçün də 1-2 saat vaxt lazımdır. Qulançar plantasiyalarında çalışanların əksəriyyəti Şərqi Avropa ölkələrindən gələnlərdir – polyaklar, bolqarlar, macarlar və başqaları.
Bütün bunlardan sonra can rahatlığı ilə Venlonun təsvirinə keçə bilərik. Nədən ki, artıq bizə mane olacaq, əndişələndirəcək bir şey qalmayıb. Güman edirəm ki, hər şeyi yoluna qoyduq.
Venlo Maas çayının sağ sahilində yerləşir. Çayın sahilində insanların istirahət etməsi üçün gözəl bir bulvar da salınıb. Əlbəttə ki, terrasşəkili bulvarın üst qatında velospedçilər üçün xüsusi yolun salınması da yaddan çıxarılmayıb. Niderlandın bütün su mənbələrində müşahidə edilən eyni mənzərəyə burada da rast gəlinir. Su quşlarının sahilə yaxın yerlərdə toplaşması diqqətdən yayınmır. Hətta bəzi ördəklərin, qazların balaları ilə birlikdə sahilə yaxınlaşmalarını, insanların, əsasən də uşaqların onlara verdikləri yeməli nələrisə acgözlüklə çinədanlarına ötürmələrini seyr etmək insana qəribə bir rahatlıq gətirir. Çəkinmədən sahilə çıxan, yanlarını basa-basa insanlara yaxınlaşan quşlar sanki “bəs məni niyə qonaq etmədiniz” sualını verməyə adam axtarırlar.
Venlonun adına yazılı qaynaqlarda XI yüzillikdən rast gəlinir. Orta əsrlərdə Hanza İttifaqına daxil olan şəhər sonralar uzun müddət Heldern hersoqluğuna, 1839-1866-cı illərdə Lüksemburqa tabe olmuşdur. Bundan sonra Niderland ərazisinə qatılmışdır. 1939-cu ildə burada gestaponun əli ilə “Venlo hadisəsi” törədilmiş və bu insidentin tənzimlənməməsi Almaniyaya neytrallığını elan etmiş Niderlanda soxulmağa bəhanə vermişdir.
Venlo şəhərinin aid olduğu Limburq əyaləti uzun müddət qonşu dövlətlər arasında mübahisəli ərazi olmuş, bu yerlər həm də katolik-protestant qarşıdurmasının mərkəzlərindən birinə çevrilmişdir. Hətta bu mübarizənin gedişində katolik əhalinin düşmənlə eyni cəbhədə Niderlanda qarşı vuruşması da tarixin təkzibolunmaz faktlarındandır. Tarixi məsələləri bir kənara qoymaq daha doğru qərardır. Nədən ki, bunlar keçmişdə baş vermiş hadisələrdir, yəni keçilmiş mərhələdir. Artıq bu məsələ həllini tapıb və qonşular arasında mübahisə predmeti olmaqdan çıxıb, onların normal qonşuluq münasibətləri qurmasına mane olmur.
Venloda Niderland əsilli vətandaşlardan başqa alman, türk və Mərəkeş əsilli insanlar da yaşayır. Məlumat üçün deyim ki, şəhərdə müsəlman türklərə məxsus məscid də fəaliyyət göstərir. Buradakı xristian dindarların əksəriyyəti katolik məzhəblidir.
Venlo Almaniyanın Reyn-Vestfaliya əyaləti ilə qonşudur. Əgər sən Venlodan ölkənin başqa bir bölgəsinə və ya əksinə səfər edirsənsə, istər-istəməz Almaniya ərazisinə qədəm basmalı, bir neçə kilometr yol qət etdikdən sonra yenidən Niderland ərazisinə daxil olmalısan. O üzdən də, mən Velnonu Niderlandın cənub qapısı adlandırmaq qərarına gələrək, bunu bu bölüm üçün başlığa çıxardım. Əslində coğrafi baxımdan da belədir. Bu, mənim kəşfim-filanım da deyil.
Venloda olduğum müddətdə bir neçə dəfə şəhər mərkəzini gəzib dolaşmaq imkanım oldu. Qaldığım hoteldən mərkəzə qədər Kaldenkerkerveg küçəsilə bir neçə kilometr məsafə qət etməli olurdum. Havaların günəşli olması isə bu gəzintiləri daha da yaddaqalan edirdi. Məni şəhərin mərkəzinə aparan bu küçənin zibil içində olması diqqətimdən yayınmadı. Əcaba, hollandlardan çıxmayan iş, bu nədir? Sualın cavabı da sanki ovcumun içində hazır imiş. Şəhərə Şərqi Avropa ölkələrindən – Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Ukrayna, Rusiya, hətta Gürcüstandan çox sayda mövsümi işçilər gəlib, müvəqqəti də olsa burada məskunlaşır, şəhərətrafı təsərrüfatlarda çalışırlar. Onların əsas gedib-gəldikləri yol isə Kaldenkerkerveg küçəsidir. Çəkdiyi siqaretin kötüyünü, yediyi dondurmanın kağızını və s. hara gəldi atanlar isə, nə yazıq ki, bu mövsümü işçilərdir. Sonradan şəhərin mərkəzində və digər məhəllələrində gördüyüm təmizlik qənaətimin doğru olduğuna məni bir daha inandırdı. Küçənin nəzəri cəlb edən digər özəlliyi isə bir-birinin yaxınlığında yerləşən “Budda” Çin və “İzumi” yapon restoranıdır. “Budda” restoranının yerləşdiyi binanın baş tərəfində isə Buddanın gülümsər heykəli və ona məxsus tapınağın maketi quraşdırılıb.
