ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

 

Bunun əvəzinə çar İraklinin düşmənləri kirimişcə arxadan danışırdılar: Çar İrakli ilə başqa söhbət olmayıb. Məsləhət-tövsiyə əvəzinə sicilləmələrdən danışırdılar, çar İrakli isə sanki yatmışdı. Onda, iyirmi dörd saat  ərzində üç saat yatırdı, başqa vaxt hər zaman işləyirdi. Eyni zamanda gizli düşmənləri var idi və nələr uydurmurdular... Daha nə deməliyik o anlaşılmazlıqlar barədə və o satqın İskariotlar barədə? (Yəhuda İskariot – İncil personajı. Xristian ənənəsinə uyğun olaraq İsa peyğəmbərin 12 şagirdindən (həvarisindən) biri – Tərcüməçi).

 

Çar İraklinin bu fikrindən sonra əyanlar soruşdular: “Bu qədər ki, qoşun buyurur, haradan toplayacaq?”

 

Çar dedi: “Mənə yenə də məlumat veriblər ki, iyirmi beş min ləzgi qoşunu bizi xilas etmək üçün hazırdır və sən təkrar adam göndərsən, dərhal gələcəklər (Car-Balakən və Dağıstanın irəlidə olan adamları əvvəllər çar  İraklinin hüzuruna böyük vədlə gəliblərmiş: İndi isə qulluğunuzdayıq, ağıla gəldik. Onunmu vaxtı idi, Gürcüstanı dağıtdılar. Hər halda, təbii ki, yaxşı idi. Bu son dövr üçün, ancaq bunu da düşmənlər bir daha etmədilər). Kaxeti və Kizixidən on altı min döyüşçü gələcək. İmeretidən on min, Kartlidən on min, Araqvidən və Çərkəzdən (Çerkeziyadan – Tərçüməçi) on min, bu səbəbdən oğlum Almasxana əmr etdim ki, Çərkəzə getsin (Xaç suyuna çəkilmə adı Vaxtanq) və mənim naməm çatan kimi dərhal onların (Kabardino) ordusu ilə gəlsin; dolaşıb Araqvi ordusunu da özü ilə gətirsin. Qazax-Borçalıdan, Şəmşəddildən də on min döyüşçü gələcək. Onlar yaxşı ordu və yaxşı igidlər olacaqlar (O zaman Gürcüstanın camaatı tamamilə gözəl və mübariz idi, çünki daim müharibədə idilər və buna görə də hamısının yaxşı silahı var idi. Tatar mouraviliyi kəndləri yaxşı atlı döyüşçülərlə və başqa piyadalarla çıxış edirdilər. Kizix və Saqareco tərəfdən bütöv süvari qoşun çıxırdı. Gürcüstanın bu atlı camaatının  hamısının  qəşəng atları var idi). Bundan əlavə, Rusiya hökmdarından iki minlik rus süvarisi və altı topunu istəyirəm. Mənə bundan artıq rus süvariləri lazım deyil, bunu da ona görə istəyirəm ki, bizim qoşunlar onları görəndə özlərini daha çox göstərsinlər, yoxsa  mən onları döyüşə qoşmayacam. Nə bilim, necə iki min süvari və altı top göndərməsin? – Rusiyaya sadiqlik üçün bütün Osmanlını və Qızılbaşı özümə ayıq düşmən etdim: Rusiya ilə necə dostluq edə bilərsiniz? Rusiya ilə niyə dostlaşdım? Və Rusiya hökmdarı bu azacıq yardımı etmir? – Bu Qafqaz dağlarının o tərəfində onun qüdrətli orduları bizim qonşuluğumuzda durduğu bir halda, azacıq yardımla Rusiyadan heç nə əksilməyəcək, belə ki, bizim üçün böyük bir müavinət olacaq. Bu yaxın vaxtlarda hökmdarla vasitəçilik etmək üçün general Qudoviçin yanına iki tavadı göndərdim (Qudoviç bu zaman Qafqaz liniyasında (xəttində, müəllif belə işlədir) öz qoşunları ilə dururdu – Tərcüməçi). İki min süvari ilə, altı topla yardım etsin və şəksiz, yardım da edəcək. Ona görə də Rusiya hökmdarından kim gəlirsə, mənə böyük əminliklə Rusiya hökmdarının əvəzinə söz verirlər: “Məndən çox yaxşı şeylər gözləyin”. Ona görə də indi mən bunların hazırlığı üçün əmr vermişəm ki, dörd tərəfdən un, iribuynuzlu mal-qara bu şəhərdə ordunun ruzisi üçün, onların qidası üçün gələcək. Mən bu ordunu bir ay saxlayacağam və artıq daha lazım olmayacaq. Bildiyimə görə, xəbər gəlir, Ağa Məhəmməd şah Qacar gələn il qoşunu ilə gələcək və avqustun sonunda, ya da sentyabrın əvvəlində bura girəcək. Bu səbəbdən elə etməliyik ki, bizim qoşunlar avqustun 20-də bura daxil olsunlar. Bu şəhərdən kənarda olanlar burada düşərgə salsınlar, mən hansısa qoşunu harasa göndərənə kimi. Ümid edirəm ki, Ağa Məhəmməd şah Qacarın başına elə iş açacağıq ki, onun zəngin ordusu əlimizə keçsin. Onların vasitəsi ilə də bizim qoşun əldə olunan qənimətlə bol-bol təmin olunsun. Belə ki, bizim qoşunun heç bir əsgəri qənimətsiz qalmasın.

