2023-2024-cü tədris ilinin göstəricilərinə əsasən, 3223 şagird təhsilini dayandırıb, 8041 şagirdin isə statusu dayandırılıb.
Milli Statistika Xidmətinin yaydığı məlumata görə, statusun və təhsilin dayandırılması ilə bağlı göstərici qızlara nisbətən oğlanlarda daha yüksəkdir. Ötən tədris ilində 3585 qız, 4456 oğlanın şagird statusu dayandırılıb; 1117 qız, 2016 oğlan isə təhsilini dayandırıb.
Ümumtəhsil haqqında qanunla müəyyən edilmiş statusun dayandırılma səbəbini qeyd edirik:
1. Məktəb ibtidai, baza və orta pillədə təhsil alan şagirdin statusunu dayandırmağa məcburdur:
a) Şagird 90 tədris günü ərzində məktəbə gəlmir və qiymət almırsa;
b) Şagird xaricə gedir və şagirdin valideyni/qanuni nümayəndəsi məktəbə yazılı müraciət edirsə;
c) 12 illik təhsildən sonra şagird milli tədris planı ilə tətbiq edilmiş səviyyəni aşa bilmirsə;
ç) Azyaşlı şagirdin valideyni/qanuni nümayəndəsi və ya yetkinlik yaşına çatmış şagird statusun dayandırılması ilə bağlı məktəbə ərizə ilə müraciət edərsə.
2. Bu maddənin birinci bəndi ilə nəzərdə tutulmuş hər hansı əsasla şagirdin statusunun dayandırılması halında, məktəb direktoru şagirdin statusunun dayandırılması ilə əlaqədar fərdi-inzibati hüquqi akt verməlidir.
3. Məktəb şagirdin statusunun dayandırılması barədə qərarı 2 iş günü ərzində şagirdin valideyninə/qanuni nümayəndəsinə bildirməlidir. Həmin maddənin 2-ci bəndi ilə nəzərdə tutulmuş protokol və şagirdin statusunun dayandırılması barədə ümumtəhsil müəssisəsinin idarəsi üzrə məlumat sistemində məlumat yerləşdirməlidir.
4. Şagirdin statusunun dayandırılması zamanı yazılı müraciət əsasında şagirdin şəxsi işində olan doğum şəhadətnaməsinin orijinalı şagirdin valideyninə/qanuni nümayəndəsinə verilir. Şəxsi işdə isə şagirdin doğum şəhadətnaməsinin notariusla təsdiq edilmiş surəti qalır.
Mənbə: etaloni.ge