Bəri başdan qeyd edim ki, koronavirus səbəbindən şəhərdə bir çox mədəni-kütləvi tədbirlərə ara verilmiş, muzeylər fəaliyyətini dayandırmışdı. Restoran və kafelərin çoxu qapalı idi. Pandemiyanın əlamətləri hər addımda hiss edilir, hər yerdə bu virusun varlığını xatırladan bildirişlərə rast gəlinirdi.
Venlo önəmli ticarət mərkəzidir. Əlverişli coğrafi mövqedə yerləşməsi qonşu Almaniya və Belçikadan buraya turizm və kommersiya məqsədilə çoxsaylı qonaqların gəlməsini təmin edir.
Venlo Van Bommel van Dam müasir incəsənət muzeyinə, Limburq tarix və mədəniyyət muzeyinə və bir sıra teatr və konsert salonlarına ev sahibliyi edir.
Venlonun “VVV Venlo” futbol klubu da var. Şəhərin mərkəzinə gəzintiyə çıxarkən, yolum bu komandanın məşq bazasının yaxınlığından keçirdi. Ayrı-ayrı vaxtlarda Niderland futbol çempionatının yüksək və birinci divizionunda çıxış edən komanda ev oyunlarını 7500 tamaşaçı tutan “De Koel” stadionunda keçirir.
Venlo çox da böyük bir şəhər deyil. Əhalisi yüz mindən bir qədər artıqdır. Tipik Niderland şəhəridir. Başqa şəhərlərdə olduğu kimi, əksər alış-veriş yerləri şəhərin mərkəzində yerləşir. Məşhur markalarla yanaşı bu məkanda türklərə məxsus marketlərə, bərbərxanalara, yeməkxanalara da rast gəlmək olur. Nolensplein meydanı orta əsrlərin bazar yerlərini xatırladır. Burada holland pendiri almaq imkanınız var. Sevdiklərinizi sevindirmək üçün bir buket və ya bir dibçəkdə gül-çiçək də ala bilərsiniz. Acmısınızsa özünüzü yaxınlıqdakı restoranlardan, kafelərdən birinə salmaq imkanınız olsa da, həmin məkanlarda otura bilməyəcəyinizi unutmayın. Nədən ki, koronavirus təhlükəsi hələ uzaqlaşmayıb. Aldığınız yeməyi bir səmtə çəkilib yeməli olacaqsınız. Məsələn, holland siyasətçisi və katolik rahibi Vilhelm Hubert Nolenin adını daşıyan parkda, elə onun şərəfinə ucaldılmış abidənin ətrafında bir yer tapıb yeyəcəksiniz. Hava xoş olarsa və ya kefinizdən keçərsə, parkdakı yaşıl otların üstündə də otura bilərsiniz. Buna görə sizə “gözünüz üstə qaşınız var” deyən olmayacaq.
Yeyib doyduqdan sonra küçələrdə dolaşa bilərsiniz. Alış-veriş yerlərinə baş çəkmək və ya elə küçələrdə məqsədsiz-filansız gəzmək də sizi qeyri-adi nələrləsə üzləşdirəcək. Siz küçə musiqiçilərinin ifalarını canlı dinləmək şansından yararlana biləcəksiniz. 14-15 yaşlarında bir gəncin böyüklü-kiçikli plastik vedrələrdə ifa etdiyi zərb musiqisi sizin xoşunuza gələcək. Başqa bir yerdə qaraçı musiqiçilərin ifasında lirik musiqi parçasına qulaq asmaq üçün ayağınızı mütləq saxlayacaqsınız. Mən Amersfortda, Belçikanın Antiverpen şəhərində də bu cür küçə musiqiçilərinə, müğənnilərinə rast gəlmişdim. Küçə musiqiçilərinin Avropa şəhərlərinin ayrılmaz bir parçası olduğunu da rastlaşdığım bu epizodlardan sonra ağlımın bir tərəfinə yazmışdım.
Venlo tunc heykəl və heykəlcikləri ilə, əski tikililəri ilə qonaqlarını ağırlayan, onlara xoş anlar bəxş edən və onları özündən razı salan baxımlı bir şəhərdir.
Venlo barədə qeydlərimi burada tanış olduğum insanlarla bağlı xoş sözlərlə bitirmək istəyirəm. Bu bölümün başlanğıcından qısa da olsa onlarla ilgili xoş bir söz söyləmək fikrinin məni tərk etmədiyini də deməsəm olmaz. Venlo mənə feysbukda paylaşdığı şeirləri elə şəbəkənin də tərcüməsində oxuduğum Jack van der Helm kimi gözəl bir insanla, insanlıqları ilə məni mütəəssir edən bir qrup macar gənclə, əliaçıqlıqlarını və yardımsevərliklərini heç zaman unuda bilməyəcəyim ukraynalı uşaqlarla tanış olmaq imkanı yaratdı. Aramızdakı dil baryerinə baxmayaraq, bizim bir-birimizi anlamamızın nə qədər asan olduğunu anlatmam belə mümkün deyil. Düzdür, Jackla texnoloji tərcüməçi vasitəsilə də ünsiyyət qura bilirdim. Ukraynalılarla rusca anlaşmaq mümkün idi. Macarlarla sadəcə təbəssümlərimiz danışırdı. Mənim alayarımçıq hollandcamı onlar, macarcanı isə mən anlamırdım. Bu insanlarla tanışlıq “hələ insanlıq ayaqdadır, ölməyib” qənaətimi daha da möhkəmləndirdi. Məni tanımadığım insanlarla doğmalaşdırdığına görə Venlo bütün təşəkkürlərə layiqdir.
Afiq MUXTAROĞLU
Niderland