 

Çar İraklidən bu planı eşidənlər hamısı böyük məmnuniyyətlə oradan çıxdılar, amma heç bilmirdilər ki, nə qədər torpağa soxulmuş ilan çar İraklini və Gürcüstanı zəhərləmək üçün sürünürdü, belə zəhərlə də Gürcüstan  xilas ola bilməzdi. Hər vəchlə saraya da sürünərək soxulurdular. Özləri orada da məsləhətdə otururdular. Zaman yetişdi, indi İrandan ona xəbər gəldi: “İndi şəksiz, gəlmək niyyətindədir, amma o, sənin yanına səfir göndərir”.

 

Ağa Məhəmməd şah Qacarın səfiri də gəldi və gəlişinin səbəbi yenə belə oldu: “Rusiyaya sədaqətliliyindən əl çək”. Gürcülər Rusiya ilə eyni dinə qulluq etdiyindən bu cavabla səfiri yola saldı: “Nəinki Ağa Məhəmməd şah Qacar öz qoşunu ilə, bütün Asiyanın qoşunları belə bizim üzərimizə gəlsə, hətta onda da Rusiyaya  sadiqlikdən əl çəkməyə yenə vadar edə bilməzlər”. Eyni zamanda hər tərəfdən qoşunların böyük ümidverici xəbərləri gəldi, lakin heç bir yerdən görünmədi, hər yerdə cansız əcinnələr dayanmışdı.

 

Kizixidə yığılan doqquz mindən çox qoşunu Siqnaxinin sonunda dağıtdılar. Pşav-Xevsureti, Tuşeti və Kaxeti qoşununu heç də yığa bilmədilər (Çar İrakli öz minbaşı tavad Abel Andronikaşvilini axırıncı dəfə Siqnaxiyə göndərəndə: Kaxeti, Kizixi və ləzgilərin qoşununu təcili mənim yanıma göndərin. Mən o qocalmış Andronikaşvilidən eşitdim ki, məni də bir daha buraxmadılar və nə ki yığılmış qoşun var idi, onu da dağıtdılar. Heç bir vəchlə başqaları da yığa bilməzdi.

 

Bu sözdən sonra soruşdum: – “Çar İraklidən şahzadə Giorgiyə namə var idi, yoxsa yox?”

 

– “Necə yoxum idi, fəqət, şahzadə Georgi imkansız idi, görə bilmədim və mouravi Revaz (onda bu Andronikaşvili daha mouravi deyildi, onu adi olaraq belə çağırırdılar, bu, gürcülərin adəti idi) özünü doğrultdu: “Mən müraciət edərəm, imkansızdır” (Onun bacısı, şahzadə Georginin həyat yoldaşı həmin vaxtlar dünyasını dəyişmişdi).

 

– “Məgər o namənin  cavabı ilə bağlı sizə məlumat vermədilər?”

 

– “Heç nə başa düşmədim. Nəhayət, mouravi Revaz mənə dedi: “Şahzadə Giorgi sənə buyurdu ki, evinə get, orada qal, heç yerə getmə”. Və mən getdim. Ondan sonra eşitdim: “Mouravi Revaz özünün bir neçə adamı ilə qoşuna, çar İraklinin yanına getdi”. Axır vaxtlarda onun əhvalatlarını, şeytanlığını sizə söyləyəcəyəm). İlkin olaraq İmeretidən çar Solomonun özü gəldi (Çar İraklinin qızı Helenin oğlu) və özü ilə üç min döyüşçü gətirdi, lakin qalan yeddi min nəfər isə daha gəlmədi, orada da çar İraklinin düşmənləri var idi. On min Kartli qoşununun toplanmasına da mane oldular. Çərkəz tərəfdən əmr verəndə, heç nə etmədilər. On minlik Qazax-Borçalı və Şəmşəddil qoşununu da artıq yığa bilmədilər. Qafqaz liniyasının generalı Qudoviçdən də ümid kəsildi.

 

Bu qəribə fikri (planı) eşidən və şübhəsiz ki, onun həyata keçəcəyinə ümid edən çar İrakli dörd min öz döyüşçüsü ilə, üç min İmereti qoşunu ilə və onların arasında kiçik çar Solomon ilə birlikdə qaldı.

(davamı)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU